Ədəbiyyat
27.03.2017 / 13:10

Fərman Kərimzadənin palitrası və sənət eşqi

Fərman Kərimzadənin palitrası və sənət eşqi
Aydın Hüseynov


Doğrudan da belədir: sənət eşqi ilə yaşayan insan qocalmır, sənəti ilə birlikdə yaşayır, əsrlər boyu cavan görünür, cismən yox olsa da, mənən sıralarımızda ömür sürür.

Fərman Kərimzadə kimi!


Nədir bu? Daxili tələbat, müəllifin xüsusi cazibə üsulları, yoxsa ki, sadəcə oxucu marağı? İllər keçdikcə, dərk etmişəm ki, məni cəlb edən elə bütövlükdə Fərman Kərimzadə, onun palitrasında yoğruluyb fırçası ilə nəqş olunan sənətidir.

Mən tənqidçi deyiləm, ədəbiyyatşünas da deyiləm, yalnız oxucu kimi söyləyə bilərəm ki, o zaman Fərman Kərimzadəni Gi de Mopassanla müqayisəyə çıxartmaq maraqlı olardı. Mopassan fransızların çox da bəyənmədiyi kiçik hekayə janrını çox qısa müddətdə - cəmisi 10 il ərzində necə hörmətə mindirmişdisə, Fərman Kərimzadə də hekayələri ilə müasir Azərbaycan ədəbiyyatını bir o qədər zənginləşdirə bilmişdi.

Onun “Hanı bəstəkar”, Qalada”, “Oxşarlıq” hekayələri, M.Ə.Sabir haqqında etüdləri bu cəhətdən yaxşı nümunələrdir. Yazıçının “Heykəl dilə gəlir”, “Xallı maral” əsərlərində cəmiyyətdəki neqativ halların tənqidi, “Dağ cayının bayatısı”, “Mən gözəl axtarırdım”, “Qız qalası” hekayələrində mənəvi həyatın bir sıra problemlərinin açılmasına göstərilən cəhdlər ötən əsrin 60-cı illəri üçün maraqlı və məsuliyyətli məsələlər idi.

Fərman Kərimzadə ədəbiyyatda öz izi və öz üzü olan yazıçı idi, əsərlərində təhkiyə məharəti, bədii təsvir vasitələrindən istifadə bacarığı, mənə elə gəlir ki, anadangəlmədir, yəni sonradan verilməyib, daxilindən əti-qanı ilə süzülüb axan bir bulaqdır. O, tipik situasiyalar, daxili monoloqlar, özünütəhlil və özünütəsdiq ədəbiyyatının aparıcılarından biri olmuşdur.

Fərman Kərimzadənin palitrası və sənət eşqi

Əsərlərini mütaliə edərkən sanki parlaq və rəngarəng işıqlar saçan çilçıraqlarla bəzədilmiş bir evə daxil olursan, qarşında zövqlə bəzədilmiş zalların anfiladası açılır, təəccüblü dərəcədə harmonik, zəngin koloritə malik, təkrarsız bir məkana düşürsən. Bu məkanda böyükdən böyük, yalnız ALLAHDAN kiçik İNSAN məskən salıb. Və insani məhəbbətə təşnə, öz yaradıcılığının əsiri olan Fərman Kərimzadə insanı naturadan çəkən rəssamdır, onun təhqiqatçısıdır, çilçıraqlardan və insanın özündən süzülüb gələn hər zərif şüanı görməyi, o qövsi-qüzehin rənglərini seçməyi və saf-çürük etməyi bacarır. O, tariximizin müəyyən mərhələsində baş vermiş hadisələrin bilavasitə şahidi olmasa da, şərq mentaliteti fonunda bu hadisələrin şəklini öz bədii intiusiyası və təsəvvürü ilə çəkir. Nəsillərin bir-birini əvəz etməsi, ideyaların və dünyagörüşlərin estafeti diqqətlə təhlil olunur, nəticədə qəlbləri thtizaza gətirən tarixi ballada yaranır.

Mən mərhum yazıçımızın dəfələrlə qədim yaşayış məskənlərində, müasir nəqliyyatın işləmədiyi yerlərdə payi-piyada dolaşmasının şahidi olmuşam. Özü də Fərman müəllim bu səfərlərdən qətiyyən “yoruldum” deməzdi, əksinə, yeni bir şey görəndə və eşidəndə uşaq kimi sevinərdi. Romanlarında tayfalar, ordular, şəhərlər, kəndlər, qalalar, adət vəənənələr, insanların geyim və əşyaları elə parlaq və həqiqi boyalarla təsvir olunur ki! Üstəgəl, personajların dili, dilin leksik-frazeoloji, struktur-semantik xüsusiyyətləri.

