Sağlamlıq
28.05.2017 / 14:25

İftar süfrəsinin bəzəyi olan xurmanın MÖCÜZƏVİ FAYDALARI

İftar süfrəsinin bəzəyi olan xurmanın
Mütəxəssislərin qənaətinə görə insan yalnız su və xurmadan istifadə etməklə uzun müddət yaşaya bilər.

Xurma nadir qida məhsullarındandır ki, onun tərkibi insan üçün zəruri və vacib olan vitaminlər, mikroelementlərlə zəngindir. Artıq uzun illərdir ki, su və xurma ilə iftarın açılması ənənəsi də yəqin ki, məhz xurmanın bu qədər dəyərli zəngin tərkibinə əsaslanır.

İnform.az modern.az saytına istinadən sağlamlıqla bağlı növbəti yazıda xurmanın möcüzəvi faydalarından bəhs edir.

Möcüzəvi faydaları olan xurma haqqında belə bir deyim var: “Xurma həm meyvədir, həm dərmandır, həm içkidir, həm də şirniyyat”. Belə bir deyim də var ki, sağlamlığının qayğısına qalan insan xurma ilə dostluq edər. Maraqlıdır, bəs görəsən sağlamlıq üçün faydalı olan xurmanın orqanizmə hansı müsbət təsirləri var?

Xurma beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır.

Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilərsə, cəmisi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar.

Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır.

Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurmadan istifadə etmək ürəyin tam fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biri sayıla bilər.

Qanazlığı, anemiya xəstəliyi zamanı xurma ən xeyirli qida məhsullarından biridir.

Xurma cinsi zəifliyin aradan qaldırılması, cinsi istəyin artırılması üçün təbii və güclü afrodiziakdır.

Həm hamilə, həm də doğuşdan sonrakı dövrdə qadınlar üçün xurmanın qida rasionuna daxil edilməsi faydalı və vacibdir. Xurma ana südünün tərkibini vitamin və digər mikroelementlərlə zənginləşdirir. Hamilə qadınların depressiya halına düşmək ehtimalını azaldır.

Xurma damarların və kapilyarların divarlarını möhkəmləndirir, həmçinin qan dövranını yaxşılaşdırır, yüksək qan təzyiqi olanlara müsbət təsir göstərir.

Xurmanın möcüzəvi faydalarından biri müxtəlif kimyəvi dərman pereparatlarının qəbulundan sonra onların orqanizmdə yaratdığı fəsadların aradan qaldırmaq xüsusiyyətidir.

Müntəzəm olaraq xurmadan istifadə immun sistemini gücləndirir, onu lazımi səviyyədə saxlayır.

Xurma ağız boşluğu, xüsusilə damaqlar üçün də xeyirlidir. Damaqlarda qanaxmaların qarşısını almaq üçün xurmadan istifadə öz effektini verir.

Xərçəng xəstəliklərinin, xüsusilə mədəaltı vəzin xərçəng xəstəliyinə tutulma riskini xurma kəskin şəkildə aşağı salır.

Böyrəklərin təmizlənməsinə yardımçı olan xurma sidikqovucu xassəyə malikdir.

Möcüzəvi faydaları olan xurma qaraciyərin və öd kisəsinin normal fəaliyyəti üçün də xeyirlidir.

Xurma maddələr mübadiləsinin tənzimlənməsində öz müsbət təsirini göstərir.

Xurmanın faydalarından biri də gözlərə, görmə qabiliyyətinə xeyirli olmasıdır. Xurma yeyən insanlar gözlərindən şikayətçi olmazlar.

Digər faydalı qida məhsulları kimi xurmanın istifadəsində də əks göstəricilər var. Həzm sistemində problemi olanlar xurmanın üzərindəki nazik qabığı soyduqdan sonra istifadə etmələri məsləhətdir. Mədə xəstəliklərindən şikayət edənlər xurmadan az istifadə etməlidirlər. Şəkərli diabetlərin isə xurmadan istifadə etmələri məqbul sayılmır.

Kosmonavtların həm qidası, həm də dərmanı adlandırılan xurmanın faydaları qara kürünün faydalarından qat-qat çoxdur. Siz də bütün bunları nəzərə alaraq süfrənizdən min bir faydası olan xurmanı əskik etməyin. Bu müqəddəs Ramazan günlərində iftarınızı xurma ilə açın.

Allah orucunuzu qəbul etsin.

İnform.az

Baxış sayı: 79