Elm-təhsil
24.05.2017 / 15:39

Rəyasət heyətinin genişləndirilmiş iclası keçirilib

Rəyasət heyətinin genişləndirilmiş iclası keçirilib
Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

İnform.az AMEA-ya istinadən məlumat verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə Akademiyanın 41 yeni üzvünə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib. Akademik yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb.

Sonra AMEA-nın magistranları üçün təşkil olunmuş “Magistr-2017” müsabiqəsinin nəticələri açıqlanıb. Akademik Akif Əlizadə tərəfindən səkkiz magistranta diplomlar təqdim edilib.

İclasda AMEA-nın 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə tərtib edilən Tədbirlər Planı müzakirə olunub. Akademiyada həyata keçirilməsi zəruri olan bir sıra məsələlər, o cümlədən planın icrası ilə bağlı tapşırıqlar verilib. AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qərarının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi müstəqillik dövründə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində dövlətin diqqət və qayğısından danışıb. Akademik dilimizə sirayət edən təsirli mənbələr, dilimizdə rast gəlinən pozuntular, problemlərin aradan qaldırılması üçün müəyyən olunan mexanizmlər, dilimizin saflığının qorunması, eləcə də dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün irəli sürülən təkliflərə dair geniş təqdimatla çıxış edib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna müvafiq tapşırıqlar verilib.

Gündəlikdə görkəmli alim və hərbi xadim, AMEA-nın fəxri üzvü Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı məsələyə baxılıb. Ölkə başçısı İham Əliyevin alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladan akademik Akif Əlizadə bildirib ki, AMEA Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birgə Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Rəyasət Heyəti iclasda Sərəncamın icrası ilə əlaqədar müzakirə aparıb, Tədbirlər Planı qərarla təsdiq edilib.

İclasda AMEA-nın müxbir üzvü Ağası Məlikovun 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması və görkəmli sənətşünas alim, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Zemfira Səfərovanın 80 illiyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi, əsərlərinin nəşrə hazırlanması və s. bağlı qərarlar qəbul olunub.

Digər qərarlarla AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Arxeologiya şöbəsi yaradılıb, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin Əsasnaməsində qismən dəyişiklik edilib. Bundan başqa, AMEA-nın Folklor İnstitutunun “İrs” Folklor ansamblının adı dəyişdirilərək “Qorqud” folklor ansamblı adlandırılıb. AMEA-nın Fəlsəfə, Hüquq və İnsan Haqları institutlarının elmi şuralarının yeni tərkibi təsdiq edilib, Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin Fransaya ezam olunması haqqında qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov AMEA-nın müşaviri vəzifəsinə təyin edilib. Akademik Vaqif Abbasov AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər. Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova AMEA Mərkəzi Nəbatat Bağının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova AMEA Botanika İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva isə həmin institutun elmi katibi vəzifələrinə təyin olunublar.


İnform.az

Baxış sayı: 106