Diaspora Akademiyası, Baş xəbər
22.05.2017 / 13:14

Almaniyadakı Azərbaycan diasporundan Putinə MÜRACİƏT

Almaniyadakı Azərbaycan diasporundan
Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət ediblər.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri ÜAK-ın qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya prezidenti V.Putinə etdikləri müraciətdə deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur:

“Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycanda rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin hüquqlarının tam qorunması üçün bütün şərait yaradılıb”.

Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir:
“Mayın 15-də Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı subyektiv xatakterlidir".

Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərməyi xahiş edir. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər.
Diaspor təşkilatları Rusiyanın bəzi dövlət orqanlarını isə antiazərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır.

Kanada Azərbaycan Tədqiqatları İnstitutu isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.

Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan ÜAK ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub:

"Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib”.

Məktubda qeyd olunur ki, Ali Məhkəmənin qərarı ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir: “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.


İnform.az

Baxış sayı: 196