Şərhlər
15.05.2017 / 09:00

Möcüzə gözləyən usaq- FOTO

Möcüzə gözləyən usaq-
Ləman Məmmədova

Əmim mərhum general-mayor Fikrət Məmmədovun xatirəsinə


15 may, 2002-ci il...

Gecə yarısı. Heç vaxt səsini yüksəltdiyini eşitmədiyim nənəmin səsi gəlir. Daha doğrusu aldığı xəbərə inanmayan fəryadı. Qardaşımla yerimizdən dik atıldıq. Atam içəri girdi. İkimiz də gözümüzü ona dikib nə baş verdiyini anlatmasını gözləyirik.

- Fikrət əmi rəhmətə gedib. Avariya.

Qardaşımla bir-birimizin üzünə baxdıq. O, mənim gözümdə çölə sel kimi axacaq yaşların hazırlandığını gördü, mən onun gözündə. Amma o vaxt məndən iki yaş kiçik olan qardaşım, həm də kumirini, idealını itirdiyini öyrənmişdi.

İllər sonra böyüyüncə də hər toyun, hər şənliyin sərxoş edən sonluğunda başını dizimin üstünə qoyub əmim üçün ağlamadığı günü xatırlamıram. Kişilər də ağlayar. Necə bir igid itirdiklərini unutmadıqları müddətcə, onlar da ağlayar.

Nənəmin evdəki kabineti əmimin əşyaları, general forması, ayaqqabıları, medalları, şəkilləri və s. olan muzeyə çevrildi. Uşaq vaxtı həyətimizdəki telefon xətlərinə sağsağanlar qonan kimi, babam deyərdi ki, xəbər gətirir bu quşlar, əmi gələcək. İki gün keçməzdi ki, əmi gələrdi. Mən nənənin kabinetinə girəndə əmimin xatirəsi olan əşyaların arasında bəzisi səhv, bəzisi düz işləyən saatların "tık-tık-tık" səslərini dinləyirdim.

Əşyalar üçün dayanmış, bizim üçün isə zaman keçmişdi. Artıq sağsağanlar da gəlmirdi həyətə. Babamın şüşəbəndin önündəki stuluna ya babam oturardı, ya mən. O vaxt dilə gətirə bilmirdim, amma indi deyirəm ki, ikimizin də gözü yol çəkirdi o pəncərələrdən küçəyə baxarkən. İkimiz də gözləyirdik bəlkə Fikrət əmi geri qayıdar. Babam böyük olduğu üçün əcəli tanıyırdı, o, ümidsiz idi. Mən uşaq olduğum üçün ölümdən sonra da möcüzə olacağına inanırdım.

Sağsağanlar qayıtsaydı... Sağsağanlar qayıtmadı... Babam da səbrsiz oldu. Sağsağanların qayıtmasını gözləmədən babam da bizi tərk etdi. Stul eyni yerdə idi və artıq mənim pəncərədən ümidsiz baxdığımın fərqində olaraq.
Stul köhnəlmişdi. Şüşəbəndi o da tərk etdi. İllərlə nənəm və mən xatirə dəftəri kimi bir-birimizin yaddaşını səhifələyərək onların xatirəsini canlı tutmağa çalışdıq. O, güclü idi. Mən də güclənmişdim. İki güclü insan bir-birinin dərdindən göz yaşı axıtmadan da anlar. Nənəm və mən belə anlaşırdıq.

Sonra... Sonra kilometrlərlə uzaqda ikən, mənə telefondan dedilər ki, " Ləman, səbrli ol, həyatdı bu..." və mən cümlənin sonunu eşitmək istəmədən hönkür - hönkür ağladım. Sağsağanları lənətləməyə başlamışdım. Onlar gəlmədi deyə əmim gəlmədi, onlar qayıtmadı deyə, babam da, nənəm də məni tərk etdi. Tək cümlə açar oldu faciənin qapısına:
- Fikrət əmi rəhmətə gedib. Avariya.
Əmi, baba və nənə! Mən sizin üçün çox darıxmışam. Mən yaşadıqca da siz yaşayacaqsınız. Çünki mənim yaddaşım məndən də güclüdür!!!

Möcüzə gözləyən usaq-


İnform.az

Baxış sayı: 947