Bir dəfə ona sual verdim: Şah İsmayıl qələm sahibi kimi humanist adam olmalı idi, necə olur ki, əlinə qılınc götürərkən şairlik bircə anda arxa plana keçir, axşam güldən-bülbüldən, insanın ali xisləti olan sevgidən bəhs rdən şeir üzərində baş sındıran İsmayıl səhərisi gün baş kəsmək barəsində fərman verir. Belə halda Şah İsmayıla müsbət qəhrəman demək olarmı?
Fərman müəllimin qalın bığlarının altında təbəssüm göründü. Dedi: “Bilirsənmi, mən də çox istərdim ki, Şah İsmayıl qılınc əhlindən artıq qələm əhli olsun. Lakin bacarmadım.Çünki o, Şah İsmayıldır, İsmayılın özüdür”.

Mixail Şoloxov “Sakit Don” romanında Qriqori Melexovu inqilabçı olmağa məcbur edə bilmədiyi kimi, Fərman Kərimzadə də öz qəhrəmanını özündən kənara çıxmağa məcdur edə bilmir. Çünki, tarixi yaratmış şəxsiyyətin surətinə əlavə uydurma rənglər çəkəndə, tarixin rəngi dəyişə bilər.

Əslində qəhrəmanı istiqamətləndirməyə müəllif haqqı olsa da, F.Kərimzadə tarixi şəxsiyyətə özgə don geydirmir, onu olduğu kimi təqdim edir. Bax, elə buna görə də Fərman müəllimin obrazı realdır, cəlbedicidir, inandırıcıdır, qüvvətlidir.

XV-XVI əsrlərin hadisələrini əks etdirən “Xudafərin körpüsü”ndə Şah İsmayılın uşaqlıq və gənclik illərini, hakimiyyət uğrunda mübarizəsini yazıçı burada Uzun Həsən, Sara xatun, Hüseyn Lələbəy, Əbiş Sultan kimi yadda qalan obrazları da məharətlə yaratmışdır. Və mən inanmıram ki, o tarixi dönəmin obrazlarını başqa bir yazıçı bu qədər dərinliyi ilə canlandıra bilərdi. Bu da ondan irəli gəlir ki, Fərman müəllim tarixi qaynaqlardan obyektiv nəticələr çıxartmaqla yanaşı tarixi yaradanlara münasibətdə də uydurmalara uymamışdır.Fərman Kərimzadə Şah İsmayılı geyğəmbər, milli qəhrəman səviyyəsinə yüksəldir, onun şəxsi igidliyi, ordunun önündə Kür çayını at belində birinci keçməsi ilə göstərdiyi nümunə buna misaldır. O, ölkə bir olmayınca taxtda oturmur, istəklərini yerinə yetirməyincə rahat ola bilmir, daim qılınc çalır, özünü odlara yaxır. O, “Vətəni qoruyarlar, Vətən olar”, deyir, fərariləri edam etdirir. Bu məqam isə olduqca heyrətamizdir və bu günlə, gələcəklə də eyni səviyyədə, eyni qüdrətlə səslənir.

Gördükləri, duyduqları gənc hökmdarı düşündürür, xalqının ləyaqətinə inamını, milli hisslərini gücləndirir.«Xudafərin körpüsü»ndə özünü Qız qalasından atan cəngavər gəlin təsvir olunur.Onun bu mərdanə hərəkəti İsmayıldan ötrü hətta zamanı dayandırır, igidliyini, cəngavərliyini yadigar qoyub gedir.Onun adını İsmayıl tarixçilərə qızıl suyu ilə yazdırardı. Amma heç kəs gəlinin adını demir. «Qadının adı yad kişilərin dilində çəkilsə, qəbahət olar.Deməyin mənim adımı». —Gəlin hamıya belə göstəriş vermişdi. İsmayıl da bu qənaətə gəlir: «Əhsən! Bərəkallah belə yurd qızına, qadınına!»

Ümumiyyətlə, kişilik, qeyrət, namus, bu milli-mənəvi dəyərlər içərisində millətin keçdiyi tarixi yol Fərman Kərimzadənin əsərlərinin baş mövzusudur, müxtəlif rənglər içərisində daha qabarıq görünür.Və demək olar ki, yazıçının hər bir əsərində süjetdən, fabuladan asılı olaraq müxtəlif ölçü və biçimdə olan milli-mənəvi məsələlər öz yerini tapır. «Ömrümüz-günümüz» əsərində Püstə ana da «Qarlı aşırım»dakı “kişiliyimiz var” simalı Kərbəlayi İsmayılla eyni fikirdədir: «Kişisiz evi axtarmazlar».

