Diaspora Akademiyası, Baş xəbər
23.05.2017 / 15:26

Azərbaycan Almaniyada keçirilən festivalda təmsil olunub

Azərbaycan Almaniyada keçirilən festivalda təmsil olunub
Alman Azərbaycan Dostluq Cəmiyyəti Almaniyanın Bonn şəhərində keçirilən festivalda iştirak edib.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Hər il ənənəvi olaraq keçirilən festivalın məqsədi Bonn şəhərindəki əcnəbilərlə yerli xalq arasında mədəni, ictimai əlaqələri inkişaf etdirməkdir.

Builki tədbirdə təxminən 180 dövlətin təmsilçisi iştirak edib. Festival bu ölkələrin nümayəndələrinə müxtəlif sahələrdə möhkəm və sağlam iş əlaqələri qurmaq, cəmiyyətlərin bir-biri ilə əməkdaşlıq şəraitində bərabər işləmək, mənsub olduqları xalqın mədəniyyətini tanıtmaq, insanları elmə, incəsənətə, idmana, yönəltmək üçün geniş imkanlar açır.

Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da bu fürsətdən istifadə edərək festivalda Azərbaycanı tanıdıb. Tədbirdə Azərbaycan musiqiləri səsləndirilib, milli mətbəximizdən nümunələr sərgilənib. Eyni zamanda, alman dilində Qarabağ həqiqətləri, Xocalı soyqırımı, tarix və mədəniyyətimizə aid kitablar nümayiş etdirilib.

N.Hacıyeva festival iştirakçılarına Azərbaycan, onun turizm potensialı haqqında məlumat verib, almanları və burada yaşayan əcnəbiləri ölkəmizə səyahət etməyə çağırıb.

Qeyd edək ki, festivala Bonn şəhərinin meri Aşok-Alexander Stidharan və xanımı da qatılıb.



İnform.az

Baxış sayı: 383