Ədəbiyyat
03.04.2017 / 16:48

Qovaq ağacı

Qovaq ağacı
Şəddad Cəfərov

Yumoristik hekayə


Bir gün eşitdim ki, keçmiş məktəb yoldaşım Cəfərqulu Rayon İcraiyyə Komitəsinin sədri “seçilib”. Bərk sevindim və öz-özümə dedim ki, ə, nə yaxşı oldu, lap yerinə düşdü. Qoy bir az vaxt keçsin, gedib xahiş edəcəyəm, bizim bərbad günə düşmüş həyətimizi abadlaşdırmaqda bizə kömək eləsin. Axı, onun da uşaqlığı bu həyətdə keçmişdi.

Elə belə də elədim. Bir aydan sonra geyinib-keçinib böyük ümidlə yollandım dostumun qəbuluna. Uzun bir dəhlizdən keçib “Rayon İcraiyyə Komitəsinin sədri” sözləri yazılmış bir qapının qənşərində dayandım. Bir az özümü yığışdırıb otağa girdim. Qəbul otağı, sən demə, bir yekə zal imiş. Sədrin qapısına yaxın yerdə gözəl bir katibə qız da oturub kitab oxuyurdu.
Salam verdim. Başını qaldırmadan “əleyküm” dedi. İncimədim. Fikirləşdim ki, yəqin kitabda özünə ən maraqlı gələn yeri oxuyur. Bir azdan yenə qızcığazı narahat etməli oldum.
- Xanım qız, sədri görmək istəyirəm.
Laqeydcə başını qaldırıb “məşğuldur” deyib kitabı oxumağa davam etdi.

Mən stulların birində oturub gözləməyə başladım. Az keçməmiş beş-on adam növbəylə sədrin qapısını açıb içəri keçdi. Hər dəfə də katibə qız başını qaldırıb adamları süzür və yenidən öz mütaliəsini davam etdirirdi. Axırıncı adam sədrin yanından çıxanda mən də ürəklənib ayağa qalxdım, istədim içəri keçəm. Qız da başını qaldırıb yaşına uyğun olmayan kobudluqla:
-Dedim ki, sədr məşğuldur, - dedi.

Qızın bu hərəkəti heç xoşuma gəlmədi, “lənət şeytana” deyib evə qayıtdım. Yol boyu dostumla görüşə nail olmaq üçün bütün mümkün variantları götür-qoy etdim. Belə qərara gəldim ki, yaxşısı budur, səhər tezdən binanın qabağındakı qovaq ağacının yanında dayanım, sədr gəlib içəri keçəndə mütləq məni görüb otağına dəvət edər.
Səhəri gün düşündüyüm kimi elədim.

Xeyli gözləyəndən sonra gördüm ki, budu ha, bir qara “Volqa” gəldi dayandı icrakomun girəcəyinin düz qabağında. Məktəbli dostum maşından düşüb, heç nəyə əhəmiyyət vermədən cəld binaya girdi. Elə sürətlə yanımdan keçdi ki, heç onu səsləməyə belə macal tapmadım. Kor-peşiman geri qayıtdım. Öz-özümə təskinlik verdim, “yəqin onun bu gün çox vacib işləri var”. Sabah gələrəm.

Sabahı gün də, o biri günlər də eyni səhnə təkrarlandı. Sanki Cəfərqulu üçün mən adlı məktəb yoldaşı yox imiş. Özümü ələ almağa çalışdım. “Sayanın quluyam, saymayanın ağası” məsəli ilə özümə təskinlik verdim. Və bir daha Cəfərqulunun qəbuluna düşməyə cəhd etmədim.

Üstündən neçə illər keçdi. Günlərin bir günü sahil bağında gəzişirdim. Gördüm ki, hərif asta-asta mənə tərəf gəlir. Yaxınlaşanda çox mehribancasına görüşüb hal-əhval tutdu. Bir qədər birlikdə var-gəl eləyib olub keçənləri yada saldıq. Sonra söhbəti hərləyib-fırlayıb o hadisənin üstünə gətirdim. And elədi ki, doğrusu, görməmişəm. Dedim, ədə, necə görməmisən, yanında dayandığım qovaq ağacı düz qapının girəcəyində idi. Yəni o boyda ağacı da görmürdün?

Dərindən köksünü ötürüb yanıqlı-yanıqlı dedi:
- Vallah, həmin o nəhəng qovaq ağacını ancaq vəzifədən çıxandan sonra görmüşəm. Səni onun yanında necə görə bilərdim?!

İnform.az

Baxış sayı: 578