Din
19.07.2015 / 13:56

Haram yeməyim, neyləyim?!

Haram yeməyim, neyləyim?!

Son zamanlarda qadınlardan davamlı olaraq, eyni sualları eşidilir: “həyat yoldaşım evə haram pul gətirir, mən də yeyirəm, bu günahdırmı, mən neyləməliyəm?” Bəs evə haram pul gətirilməsinə mane olmaq mümkündürmü?! Təbii ki, əksər hallarda bu mümkün deyil. Çünki evə qazanc gətirən ailə başçısı - deyirsə ki, “yox, mən evimə haram çörək gətirmirəm”, qadın da məcburən buna inanmalı olur. Qadının başqa çarəsi də yoxdur. İnanmayıb qarşı çıxsa da, kişi bunu etiraf etmir. Elə hey israrla “mənim çörəyim halaldır” deməklə, ikinci dəfə günah edir, yalan danışır. Bəs haram qazanılan çörəyi yeyərkən qadına günah gəlirmi? Bax, bu bir az qəliz məsələdir.
...Dövrümüzdə çörəyi kişi qazanmalıdır kimi, bir qanun yoxdur. Təbii ki, qadınlar da işləmək və evinə, övladlarına çörək qazanmaq imkanına sahibdirlər. Kişi, ya qadın qazanır, fərq etməz, evə əgər bircə tikə də haram girirsə, bu min tikə halalı bərbad edir. O ki, qaldı “haram yeməyim, neyləyim” - deyə əzab çəkən qadınlara. Onlara haram haqqında ayələr, hədislər, önəmli insanların fikirlərini deməyi bir qırağa qoyaraq, sadəcə, bir sözü deyə bilərəm: əgər həqiqətən haram yemək istəmirsinizsə, o zaman yeməyin, buna məcbur deyilsən. Deyəcəksən ki, necə məcbur deyiləm, həyat yoldaşım işləməyimə icazə vermir, öz gətirdiyi çörək isə haramdır... Bunun da çox sadə həlli var: aza qane olursan, vəssalam. Yəni, ərinin qazancından həyatda qala biləcək qədər istifadə edirsən. O zaman onun haramına ortaq olmursan. Çünki həyatda qalmaq, yaşamaq məcburiyyətindəsən. Dinizmiz də məcburiyyət qarşısında qaldıqda, haramın ən kiçiyini seçməmisizi əmr edir. Bunun üçün başqa bir vasitən də yoxdur. İkincisi də, sən ərinə tabesən və sənin dolanma qaynağın odur. Cavabdehliyi də, məsuliyyəti də daşıyan odur. Aza qane olaraq, ən təməl ehtiyacları ödəyəcək qədər xərcləmək qadın üçün təbii ki, haramı halal etmir, bu sadəcə, bir çıxış yoludur. Yoxsa, məsələni qəlizləşdirib ailənin dağılmasına qədər gətirib çıxarmağa ehtiyac yoxdur. Çünki Allahın ən sevmədiyi şey ailənin dağılmasıdır. Bu lap halal-haram bəhansəi ilə olsa belə. Qeyd edək ki, çətinliyi həll etmək, çətinlikdən qaçmaqla olmur. Təbii ki, bunun həlli yollarını araşdırmaq lazımdır. Aza qane olmaq Birincisi, ən aza qane olaraq, ürəyinin istədiyini etməmək, nəfsini cilovlayıb, sıxmaqla haramdan uzaqlaşmaq lazımdır. Bəzən də olur ki, insanlar nəfslərinə uyaraq ucuz həyatın qulu olurlar. Bunu da insan kimi yaşamaq adlandırır və bu zaman haram dediyini halal zənn edərək istifadə edir. Buna da səbəb öz təbii və təməl ehtiyaclarını ödəməkdə əməllərini haqlı saymasıdır.
Haramı halala çevirmək. Qadın yediyi haramı necə halala çevirə bilər? Öncəliklə bilməliyik ki, heç bir haram halala çevrilmir. Sadəcə özümüzə təsəlli vermək, rahatlamaq üçün bu fikri qəbul edirik. Ancaq günah işlətdiyimiz zaman onun bağışlanması naminə tövbə etməyə ehtiyac var. Bir də ehtiyacı olanlara əl tutaraq, onların xeyir-duasını almaq lazımdır. Beləliklə də, qismən də olsa günahlardan arınmış olursan.
Qəflətə düşməmək... Yəni, bir an da olsun fikrini, qəlbini Allahdan ayırmamaq, qəlbini hər an diri tutmaqdır. Yox, bunu bacarmasan, güclə halala yaxınlaşdırdığın haramı əvvəlkindən də betər haram edərsən. Haram bir az elastik bir şeydir. Yəni xeyri başlayıb sona çatdırmaq üçün, müəyyən mətinliklərdən keçməli olursan. Halalla haram arasında çox incə bir cizgi var, bəzən bir birinə elə qarışır ki, bunları bir birindən ayırmaq olmur. Elə də olur ki, halal haramın və ya haram halalın içində gizli olur. Diqqət etsək görərik ki, halalla haram bir birindən iki hərflə ayrılır, digər hərflər eynidir. Hikmətin cilvəsi də budur ki, bəzən insanla gözbağlayıcı kimi oyun oynayır. Halaldakı iki bir (L) hərfi Allah kəliməsini iki L hərfləridir ki, bu Allahın dərgahına aiddir. Haramdakı iki hərf - r və m hərfləri isə racim sözünün r və m hərfləridir ki, bu Tanrı dərgahından qovulmuşluğun rəmzidir. Bu qədər...
Halal və haram üzərində xeyli gəzişmə etdik. Əsas olan niyyətin saflığıdır. Əməlin cavabını isə Uca Tanrı özü verir. Bir də belə bir deyim var: əgər özün düz durmusansa, kölgənin əyri düşməyindən qorxma. Çalışaq özümüz düz duraq!..

Ayişə Nəbi / İnform.az

Baxış sayı: 416