Sosial, Araşdırma
24.05.2017 / 10:30

Oxşadı oxşamışına... Araşdırma (fotolar)

Oxşadı oxşamışına...
Günel Fərhadqızı Emin

Bu günkü mövzumuz övlad tərbiyəsi, gənclərə və gələcəyə sırınan ailə modelidir.

I hissə- "İlkin və davamlı səhv tərbiyə, düşüncə"


Övlad yaxşı olanda, atasının gül balası fəxridir, pis nəsə edəndə, anasının verdiyi tərbiyədir.

Övladın tərbiyəsi hər iki valideyn tərəfindən birbaşa, kənar və üçüncü şəxslərin müdaxiləsi olmadan qadın hamilə qalandan başlamalıdır.

Bizim ailə modelimizdə gəlin ya anası evinə, ya qaynanası gilə yönləndirilir, ata uşağın tərbiyəsi ilə məşğul olmur, az məşğul olur, sanki qadını mayalandırmaqla, işi bitdi. Ya da onun atalıq borcu, işləyib pul qazanmaq və ailənin maddi ehtiyaclarını ödəməkdir.

Bizim ailə modelimizdə ən böyük boşluq valideynlərlə övladlar, böyüklərlə kiçiklər arasında olan ünsiyyət riskidir. Ya ünsiyyət var, amma qorxudaraq, hədələyərək, təhqir edərək, söyərək, döyərək, aşağılayaraq, müqayisə edərək kiminləsə, üstünə qışqıraraq. onları idarə edərək, onları nəzarətdə saxlayaraq, ya da ki,heç ünsiyyət yoxdur. Sanki belə də olmalıdır. Birtərəfli və anlayış, hörmət olmadan ünsiyyət və ya əmr vardır.

Valideynlərindən gördükləri, eşitdiklərini də övladlarına ötürürlər. Sanki belə də olmalıdır. Bir dəfə də olsun, öz uşaqlarını yada salmırlar ki, yetkinlik yaş dövründə özünü xatırlamırlar ki, bu cür davranış onları qane edirdimi? Bir dəfə də olsun ki, özlərini uşağının yerinə qoymurlar. Uşaqları hiperaktiv olanda, xəstəlik diaqnozu qoyularaq müalicə edilir, aqressiya və ya şiddət ilə idarə edilir, susdurulur.

Oxşadı oxşamışına...


Aqressiya, şiddət, qorxu sevgi oyatmır, müsbət nəsə yaratmır. Əksinə uşağın psixologiyasında pis iz qoyur, eyni rəftarı öz övladlarına tətbiq edir. Çox az adam var ki, bu aqressiv zəncirləri qırır, övladını fərqli tərbiyə edir, övladına fərd kimi yanaşır, övladını anlayır, onunla ünsiyyətdə olur, onun enerjisini idmana, yaradıcılığa, istedadının kəşf edilməsinə yönəldir. Biz həmişə az vaxt sərf edilən, asan yolu seçmişik. Çünki bu bizim üçün rahatdır.

Özümüzü elə göstərir ki, guya hər zaman haqlıyıq. Övladımızı risk və ya təhlükə, bizi qane etməyən nəsə etməmişdən öncə ünsiyyətlə qarşısını almaqdansa, hadisə baş verəndən sonra qadağa, aqressiya tətbiq etməyi düzgün sayırıq.

Biz uşağımıza hörmət etmiriksə, sevgi, diqqət vermiriksə, anlayış göstərmiriksə, ünsiyyətdə olmuruqsa, övladımızdan eynisini, cavabını gözləmək doğru deyildir.

Çox zaman uşaq ən doğrusunu görən, tənqid edən, bizim hərəkətlərimizin güzgüsüdür.

Biz övladımızı ancaq tənqid etməklə tərbiyə edirik, tərifləməyi bacarmırıq. Biz övladımızı başqası ilə müqayisə edib, həmin şəxslərə qarşı aqressiv, nifrət, paxıllıq hissi ilə yaşamasına əsas yaradırıq.

Biz övladımızın istəklərini qadağa etmək, ipini yığmaq, zəncirləməklə, idarə edirik. Bu idarə deyil. Ən doğru idarəetmə övladı dinləmək, onu anlamaq, onunla ünsiyyətdə olmaq, ona doğrunu göstərmək, eyni səhvləri təkrarlamaqdan çəkindirməyimizdir.

Övladlar ailədəki aqressiyanı görüb, susur, paylaşmırlar, ailədəki böyük kiçik arasında olan pərdə sayəsində övladlarımız ətraf mühit, doğru seçmədiyi dost və ya tanışlarına müraciət edir, onlarla yaxın olur, onların məsləhətlərini dinləyir, onların etdiklərini təkrarlayır. Sonra övladımız üzümüzə ağ olanda, yenə öz səhv və günahımızı görmürük, özümüzü haqlı çıxardırıq, övladımızı cəzalandırırıq.

Oxşadı oxşamışına...


18 yaşdan sonra övlad sərbəst şəxsdir. Onu vaxtında düz tərbiyə etmiş valideyn onun gələcəyi üçün narahat olmaya bilər. Bu yaşdan sonra valideyn sadəcə müşahidəçi, izləyicidir.

Övladın dostu, rəfiqəsi yox, ancaq, atası, aqressorçu işğalçısı olan valideyn hər zaman uduzur və cəmiyyətə faydasız bir övlad, gələcək, vətəndaş tövhəsini verir.

Məncə, düşünməyə dəyər. Övladlarınızı özünüzdən hürkütməyin, uzaqlaşdırmayın. Ona insan kimi, fərd kimi yanaşın. Onunla ünsiyyətdə olun.

Davamı var.

İnform.az

Baxış sayı: 686