***
Roman yazmaq çətindir, çoxillik gərgin zəhmət tələb edir. Rus yazıçısı Konstantin Fedin çox cəlbedici bir müqayisə vermişdir: «Roman yaratmaq bir nəfərin böyük bir şəhəri tikməsinə bənzəyir». Tarixi roman yazmaq isə daha ciddi məsələdir, çoxəsrlik nəhəng ağacı silkələmək deməkdir.

Fərman Kərimzadə çoxəsrlik nəhəng ağaca yeni pöhrələr bəxş etdi, eyni zamanda bu nəhəng ağacın rişələrinin dərin qatlara işləməsinə nail oldu. O, özündən əvvəlki tarixi romançılardan irəli gedə bilərdi. Amma neyləmək olar ki, Fərman müəllimin böyüklərə hörmət-izzəti, şəxsi təvazökarlığı hələ sağlığında buna imkan vermədi.Belə olmasaydı da, ona yer göstərəcəkdilər və o, həya-abır sahibi kimi, məsləhət görülən yerdəəyləşəcəkdi.Fərman müəllim öz nailiyyətlərini gözə soxmurdu, bilə-bilə öz əsərləri haqqında gurultulu qiymətdən qaçırdı ki, birdən deyərlər Ordubadidən yaxşı yazır. O, öz əsərlərindən fərli-başlı bir qonorar da gözləmirdi, ancaq qələmini və fırçasını bekar qoymurdu, yəni, «balığı at dəryaya, balıq bilməsə də, Xaliq biləcək». Həyatda böyük-kiçiyin öz yeri və mövqeyi olduğu kimi, ədəbiyyatda da hər kəsin öz yeri, öz çəkisi olmalıdır.

Fərman Kərimzadə müharibələrdən, qan-qadalardan çox yazmışdı.Lakin mən onu zahirdə ağlayan, kədərlənən görməmişdim.Onda həyati optimizm güclüydü, özü də cəsarətli, təsirli, sanki o müharibələrin içində bərkimiş, xalqın sınaqları ilə yol yoldaşı olmuş optimizm.Yazıçının qəlbində tarixi optimizm əsil vətənpərvərə, döyüşçüyə, mübariz insana, eyni zamanda insanın və təbiətin zənginliklərinə vurğun bir şəxsə məxsus hissiyyata çevrilmişdi.Onun sənətdəki hər addımı Vətən torpaqlarının qarışlarının əksi-izi, hər bir əsəri tariximizin, həyatımızın, mənəviyyatımızın, etnik varlığımızın güzgüsü idi.

***

Fərman Kərimzadə elə insan idi ki, onun iç portretini hər sənətkar çəkə bilməz. Pərişan saçları, qalın bığları xaricən ona zəhmli görkəm versə də, rəhmətliyin daxili aləmi son dərəcə yumşaq və həlim idi.Taleyindən razı, bir parça çörək üçün Yaradana min yol şükr edən, ətrafındakıları naşükürlükdən uzaq durmağa çağıran, insaf və mürvət timsalı idi.Ona yüz dəfə pislik edən, yolda piyada görüb maşınını saxlayıb götürməyən hər hansı kəs də Fərman müəllim üçün hər şeydən əvvəl insandı.Adamların çoxu naqis xarakteri ana bətnində deyil, sonradan düşdüyü mühitdən əxz edir.Ona görə də Fərman müəllim fərqinə varmırdı, dünən onu piyada qoymuş adamı bu gün öz maşınına götürürdü.

Bir dəfə o, Beyləqana səfər edərkən İmişlidə köhnə dostu olan polis rəisi Tahir Kazımovla görüşmək üçün onun kabinetinə gəlir. Bu vədə polis rəisi yazıçının «Qarlı aşırım»da verdiyi real şəxs olan Qəmlonun nəvələrindən birinin cinayət işi ilə məşğul imiş. Qəmlonun xarakter cizgilərini yazıçı, rəssam və insanşünas tədqiqatçı olan Fərman müəllimdən yaxşı bilən yox idi. Buna baxmayaraq o, Qəmlonun nəvələrini bağışlamağı polis rəisindən xahiş edir.

Böyüyün-kiçiyin yerini bilən insan idi Fərman müəllim.Bu təvazökar, nəvazişkar insanla söhbət edəndə, adama elə gəlirdi ki, sənin qarşında sıxılır, utancaqlıq edir.Bilmirəm, qoy məndən inciməsinlər, nə üçünsə, o vaxtlar bəzi yüksək çinli məmurlar öz təkəbbürlərini gizlədə bilməyərək belə abrına qısılan adamlara «yetim» deyirdilər. O da vardı ki, həmin rəhbərlər Fərman müəllimin bir kitabını belə oxumamışdılar, hardan biləydilər ki, o, nə boyda bir ürəyin sahibidir. Belə bir ürəyin yiyəsi, cismən yetim olardı, mənən ola bilməzdi. Dostlarından birinin şəhadətinə görə, məhz həyatının son saatlarında yüksək çinli partiya məmurunun Fərman müəllimin insanları bədbəxtlikdən xilas etmək təşəbbüsünə laqeyd münasibəti, mal-heyvanın taleyini insan taleyindən üstün tutması onun ürəyinə sağalmaz zərbə vurmuşdu.

