Şərhlər
20.07.2015 / 17:57

Skottun son məktubu...

Skottun son məktubu...

Ceyhun ÇİNGİZOĞLU / İnform.az


XV əsrdə Kolumbun səhvən Amerikanı kəşf etməsindən sonra, avropalıların “Yeni dünya”ya axını başladı. Avstraliyanın kəşfi üçün isə daha iki əsr lazım gəldi. Bu artıq o zamanlar idi ki, artıq dəniz və okeanlarda hakimiyyət İspaniya və Portuqaliyanın əlindən çıxmışdı. İlk mərkəzləşmiş dövlətlərin qurucularından olan ispan və portuqalların günəşi artıq qürub etmişdi. İndi dəniz və okeanların yeni hökmdarları peyda olurdu.
Dövrün nəhəng dövlətlərindən olan Osmanlının durğunluq halından istifadə edən Avropa ölkələri dənizlərə açılmağa başlamışdılar. Çünki Osmanlı mollaları elmdən başqa hər şeylə məşğul idilər. İndi artıq XVIII əsrə az qalmış, Osmanlıda nə Fateh Sultan Mehmet var idi, Nə Süleyman Qanuni... Osmanlı ölümə məhkum edilmişdi.
Üzərində günəş batmayan imperiya indi dənizlərə sahib olmaq fikrində idi. Onun, yəni Böyük Britaniyanın o zamanlar tək rəqibi isə Avropanın digər monarxiyası olan Hollandiya idi. “Yeni dünya”ya sahib olmaq üçün həm suda, həm quruda, həm də elmdə bu iki ölkə arasında sanki savaş gedirdi. İnsanlıq elə bir səviyyəyə gəlmişdi ki, demək olar ki, hər gün elmdə hansısa nailiyyət olurdu. Xüsusilə də coğrafiya sahəsində. Çünki hələ nə qədər kəşf olunmamış, elmə məlum olmayan torpaqlar vardı. Bunu Avropada hamı bilirdi və duyurdu... (İslam aləmi isə bu zaman qədr gecəsinin hansı gecə olmasının mübahisəsini aparırıdı və hələ də aparır).
Məşhur ingilis səyyahı Ceyms Kuk, Avstraliyanı kəşf etdikdən sonra (Hərçənd ki, Kukdan əvvəl burada holland səyyahı Yanson olub) cənubda yenə torpağın olacağına inanaraq, cənuba doğru bir az da üzdü. İmperiyanın müstəmləkələrinin sahəsini daha da artırmaq üçün Kuk cənuba doğru xeyli üzür. Ancaq Antarktidaya yaxınlaşdıqca havanın soyuması və gəmidəkilərin ərzağının tükənmə təhlükəsi Kukun səbrini daşırır. Antarktidaya bir neçə günlük məsafə qalmış, o qayıtmaq haqda əmr verir.
Kukun səyahətindən sonra cənub torpaqları bir müddət Avropada unuduldu. Daha doğrusu orada əlavə bir materikin olması... Təxminən yarım əsr sonra rus səyyahları Lazarev və Belinshauzen Antarktida adlı materiki tapa bildilər.
Daha sonra isə Cənub qütbünün kəşfi üçün yarış başladı. Yarışda təbii ki, İngiltərə və Hollandiya vardı. İngilis səyyahı Robert Skott cənub qütbünü kəşf etmək üçün bütün hazırlıqları görmüşdü. Fikri hamıdan tez qütbə çatmaq idi. Ancaq rəqibi olan Raul Amundsen ondan tez çıxmışdı səfərə. Skott da bunu nəzərə alaraq, mümkün qədər tez getməyə çalışırdı. O, yoldakı istirahətləri də minimima endirərək, ancaq ərzaq götürmək dayanırdı. Buna baxmayaraq, hara çatırdısa, orada Amundsenin izini görürdü. Təbii ki, belə bir vəziyyət onu az da olsa ruhdan salırdı. O, ümid edirdi... Ümid edirdi ki, Amundsen səhvə yol verəcək. Ancaq bu hələ ki, baş vermirdi.
Artıq Antarktidaya çatmışdılar və bu “buz materiki”ndə cənub qütbünə doğru piyada getməli idilər. Skott və dörd yoldaşı bütün gəmiləri sahildə buraxıb materikin içərilərinə doğru irəliləməyə başlayır. Suda olsuğu kimi burada da hər yerdə onu Amundsenin izləri qarşılayırdı. Ancaq o yenə də ümid edirdi... Bu dəfə Antarktidanın -80 dərəcə soyuğunun onun köməyinə gələcəyinə ümid edirdi. Və nəhayət, cənub qütbü göründü... Yoldaşları və Skott sevinməyə macal tapmamış, qütbdə qaraltı görürlər. Skott bu zaman tam əmin olur ki, gecikib. Amundsen necə gəlmişdisə eləcə də yoxa çıxmışdı... Təbii ki, Hollandiya bayrağını qütbə sancdıqdan sonra... Bu iki səyyah arasındakı gizli savaşı Amundsen qazanır.

Skottun son məktubu...

Skott və yoldaşları qütbə çatır və İngiltərə bayrağını sancır. Bundan sonra isə görüləcək bir iş qalmadığından geri qayıtmaq lazım idi. -80 dərəcə soyuqda... Skott və yoldaşları bu dəhşətli yolçuluğun sonuna gəlmişdilər. Artıq nə ərzaq var idi nə də soyuqdan daldalanmağa yer. Skott çox yaxşı başa düşürdü ki, bu onun son səfəridir və buna görə də qeyd dəftərçəsinin tapılacağı ümidi ilə mümkün qədər çox şey yazırdı. Yalnız bu məsələdə onun ümidi özünü doğrultdu...
Donmuş və qıc olmuş əlləri ilə yazmış olduğu gündəliyi sonradan xilasetmə qrupu tərəfindən Skottun və dörd yoldaışının donmuş cəsədləri yanında tapıldı.
“Tanrı xətrinə qoyub gəldiyim insanlarla maraqlanın” yazan Skott, İngiltərədə qoyub gəldiyi xanımını və oğlunu ingilis xalqına tapşırır.
Kapitan Skott son nəfəsini verincəyə qədər barmaqları donub qələm qıc olmuş əlindən yerə düşüncəyə qədər, gündəliyini yazmağa davam edir. Onun və ingilis xalqının qəhramanlığına şahidlik edəcək bu səhifələrin cəsədinin yanında tapılacağı ümidi ona insanüstü bir güc verir. Donmuş barmaqları titrəyərək bu son istəyi də yazır: “Bu dəftəri həyat yoldaşıma göndərin”. Ancaq, daha sonra bu donmuş əl “həyat yoldaşıma” sözünün üstündən xətt çəkib üstünə bu qorxunc sözləri yazır: “Dul qadınıma”...

Baxış sayı: 866