Din
11.01.2018 / 17:53

Ötən il 22 dini icma ləgv edilib- Azərbaycanda

Ötən il 22 dini icma ləgv edilib-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən il ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, vəhdət, həmrəylik prinsiplərinin təbliği, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyətini davam etdirib.

İnform.az azvision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov qurumun 2017-ci ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür. Ə.Zülfüqarov hesabat dövründə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunduğunu, 10 İslam Kollecinin Dövlət Komitəsində qeydiyyata alındığını, hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.

2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini deyən şöbə müdiri onların ümumi sayının 793-ə çatdığını qeyd edib. Bildirib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.

O, dövlət qeydiyyatına alınmış 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edildiyini, 19 dini qurumun ləğv edilməsi barədə məlumatın Dini qurumların dövlət reyestrinə daxil edildiyini, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığını vurğulayıb.

İnform.az

Baxış sayı: 59