Şərhlər
22.04.2017 / 15:31

Yarpaqlar töküləndə onları tapdalayan çox olar...

Yarpaqlar töküləndə onları tapdalayan çox olar...
Kamran Nəzirlinin facebook səhifəsindən:

...Yolların ucuz vaxtında biz Ucardan Gəncə istiqamətinə hərəkət edirdik. Arxamızca 15-20 maşın karvanı gəlirdi, cənazə qarşılamağa gedirdik - Şamil Fərzəliyevin cənazəsini Tbilisidən Ucara gətirirdilər. 1986-cı ilin 23 apreliydi. Şamil müəllim Tbilisidə, Hərbi qospitalda keçinmişdi. Bu ağır xəbər ildırım sürətiylə respublikaya yayılmışdı və dəfn Ucarda olacaqdı deyə, eşidən-bilən buraya, Şamil müəllimin böyüdüyü ocağa axışırdı. Həmin gün mən də cənazəni qarşılamağa gedənlərin arasındaydım. Bizim maşınımız qabaqdaydı. Məni qabaq oturacaqda otuzduran Yaşar Vəliyev kədərli sükutu nəhayət pozdu, arxa oturacaqdan sürücüyə müraciətlə:

-Akif-dedi,- Qasım İsmayılovda (indiki Goranboy rayonu) raykomun qabağından bir adam da götürəcəyik...

...Mən o adamı görən kimi tanıdım: əynində nimdaş gödəkçəsi olan bu qara kişi arxa oturacağa əyləşən kimi göz yaşlarıyla mənim boynumu qucaqladı, bircə bunu deyə bildi:

-Mən Şamilsiz neyləyəcəm?

Təbii ki, onun ürəkdən gələn sözlərindən sonra hamı içini çəkdi. Ağır sükut içində bir qədər yol getdikdən sonra cənazəni qarşıladıq; Aman Allah, cənazə qoyulan təcili yardım maşınının arxasınca maşın karvanı yox, maşın seli gəlirdi. Mən ömrümdə bu qədər maşın seli görməmişdim. Gürcüstan, Ermənistan seriyalı maşınlar, Qazaxdan, Ağstafadan, Tovuzdan, Gəncədən qoşulan maşınlar...sözün həqiqi mənasında ucu görünməyən susqun, kədərli, ləngərli "karvan" gəlirdi. Bizim maşınımızdakı qara kişi yenə hönkürtü vurub dilləndi:

-Mən Şamilsiz neyləyəcəm?

Bu qara kişi dostları arasında "Qara İsmayıl" kimi tanınan və məhbəs həyatını təzəcə bitirib azadlığa çıxmış məşhur yazıçı İsmayıl Qarayev idi...

...Növbəti gün aprelin 24-də insan selinə sığışmayan Qarabörk qəbiristanlığında biz sözü-özü ağır, namuslu bir Kişini-Şamil Fərzəliyevi dəfn etdik.

Mərkəzi Komitədən gəlmiş şair Vahid Əzizin vida sözündən sönra nəinki İsmayıl əminin, ətrafımda olan adamların da göz yaşlarını, hönkürtülərini xatılayanda indi də kövrəlirəm. Evə qayıdıb çadırın içində Rüfət Əhmədzadə və Şahmar Əkbərzadə ilə yanaşı oturmuşdum. Məmməd Arazdan gələn uzun teleqramı oxyurduq (həmin teleqram indi də durur): "...Gələ bilmirəm...Xəstəliyim şiddətlənib, əziyyət verir...

Şamil mənim ən böyük itkilərimdən biridir..." Və Məmməd Aslan, Rəfiq Zəka Xəndan, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Fəraməz Maqsudov, Cəmil Əlibəyov, Aqil Abbas, Sərdar Mehdiyev, Qədir Allahverdiyev, Sərdar Əliyev, Məmmədağa İsayev...mənim hələ tanımadığım yüzlərlə adam içəri girir, İsmayıl əmiylə görüşürdülər, sanki hüzürün sahibi o idi, birinci ona başsağlığı verirdilər.

