İqtisadiyyat
11.01.2018 / 17:38

Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verildi- SOCAR

Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verildi-Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2011-ci ildən fəaliyyət göstərən Elm Fondu 2017-ci il üzrə müsabiqənin qaliblərini elan edib.

İnform.az "Report"-a istinadən xəbər verir ki, təqdim olunan 98 layihədən 35-i AMEA-nın və SOCAR-ın alim və mütəxəssislərindən təşkil edilmiş Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibi seçilib. Cari ildə keçirilən müsabiqədə sənayedə internet texnologiyalarının tətbiqi ilə bağlı problemlərin araşdırılması, yeraltı qaz anbarlarının istismarı prosesləri və onların ətraf mühitə təsiri, dəniz platformalarında seysmik risklərin qiymətləndirilməsi, metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii qazın karbon qazı ilə (CO2) əvəzlənməsi, kəşfiyyat, hasilat və digər sahələrdə səmərəliliyin artırılması və mümkün fəsadların qarşısının alınması istiqamətində aparılan araşdırmalara üstünlük verilib.

AMEA-nın prezidenti, Elm Fondunun İdarə Heyəti sədrinin müavini, akademik Akif Əlizadə bildirib ki, SOCAR-ın Elm Fondunun keçirdiyi müsabiqədə mövzular sənaye və cəmiyyət üçün praktiki faydasına görə innovativ, mütərəqqi və qabaqcıl ideya tutumuna əsasən seçilib: “SOCAR tərəfindən elmin inkişafına qoyulan sərmayə, ölkəmizin gələcəyinə yatırılan ən mühüm investisiyalardan biridir”.

2017-ci il üzrə müsabiqə şərtlərinə tam cavab verən 35 layihənin 29-u fundamental və tətbiqi xarakterli ən yaxşı elmi-tədqiqat layihəsi, 3-ü xüsusi layihə, 3-ü isə gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat” layihəsidir.

Elm Fondunun sədri, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında neft və qaz sənayesinə dair elmi tədqiqatları stimullaşdırmaq üçün SOCAR-la AMEA-nın birgə təsis etdiyi Elm Fondu hər il müsabiqələr keçirir, sənayenin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmasına şərait yaradılır: “Bununla Azərbaycanın dayanıqlı inkişafının təməli olan elmi tədqiqatların aparılmasına öz töhfəmizi veririk. SOCAR gələcəkdə də biznes əməliyyatlarından əldə etdiyi vəsaitlərin müəyyən hissəsini ölkəmizin dayanıqlı inkişafına yönəlmiş bu kimi layihələrə yatırmağa davam edəcək, milli sərvətimizin dəyərini artıraraq, gələcək rifah və dayanıqlı inkişafımıza öz töhfəsini verməyə davam edəcək”.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə ölkənin təbii sərvətlərinin öyrənilməsi istiqamətində səmərəliliyin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədilə SOCAR və AMEA arasında 26 may 2011-ci il tarixində anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, SOCAR-ın Elm Fondu təsis edilib. Fondun 2012-ci ildən etibarən sahə üzrə keçirdiyi 4 müsabiqəyə ümumilikdə 307 layihə təqdim edilib və bunlardan 129-u seçilərək, SOCAR-ın ayırdığı qrant vəsaiti hesabına tam maliyyələşdirilib.

İnform.az

Baxış sayı: 29