Elm-təhsil
25.05.2017 / 16:06

ADAU-da Respublika günü qeyd edilib

 ADAU-da Respublika günü qeyd edilib
Azərbaycan Dövlət Aqrar universitetin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültələrində 1918-ci il 28 may “Respublika günü”nə həsr olunan “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
İnform.az ADAU-nun mətbuat xidmətinə istinadən bildirir ki, tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Rektor onu da deyib ki, bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın lider dövlətləri cərgəsinə qoşulub, ölkəmiz sabitlik və inkişaf edən ölkəyə çevrilib.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışında vurğulayıb ki, çox az zaman kəsiyində fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
İctimai elmlər və multikulturalizm kafedrasının müəllimlərindən S.Qasımova, E.Aslanov, Menecment və Aqrar marketinq kafedrasının assistenti F.Rəhimov, tələbələrdən T.Məmmədov, M.Orucova və N.İmanova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən müxtəlif mövzu və şer parçaları ilə çıxış ediblər.


İnform.az

Baxış sayı: 146