Diaspora Akademiyası, Baş xəbər
23.05.2017 / 14:57

“ÜAK-la bağlı qərar yanlış və qərəzlidir”

“ÜAK-la bağlı qərar yanlış və qərəzlidir”
Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı öz mövqeyimizi ifadə etmək borcumuzdur”.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Bəyanat müəllifləri hesab edir ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən 15 may 2017-ci il tarixində Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə dair qərarı subyektiv xarakter daşıyır və hazırkı müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.
Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlər boyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir, həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər. Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış Ümumrusiya Azərbaycan Konqresi isə Azərbaycan icması ilə iki ölkə arasında, eləcə də iki xalq arasında körpü rolunu oynayıb.
Diaspor nümayəndələrinin fikrincə, hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya Azərbaycan arasında dövlətlərarası əlaqələrə kölgə sala bilər: “Ona görə də biz, Paris Azərbaycan Evi kimi, dünya azərbaycanlılarının ciddi narazılıq və gərginlik yaradan Rusiya Federasıyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edirik.Biz həmçinin, Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq”.


İnform.az

Baxış sayı: 335