Baş xəbər, İqtisadiyyat
12.05.2017 / 18:49

Dövlət Neft Fondu ilə bağlı fərman verildi

Dövlət Neft Fondu ilə bağlı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Inform.az Trend-in məlumatına istinadən bildirir ki, dəyişikliklərə əsasən Qaydaların 1.5-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir”.

6.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir”.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Qaydaları 1.3-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.”.

Aşağıdakı məzmunda 2.1.7-ci yarımbənd əlavə edilir:

“2.1.7. Bu Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.”.

3.1.3-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

“Xarici menecerlər üzrə tələblər və idarəetməyə verilən portfelin hissəsi Neft Fondunun investisiya siyasəti ilə müəyyən olunur.”.

Prezident İlham Əliyevin digər fərmanı ilə “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib.

İnform.az

Baxış sayı: 61