Şərhlər
13.04.2017 / 21:30

Biz məscidlə bağlı qalmaqalın görünməyən tərəflərini görməliyik

Biz məscidlə bağlı qalmaqalın görünməyən tərəflərini görməliyik
Əlisahib Hüseynov /Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


Paytaxtın keçmiş “Sovetski” məhəlləsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsinə etiraz edən bir qrup dindarın aksiya keçirməsi sıradan bir hadisə deyil. Bu məsələyə adi bir məsələ kimi yanaşmaq olmaz.

Məni ən çox düşündürən məqamlardan biri də budur ki, görəsən, ötən gün keçirilən aksiyada iştirak edən şəxslərin hamısı həmin məscidə aidiyyəti olan dindarlar idimi? Gözlə qaş arasında tələm-tələsik hazırlanan aksiyada radikal dini şüarların səsləndirilməsi nədən xəbər verir? Bütün bunlar şübhələr üçün kifayət qədər əsas yaradır. Biz məscidlə bağlı qalmaqalın görünməyən tərəflərini görməyə çalışmalıyıq.

Aksiyaya toplaşan dindarların əksəriyyəti həmin ərazidə yaşayan vətəndaşlar deyildi. Onlar paytaxtın müxtəlif ərazilərindən gəlmiş şəxslər idi. Onlar sosial şəbəkələrdə aparılan çevik təbliğat nəticəsində aksiyaya gəlmişdilər. Dindarların sosial şəbəkələrdəki bu çevikliyi və mütəşəkkilliyinin özü də ayrıca bir araşdırma mövzusudur. Virtual təşkilatçılar Feysbuk və Whatsapp üzərindən dindarlara müraciət etməklə qısa müddət ərzində kifayət qədər inanclı insanların diqqətini sözügedən məscidin sökülməsi məsələsinə yönəltməyi bacardılar. Hərçənd ki, həmin dindarlar məscidin söküləcəyi haqda sosial şəbəkələrdən xəbər tutub gəldiklərini deyirdilər. Guya ki, ortada heç bir təşkilatçı-flan yox idi. Ancaq görünən isə buydu ki, aksiyada anonim təşkilatçılar var. Elə onlar da dindarların dağılışmamasında maraqlıydılar Baxmayaraq ki, məhəllə ağsaqqalları və hakimiyyət nümayəndələri məscidin hələlik sökülməyəcəyi barədə açıq zəmanət də verdilər. Lakin etirazçılar hətta bu zəmanətdən sonra da dağılışmaq istəmirdilər. Sanki onların dağılışmamasında maraqlı olan hansısa gizli yönləndiricilər, təşkilatçılar vardı. Günün ikinci yarısında dindarlara yemək və su paylayan naməlum şəxslərin peyda olması da elə bu fikirimizi təsdiqləyən məqamlardan biridir.

Maraqlıdır ki, 1912-ci ildə inşa edilən, lakin sovet dövründə fəaliyyəti dayandırılan “Hacı Cavad” məscidi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən dindarların istifadəsinə verilsə də, uzun illər ərzində bu məsciddə yığışan, ibadət edən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciətlər edilməsinə baxmayaraq, bu günədək məscidin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib. Məscidə daimi gəlib-gedən, məsciddəki ibadət və ayinlərə nəzarət edən şəxslər sanki oradaki fəaliyyətlərinin rəsmiləşməsini istəməyiblər və qeyri-rəsmi fəaliyyət göstərməyə üstünlük veriblər. Və ilk baxışdan məhəllə məscidi kimi təsir bağışlayan sözügedən məsciddə məhəllə sakinlərindənsə daha çox məhz kənar yerlərdən gəlmiş şəxslərin ibadət etmələri və mütəşəkkil icmaya çevrilməkləri də diqqəti cəlb edir.
Bəs görəsən, kənardan gələn həmin şəxsləri kim (və ya kimlər) idarə edir? Onlar hansısa xarici dini-siyasi mərkəzlərin, klerikal qüvvələrin təsiri altına düşməyiblərki? Dindarların sosial şəbəkə üzərindən belə asanlıqla və həm də sürətlə bir araya gəlməkləri və aksiya təşkil etməkləri necə baş verdi? Birdəki, qəzalı vəziyyətdə olan, məhəlli miqyaslı kiçik bir məscidin sökülməsi təşəbbüsünü inanclı insanların ibadət hüquqlarına maneçilik törətmək, qəsd etmək kimi qiymətləndirməyə çalışanlar bununla nəyə nail olmaq istəyirlər?

Gördüyünüz kimi, ortada bir yığın açıq qalmış suallar var. "Hacı Cavad" məscidinin sökülməsini siyasiləşdirmək cəhdləri göz qabağındadır. Özü də məhz İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkədə dini zəmində bu cür süni gərginliyin, iğtişaş əhval-ruhiyyəsinin yaradılması kimlərinsə vətəndaş-dövlət qarşıdurması yaratmaq, dindar zümrə ilə dövlət arasında münasibətləri zədələmək niyyətlərindən xəbər verir. Ancaq buna qətiyyən yol vermək olmaz. Prezidentin "Hacı Cavad" məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verməsi də tamamilə düzgün addımdır.

İnform.az


Baxış sayı: 362