Ədəbiyyat
10.01.2018 / 11:00

Arayış

Arayış
Şəddat Cəfərov


"Ötən illərin əhvalatları" silsiləsindən


İşdən gec gəlmişdim. Uşaqlar "Gecəniz xeyrə qalsın, balalar" verlişinə baxıb yatmışdılar.
Dostum Əhmədgilə zəng etdim. Həyat yoldaşı Firəngiz xanım cavab verdi:
-Alo, kim lazımdır?
-Əhməd evdədir?
-Xeyr, Əhməd evdə yoxdur.Hələ işdən qayıtmayıb.
-Necə?-deyə mən təəccüblə soruşdum-indiyədək işdən gəlməyib?
Haçandan-haçana:
-Yaxşı, o işdən gec gələndə arayış gətirirmi?-deyə soruşdum.
-Yox!-deyə Firəngiz xanım özünəməxsus nəzakətlə cavab verdi.
-Yox, bacım, bu olmadı ki...Mən evə lap bir saat gec gələndə də yenə işdən arayış gətirirəm.
-Lap möhürlü?-Firəngiz xanım təəccüblə soruşdu.
-Bəli, möhürü də üstündə.Yaxşı sağ olun, bacım. Əhməd evə gələndə mənə zəng eləsin,-deyib telefonun dəstəyini yerinə qoydum.
Bu söhbətdən sonra arvadım məni danladı ki, niyə belə etdin ki, axı Firəngiz xanım zarafat götürmür.
Səhər tezdən həmişəki kimi işə tez getdim. Stolun üstünü yır-yığış etmək istəyirdim ki, telefon zəng çaldı. Zəng edən həyat yoldaşım idi. Salam verəndən sonra dedi ki, indicə Əhməd müəllim evə zəng eləmişdi.Məndən soruşdu:
-Elmira bacı, Sabir evə gec gələndə arayış gətirir ya yox?
Mən də ona cavab verdim:
-Əhməd qardaş, nə arayış, görünür, sən zarafat edirsən.
Əhməd müəllim and-aman etdi ki, o çox ciddidir və həqiqi sözüdür. Yoldaşım narahat halda əlavə etdi:
-Axı mən sənə demişdim ki, Firəngiz xanım zarafat götürmür. Bir az keçməmiş telefon zəng çaldı. Dəstəyi qaldırdım, Əhməd idi.
Salam-kəlamsız mətləbə keçdi:
-Məgər sən evə gec gələndə arayış aparırsan?
-Bəs necə!
-Yaxşı, onu sənə kim verir?
-Kim verəcək əlbəttə ki, kadrlar şöbəsi.
Əhməddən səs gəlmədi. Odur ki, təzədən "hücum"a keçdim:
-Ayıb deyil səninçün, evə gec getməyin bəs deyil, hələ evə arayış da aparmırsan!..
-Əşi, ayıb mənimçün olsun?! Ay səni!..-deyib uğundu.Bir xeyli güləndən sonra:
-Sabir,sənin canınçün arvad gecə pişiyimi ağaca dırmaşdırıb, məni bu gecə yatmağa qoymayıb. Elə hey deyir ki, "hanı sənin arayışın?"
Deyirəm ki, ay arvad, Sabir zarafat edib. Tanımırsan onu, it oynadadnın biridir.İndi on u başa sal görüm necə salırsan.
Yəqin etdim ki, dostumun arvadı zarafat başa düşmür.

İnform.az

Baxış sayı: 433