...Sonrakı çətin və ağrılı illərdə mən tez-tez İsmayıl Qarayevə baş çəkirdim. Bir-iki dəfə Tapqaraqoyunluya da getmişdim. O, artıq sarsılmışdı. Bizim də vəziyyətimiz ürəkaçan deyildi. Bir dəfə İsmayıl əmiylə görüşəndə (o, artıq Tapqaraqoyunludan Bakıya köçmüşdü) onun ruh düşkünlyünü müşahidə elədim, sarsıldım. Bu hal mənim kimi 27 yaşlı gəncə çox pis təsir etdi. Doğrudur, o, özü bunu heç vaxt büruzə vermək istəmirdi, amma bütün xarici görkəmi, sınıxması, üz qırışları sanki Dərddən, Kədərdən xəbər verirdi. O zamanlar məhbəsdən çıxan adamla təmasdan qorxanlar çox idi; elə indi də az deyil - yarpaqlar töküləndə onları tapdalayan çox olur. Bu, son dərəcə həssas olan İsmayıl əmini ağrıdırdı. Mənim iş yerimə bir neçə dəfə zəng vurmuşdu, qısaca kef-əhvaldan sonra deyirdim:

- Hardasız, İsmayıl əmi, yerinizi, telefonunuzu deyin, gəlim!

Demirdi. Telefon nömrəsini də vermirdi.(O zamanlar mobil telefonlar yox idi ki, adamı asanca tapmaq mümkün olsun!). Deyirdi, narahat olma, lazım olanda özüm səni axtaracam. Bircə xahişim odur ki, Abşeronun birinci katibinə zəng vur, məni qəbul eləsin. İş məsələsidir...

Mənim birinci katibə zəngimdən sonra aydın oldu ki, sən demə, onlar bir-birlərini yaxşı tanıyırlarmış. Hətta ürəyimdə sevindim: "nə yaxşı oldu, İsmayıl əmiyə bir iş verər!"

Çox təəssüf! Bir müddət sonra İsmayıl əmiylə görüşəndə xeyli məyus oldum. Həmin birinci katib ona zavodda fəhləlik eləməyi məsləhət görübmüş...

... Mən bunları Cəmil Əlibəyova danışanda (o, "Kommunist" qəzetinin redaktoru idi) dərhal hökumət telefonunu götürüb yığdı. Cəmil müəllim çox əsəbi tonda həmin katibi qınadı, "Ayıb olsun sizə!" deyib dəstəyi yerinə qoydu, sonra:

-İsmayılı tap, denən mənim yanıma gəlsin!- hökmlə bildirdi.

-Bilmirəm harda qalır, özü demir, heç telefonunu da vermir...Amma hərdən zəng vurur... Bu dəfə zəng vursa, mütləq deyərəm...

...İsmayıl Qarayevi növbəti dəfə görəndə Cəmil müəllimin hökmünü ona çatdırdım və təkidlə xahiş elədim ki, "Kommunist" qəzetinə getsin... O isə halsız-halsız dedi:

-Qoy bir az özümə gəlim, gedərəm...

Hələlik bu qədər... Əlbəttə, onunla bağlı xatirələrim çox azdır, amma qiymətlidir; mənim qəlbimdə qiymətli və ləyaqətli adamın xatirəsinə hər zaman yer var. İsmayıl əmini bir daha görə bilmədim. O, bir daha özündən xəbər vermədi...və günlərin bir günü vaxtsız-vədəsiz ölümündən xəbər gəldi!

Biz daha bir vicdanlı və ağır Kişini itirdik. Biz daha bir istedadlı Yazıçını və Şəxsiyyəti itirdik. Biz elə itirə-itirə gedirik...

Yarpaqlar töküləndə onları tapdalayan çox olar...


Bakı, 21 aprel, 2017-ci il.

İnform.az

Baxış sayı: 330