Araşdırma
03.06.2017 / 23:22

Tarixə səyahət: Mircəfər Bağırov- Araşdırma

Tarixə səyahət: Mircəfər Bağırov-
Vüqar Şahbazov/tarixçi-araşdırmaçı

Əvvəli burada:http://inform.az/index.php?newsid=25727

Qeyd etdiyimiz kimi Mircəfər Bağırovun siyasi fəaliyyətini Lavrenti Pavloviç Beriyasız təsəvvür etmək olmaz. Çünki, Beriya və Bağırov ADR dövründə milli qüvvələrlə və “Müsavat”la əməkdaşlıq edib.
Beriya ADR hökumətinin əks-kəşfiyyatında işləyirdi. Məhz bu səbəbdən 1933-cü ildə Mircəfər Bağırov Azərbaycanda siyasi hakimiyyətə gələn kimi Beriya işçisi Mirkulovu təcili Bakıya göndərir və Bağırovun əli ilə musavat hakimiyyəti zamanı onlara aid olan arxiv sənədlərini oradan götüzdürür. Beriya və Bağırovun ADR hökuməti və Müsavatla əməkdaşlığı ilə bağlı olan bütün sənədlər gizlədilir. Sonralar Bağırovun istintaqı zamanı istintaqı aparan Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Rudenko Bağırova bu haqda sual verir: “Sizi Lavrenti Pavloviç Beriya ilə nə birləşdirib? Niyə Beriya Sizdən qorxurdu? Cavabında Bağırov deyir ki, mən Beriyanı həbsdən azad etmişəm (bolşeviklər siyasi hakimiyyətə gəldikdən sonra Beriya ADR hökuməti və Müsavatla əlaqələrinə görə həbs olunur. Lakin, Beriya bu faktı təkzib edərək bildirir ki, məni Menşeviklər Gürcüstandan Azərbaycana deportasiya etdilər və mən həbs olundum. Əqidə yoldaşı olan Beriyanı həbsdən məhz Mircəfər Bağırov azad etmişdir), bir müddət sonra onunla bərabər işləmişəm və Beriyanın taleyi ilə bağlı sənədlər məndə olub”.

Lavrenti Pavloviç Beriya ilə Mircəfər Bağırovun əməkdaşlığında Əhməd Triniçdə böyük rol oynayıb. Əhməd Trinç türk kəşfiyyatının Bakı rezidenti kimi fəaliyyət göstərirdi.
Milliyyətcə alban idi.
I Dünya Müharibəsində alman ordusu tərəfindən ruslara qarşı döyüşmüş, müharibə vaxtı ruslara əsir düşərək Nargin (Pirallahı) adasına gətirilir. Bolşeviklərin güclü siyasi təbliğatını görərək əsirlər arasında bolşeviklərin xeyrinə təbliğat işləri aparır. Əhməd Trinç, Əli bəy Zizinski və Mircəfər Bağırov Qubada Hamazapsın və erməni daşnaklarının qüvvələrinə qarşı bərabər vuruşmuşlar.

Hətta bir müddət Əhməd Triniç Milli Hökumət vaxtı Qubanın komendantı olmuşdur.Bununla yanaşı Əhməd Trinç uzun müddət “Azərnəşr”in rəhbəri olmuş.Bağırov daim onu müdafiə etmiş,repressiyadan qorumuşdur. Bağırovun həbsindən sonra Əhməd Trinç istintaqa cəlb edilir. İstintaqda erməni müstəntiq Temosyan Əhməd Trinçi“1918-ci ildə ermənilərə qarşı soyqırım” təşkilatçılarından biri kimi əsassız dəlillərlə ittiham olunur.

