Elm-təhsil
26.05.2017 / 18:24

Deputatların respublika fənn olimpiadaları haqda TƏƏSSÜRATLARI

Deputatların respublika fənn olimpiadaları haqda
Ötən gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib.

İnform.az modern.az saytına istinadən olimpiada ilə bağlı bir neçədeputat, ziyalıların təəssüratlarını təqdim edir.

Təhsil eksperti Şahlar Əsgərov deyir ki, Azərbaycanda olimpiada hərəkatı son iki-üç il ərzində çox inkişaf edib.

“Əvvəla, 30 mindən çox şagirdin iştirak etməsi sevindiricidir. Kəmiyyət göstəriciləri həm də keyfiyyət göstəricilərinə təsir göstərir. 260-dan çox şagird medallarla təltif edildi. Yaxşıların yaxşıları olan bu şagirdlər üçün yadda qalan hadisəyə çevrildi. Onlar özlərini daha səfərbər edər, daha yüksək zirvələri fəth edir. Mən onların gözlərində sevinc görürdüm. İnsanlara mənəvi dəyər veriləndə xoşbəxtlik daha da yüksək olur. Nobel mükafatçısı Əziz Sancarın olimpiada iştirakçılarına müraciəti də təsirli idi. İnanıram ki, o məktub da gənclərin həyatında silinməz iz buraxacaq.

Milli Məclisin deputatı Tahir Mirkişili olimpiadaların keçirilməsindən danışarkən özünün qalib olduğu illəri xatırladığını bildirib.

“Düşünürəm ki, fənn olimpiadalarının keçirilməsi orta məktəb şagirdlərinin daha yaradıcı olmalarına və eyni zamanda qarşılarına çıxa biləcək çətin məsələlərin həll olunmasında daha sürətli düşünməyə yardım edəcək. Təhsil Nazirliyinin keçirdiyi tədbir fənn olimpiada qaliblərinin bir yerə yığılması və onların ən yüksək səviyyədə təltif olunması həm də şagirdlər üçün bu günü, bu qələbənin medallarını unudulmaz edir. Gələcəkdə bundan da yüksək nəticələr əldə etmək üçün bir motivasiya rolu oynayacaq. Tədbirdə iştirak edərkən mdə öz şagirdlik illərimi xatırladım. Çünki mən də 11-ci sinifdə oxuyarkən fənn olimpiadalarında qalib olmuşdum. Məktəbdə oxuduğum müddətdə məhz həmin fənn olimpiadalarında iştirakım və qalib olmağım növbəti illərdə-universitet illərində aldığım nəticələrin daha da yüksək olmasında çox böyük rolu olub.


Milli Məclisin deputatı Vüsal Hüseynov prosesin diqqətdə olmasının vacibliyini vurğulayıb.

“İlk olaraq respublika fənn olimpiadalarında qalib olan şagirdləri, onların valideyn və müəllimlərini təbrik edirəm. Həmçinin, bu il də olimpiadaların yüksək səviyyədə, obyektiv meyarlarla və şəffaflıq prinsipi əsasında keçirilməsi münasibətilə təhsil sahəsinda çalışan şəxsləri və bu işdə əməyi olan , dəstək göstərən şəxsləri təbrik edirəm. Olimpiada qaliblərinə göstərilən diqqət və işin təşkili, eyni zamanda digər şagirdləri də belə yüksək nəticələr üçün həvəsləndirir və motivasiya rolunu oynayır. Bu baxımdan, bu prosesin diqqətdə olması vacibdir. Əminəm ki, bu istedadlı gənclərin gələcək fəaliyyəti də diqqqətdə saxlanılacaq, müvafiq istiqamətlər üzrə dəstək göstəriləcək. Onların ölkəmizin gələcək inkişafına maksimum töhfə verməsi üçün imkanlar təmin ediləcək. Bizim şagirdlərin artıq beynəlxalq fənn olimpiadalarında olan qalibiyyətləri artır. Ümid edirəm ki, dünənki təltifolunma mərasimindəki qaliblər də ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcək, bizim ölkəmizin uğurlarını və bu sahədə medallarımızın sayını artıracaq”.

Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, həmin şagirdlər gələcəkdə də elmi karyeralarını elə quracaqlar ki, həmişə xalqın önündə olacaqlar.

“Təhsil Nazirliyinin orta məktəbləri arasında keçirdiyi olimpiada yarışları təkcə zehni fəaliyyətin aşkarlanması deyil, eləcə də millətin önünə çıxa biləcək aparıcı imkanlarımızı müəyyənləşdirməkdir. Dünənki mərasimə qatılan hər kəs qürurverici bir mərasimdə olduğunun fərqindəydi. Bizim balalarımız ucaldıqları qədər də milləti yüksəldirlər. Bu yarışma beyin işidir, intellektual zəhmətdir, elmin dərinliklərinə baş vurmaq qabiliyyətidir. Keçirilən tədbirin artıq bir ənənə xarakteri daşıması, onun kontingentinin genişlənməsi, daha çox gənclərimizin bu sıraya qoşulması rəqabət kotentinin şəffaf aparılması ona inam yaradır ki, həmin medalçı insanlarımız millətin qızıl təbəqəsini təşkil etməkdədir. Çox ümidvaram ki, bu insanların hər birinin gələcəkdə elmi karyerası elə qurulacaq ki, həmin insanlar xalqın önündə olacaqlar. Bizim iqtisadi və siyasi sferamızda uğurlarını davam etdirəcəklər. Bu tədbirə görə onlara təşəkkür edirəm, uğurlarının davamını diləyirəm”.

Baxış sayı: 70