Baş xəbər, Elm-təhsil
12.01.2018 / 14:50

"Türk dünyası coğrafiyası” kitabı layihəsinin ilkin müzakirəsi keçirilib- AMEA-nın Coğrafiya İnstitutunda

"Türk dünyası coğrafiyası” kitabı layihəsinin ilkin müzakirəsi keçirilib-Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının yazılması nəzərdə tutulan “Türk dünyasının coğrafiyası” kitabına həsr olunmuş növbədənkənar iclası keçirilib.

Bu barədə İnform.az-a İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov çıxış edərək, Türkiyə - Azərbaycan coğrafiya günlərində akademik Ramiz Məmmədovun Türk dünyası coğrafiyasının hazırlanması təşəbbüsü türk coğrafiyaçı alimlər tərəfindən böyük razılıqla qarşılandığını, AMEA prezidenti, akademik Akif Əlizadənin bu fikri alqışladığınə və dəstəklədiyini, Coğrafiya İnstitutu Elmi şurasının 1 noyabr 2017-ci il tarixində keçirilmiş iclasında kitabın yazılmasına qərar verildiyini vurğulayıb.

Direktor müavini kitabın strukturunun ilkin variantı ilə seminar iştirakçılarını tanış edərək qeyd edib ki, əsərin 3 cilddən, 8 fəsildən, 13 bölmədən ibarət olması nəzərdə tutulur. “Türk dünyasının fiziki coğrafiyası” adlanan I cild türk dünyasının coğrafi mövqeyi, tarixi-coğrafi mahiyyəti və təbii şəraitini əhatə edir. Burada söhbət türk xalqlarının ümumi dəyərləri, ərazinin relyefi, geomorfoloji şəraiti və geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, coğrafi qurşaqları və təbii zonaları, təbiəti mühafizə və qorunan ərazilərindən gedir.

“Türk dünyasının iqtisadi, sosial və siyasi coğrafiyası” adlanan II cildi türk dünyasının qlobal geosiyasi məkanda yeri, demoqrafiya, təbii artım, miqrasiya, şəhər və kənd məskunlaşması, turizm, sənaye və kənd təsərrüfatı, nəqliyyat və xarici iqtisadi əlaqələr, türk dünyası ölkələrinin iqtisadiyyatında Xəzər dənizinin əhəmiyyəti və s. sahələri əhatə edir.

“Türk dünyasının regional coğrafiyası” - üçüncü cildi Müstəqil türk dövlətləri, Türk dövlət qurumları və Dövlət qurumu olmayan türk xalqları fəsillərinə ayrılır.

Kitabın müzakirəsi zamanı hər bir fəsil, onun hər bir bəndi ayrı-ayrılıqda fikir süzgəcindən keçirilib. Fikir ayrılıqları, elmi mübahisələrlə müşayiət olunan müzakirə alimlərə düzgün, yekdil nəticəyə gəlməyə zəmin yaradıb. İclas iştirakçıları bütün türk dünyası üçün bu dəyərli, vaxtı çatmış əsərin hazırlanmasına böyük ciddilik və məsuliyyətlə yanaşaraq kitabın hər bir türk dövləti və qurumu üçün məqbul sayılması və razılıqla qəbul edilməsinin vacibliyini qeyd ediblər.

Akademik Ramiz Məmmədovun təklifi ilə hazırlıq işləri ilə əlaqədar seminar iştirakçılarının yenidən toplanması tövsiyə olunub.

"Türk dünyası coğrafiyası” kitabı layihəsinin ilkin müzakirəsi keçirilib-


"Türk dünyası coğrafiyası” kitabı layihəsinin ilkin müzakirəsi keçirilib-


İnform.az

Baxış sayı: 55