1941- ci ildə Böyük Vətən Müharibəsi başladığı zamanAzərbaycan SSRİ Kommunist Partiyasının I katibi işləyənMircəfər Bağırov Stalinə Cənubi Azərbaycan haqqında arayış yazır.Cənubi Azərbaycan haradır, orda yaşayan azərbaycanlılara necə təzyiqlər göstərilir, ümumilikdə bu məktubda Cənubi Azərbaycanı xarakterizə edir.Həmçinin bildirir ki, Moskvanın Cənubi Azərbaycanda “Tudə” (Xalq) partiyasına dəstək verdiyi partiyanın rəhbəri erməni Ərdəşir Avanesyandır. Amma partiya rəhbərinin erməni olması ordakı azərbaycanlıları onun ətrafına yığmayacaq. Bağırov cəsarətli şəkildə təklif edir ki, Cənubi Azərbaycanda milli bir zəmində partiya – firqə qurulmalıdır. Həmin dövrdə partiyalar sosialist yönümlü olduğu halda bu təklif milli oyanışı dəstəkləyən bir addım idi. Bağırov bu istəyinə nail olur. Bu istəyin həyata keçməsində əqidə yoldaşı Beriyanın da rolu vardı.

Hələ rus qoşunları Təbrizə keçənədək ermənilər belə bir məsələ qaldırır ki, guya Təbrizdə erməni çox yaşayır və Təbrizə göndərilən rus qoşununun içərisində ermənilərə üstünlük verilsin. Bağırov bunu eşidib təyyarə ilə Stalinin yanına gedir və ona bildirir ki, burada bir millət - azərbaycanlılar yaşayıb.Sonradan bunlar ikiyə bölünmüşdür.Onun dedikləri Stalin tərəfindən qəbul olunur. Ermənilərin bu məkrli istəyi və planı pozulur.İyun ayında Stalin Bağırovu şəxsən qəbul edir və ona deyir ki, “Seyid sən həmişə deyirdin Azərbaycan parçalanıb.Biz vahid dövlət idik.İndi fürsət ələ düşüb. Sən öz gücünü göstər”. Bu sözlərdən Bağırov məharətlə istifadə edir və Azərbaycanda müəyyən hazırlıq aparır.İlk əvvəl Azərbaycan ziyalılarından yeddi nəfər, sonradan isə 240 nəfər, ümumilikdə 600 ziyalı diplomatik korpus işçilərikimi Cənubi Azərbaycana yeridilir. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda gedən Milli Azadlıq Hərəkatında Bağırovun böyük rolu olduğunu nəzərdən qaçırmayaq.

II Dünya Müharibəsi zamanında faşist ordusuna qarşı döyüşən azərbaycanlılar rus dilini bilmədikləri üçün verilən əmrlərdə çətinlik çəkirdilər.Bəzi generallar isə əmrləri yerinə yetirə bilməyən azərbaycanlıları yerindəcə güllələyirdilər. Bu haqda məlumat Bağırova çatdırılır və o azərbaycanlıların daha çox xidmət etdiyi cəbhənin cənub bölgəsinə gedir.Azərbaycanlı döyüşçülər Bağırova komandir Xruşşovun özbaşnalıqlarından və rus dilini bilməyən azərbaycanlıları dezirter adı ilə güllələməsindən danışırlar.Bağırov Yevgeni Xruşşovu çağırtdıraraq onu sorğu-sual edir. Xruşşov azərbaycanlıların verilən əmrləri yerinə yetirə bilmədikləri üçün güllələndiklərini deyir. Bağırov ona deyir ki, axı onlar rus dilini bilmirlər?.Yevgeni Xruşşov Bağırovun sualına“ Bu heyvanlara mən rus dilini öyrətməli deyiləm” cavabını verir. Bağırov bu cavabı eşidəndə həmişə üstündə gəzdirdiyi “mauzer” tapançasını çıxarıb Xruşşovun alnın ortasından vurur.Bu hadisədən dərhal sonra Bağırov Stalinin yanına gedir və öz etdiyi hərəkətini əsaslandırır.Bu görüşdə Beriya da olur və o əvvəldən axıra kimi Bağırovu müdafiə edir.Bu görüşdən sonra azərbaycanlılarıdan ibarət milli diviziyalarının yaradılmasına icazə verilir və orada əmrlər yalnız Azərbaycan dilində verilir.