O vaxtlar Cənub zonasına tez-tez gəlib-gedərdi, əksər hallarda oğlu Əzizlə birlikdə səfərə çıxardı. Hər dəfə bizim tərəflərə güzarı düşəndə hökmən görüşərdik.Kabinetlərdə qərar tutmayıb rayonun kəndlərinə baş çəkərdi, camaatla təmasda olardı, qocaların, müdriklərin söyləmələrini hədsiz maraqla dinləyərdi, bu yerlərin tarixinə dair hər bir hekayəti yaddaşına hopdurmağa çalışardı.Yaxşı məlum idi ki, Fərman müəllim doğma yurdun tarixini yaxşı bilir, ancaq öz bilgilərini büruzə verməməyə çalışırdi.Onun söylədiklərindəki məqamlar indi də məni düşündürür. Deyərdi: "Heç kimin ixtiyarı çatmır söyləsin ki, bizim tariximiz yoxdur. Biz gəlmə xalq deyilik, əcdadlarımız bu torpaq üzərində yaşayıblar.Bu təpələr, yurd yerləri tariximiz deyil, bəs nədir?"
Hərdənbir vaxt imkan verəndə o vaxt dəbdə olan "Göytəpə" istirahət yerinə qalxıb çörək kəsərdik.Sonra təpənin kənarında dayanıb Mişarçayın sahillərini, ucsuz-bucaqsız üzümlükləri seyr edərdik.Mən ona bu təpənin tarixi haqqında eşitdiklərimi, ətrafdakı qədim yurd yerləri barədə bildiklərimi söylədikcə, sakit bir təbəssümlə, səbrlə dinləməyinin şahidi olurdum.Deyirdi ki, bu yerlər tarixin özüdür, biz qələm sahibləri isə tarixi kağıza köçürənlərik.Azərbaycanımızı yaşatmaq hər birimizin ən müqəddəs borcumuzdur.

...Yaxşı yadımdadır, 1982-ci ilin dekabr ayı idi. Səhv etmirəmsə, qar yağırdı.Buna baxmayaraq, rayon mərkəzində qələbəlik idi.Hamı o zamankı rayon partiya komitəsinin binasına tərəf axışırdı.Mərhum Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsi və ölkə Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi münaibətilə keçirilən yığıncaqda Fərman müəllim də ön cərgədə əyləşmişdi. Sakit təbiətli bu adamı tanımaq olmurdu, sevincinin həddi-hüdudu bilinmirdi. Yerində otura bilməyib bir neçə dəfə əlini qaldırandan sonra ona da söz verildi. Tribunaya qalxıb danışmağa başladı. O qədər həyəcanla, özünə xas olmayan çılğınlıqla danışırdı ki, elə bil yazdığı əsəri əzbərdən söyləyirdi. Həm də ən çox danışan o oldu, çıxışını tamamlamağı xatırlatmalı oldular.

Yığıncaqdan sonra adamların içərisindən çıxıb zalın qarşısında kim rastına çıxırdısa, qucaqlayıb öpürdü. O, Azərbaycanın, doğma xalqının uğuruna, ad-sanına beləcə sevinirdi, fəxarət hissi keçirirdi. Bu mənada Fərman Kərimzadə bütün varlığı ilə Vətən oğlu idi, azərbaycanlı və azərbaycançı idi. Uzun Həsən, Şah İsmayıl, Abasqulu bəy kimi azərbaycanlı olan Fərman Kərimzadə bu haqqı özü qazanmışdı. Mənə elə gəlir ki, əsil azərbaycanlı-vətəndaş olmaqdan ötrü sevimli yazıçımızdan bəhrələnmək, onun ölməz əsərlərini dönə-dönə oxumaq, ən əsası isə dərk etmək gərəkdir.

***

Belə. Hər dəfə baharın ilk pöhrələri görünəndə, ağacların budaqlarında sırğalar əmələ gələndə, yer buğlananda Fərman Kərimzadə yada düşür. Şəxsi qənaətimcə, ədəbiyyatımızda yaxşıların yaxşısını ana yurdumuz bu məqamda tapmışdı, bu məqamda da itirdi. Ancaq bir təsəlli də var ki, tükənməz sənət eşqi ilə yaranmış əsərlər müəllifi olduğu üçün Fərman Kərimzadənin ruhu həmişə rəvandır, cavandır, heç vaxt qocalmayacaq.

İnform.az

Baxış sayı: 1129