1953-cü il martın 3 də Stalin vəfat edir.Stalinin vəfatından sonra qruplar arasında təşkilatlanma prossesi gedir.1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu olmuş və plenumda bir sıra məsələlərlə yanaşı təşkilati məsələyə də baxılmışdır. Plenum M.Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad etmiş və Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq etmişdir. Lakin dövlətə xain çıxmış L.Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M.Bağırova da münasibət dəyişmişdir. 1953-cü il iyulun 12-13-də Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş VI plenumu olmuşdur. Həmin plenumda 989 nəfər, demək olar ki, respublikanın əksər rəhbər işçiləri iştirak etmişlər. Plenumda L.Beriya və M.Bağırovun məsələsi geniş müzakirə olunur. Müzakirələrdə Lavrenti Pavloviç Beriyanın Müsavat Partiyasına işlədiyi, əks-kəşfiyyatda olduğu iddia edilir. Məhkəmədə zamanı da o bu maddələrlə iddiham olunur. 1953-cü ildə Lavrenti Pavloviç Beriya güllələnir.

Beriyanın vəfatından sonra Bağırov partiyadan çıxarılır.1953-1955-ci illərdə Bağırov Azərbaycandan xaricə - Kuybuşev neft idarəsi rəisinin müavini vəzifəsinə - təsərrüfat xarakterli işə göndərilir.

Mircəfər Bağırov 1955-ci ildə həbs edilib. 1956-cı ildə Bakıdakı “Şəhriyar” klubunda keçirilən məhkəmədə ən ağır cəzaya - ölüm cəzasına məhkum edilir. Rəsmi məlumata görə hökm yerinə yetirlir və Bağırov güllələnir. Digər mənbələrə görə Bağırov 17 may 1976-cı ildə Rusiyanın Primorsk diyarının Dalnoreçenski şəhərində ölümə məhkum edilənlərin düşərgəsində vəfat edib. Elə orada da dəfn olunan Bağırovun məzarının nömrəsi 1684-dür. Düşərgə rəisinin dediklərinə görə Bağırov sağlam olub və vəfatından 2 ay əvvələ kimi həbsxanada aşpaz işləyib. Sakit-səssiz qoca olmuş və eləcə də dünyadan köçmüşdür.

26 aprel 1956 – cı ildə Mircəfər Bağırovun məhkəməsi keçirilib. Bağırov mühakimə olunduğu zaman cəmi 5-10 cümlə söyləyib: "mənim ən böyük səhvim Stalinə və ətrafımda olan tulalara inanmağım olub.Bəli, mən xalqımın qarşısında günahkaram.Buna görə məni güllələmək azdır, şaqqalamaq lazımdır.Bəlkə bundan sonra o biri dünyada rahat ola bilərəm”..

Məhkəmədə ona qarşı irəli sürülən ittihamların bir qismi əgər sovet rejimi üçün ittiham sayıla bilərdisə, müasir dövrdə öz aktuallığını itirmişdir (Azərbaycan ziyalılarının bir qismini represiyadan gizlətməsi).Hətta hazırda bu ittihamlara görə Mircəfər Bağırov şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır.
Mircəfər Bağırov bütün fəaliyyəti dövründə bütöv Azərbaycan haqqında hər zaman düşünürdü. Onun bu fikrdə, əqidə və ideyada olması 1952 - ci ildə “Azərbaycan ziyalılarına müraciət” adlı kitabında bir daha özünü aydın göstərir. Beləki o, bu kitabın 174-cü səhifəsində Azərbaycan ziyalılarına müraciət edərək deyirdi: “Azərbaycan ziyalısının qarşısında onun bir məqsədi, bir amalı olmalıdır:
Təbriz ! Təbriz ! Təbriz !..

İnform.az

Baxış sayı: 195