Şərhlər
27.03.2017 / 12:00

XX əsrin 2-ci yarısında zəncilərin azadlıq hərəkatına baxış- Amerikada

XX əsrin 2-ci yarısında zəncilərin azadlıq hərəkatına baxış-
Ramiz Səmədov


I yazı

Təsəvvür et ki, 50-ci illərdə gənc qaradərilisən və Amerikada yaşayırsan.
Nə normal orta təhsilin var, nə də ali təhsil ala bilirsən. Dövlətin sənə heç bir dəstəyi yoxdu. Ailə üzvlərindən biri çox güman ki, xəstədi. Ayaq işlərindən başqa peşə tapa bilmirsən. Birlikdə böyüdüyün dostlar yəqinki ya narkoman, ya da hansısa küçə dəstəsinin üzvləridi.

Çox güman ki, sənin özün də hansısa baş dumanlandıran vasitənin aludəçisisən. Küçəyə çıxdığın andan ağlar səni alçaltmağa çalışırlar. Təhqirlər, dava-dalaşlar və özünü müdafiə etməyin yeganə yolu yumruqlarındı. Ya da bəlkə özgüvən qazanmaq üçün gizlin silah almısan. Ağlar üçün sən yüz illərdi mədəniyyətsiz fəhlədən başqa bir şey deyilsən. Onlar da sənin mərhəmətsiz sahiblərindi, amma sən bunu nə qəbul edə bilirsən, nə də qarşı çıxmaq kimi bir seçimin var. Təbii ki, azadlıq kəlməsini dırnaq içindən çıxarıb normal həyat yaşamaq istəyirsən. Amma bu sənə mümkünsüz gəlir.

Belə bir dövrdə iki tamamilə “ayrı dünyanın adamları” səsini ucaltmağa və sənin kimi gəncləri ətrafına toplayıb hüquqlarını tələb etməyə başlayır: Martin Luter Kinq və Malkolm X (İks).
XX əsrin ən böyük zənci inqilabının bir hissəsi olacağından və bu inqilabların hər ikisinin 50-lərin ortasında başlayıb 60-ların ortasında bitəcəyi haqqında heç fikrin də yoxdu. Təbii ki, bu iki şəxsiyyətdən yalnız birini izləyə bilərsən. Mən sənə hər ikisi haqqında məlumat verəcəm, sən tərəfini də seçəcəksən, niyə yalnız birini seçməli olduğunu da anlayacaqsan.

Malkolm Litl 1925-in 19 mayında Nebraskada anadan olub. Orta təhsilini qaralar üçün nəzərdə tutulmuş məktəblərin birində alıb. Ta ki, ən sevdiyi müəllimi ona “hüquqşünas olmaq qaralar üçün boş xəyaldan başqa bir şey deyil” deyənə qədər. Məktəbi buraxdıqdan sonra Malkolm özünü küçələrə atır. Yeniyetməlik yaşlarında əsl qaradərili həyatı yaşayıb. Ofisiantlıqdan ayaqqabı təmizləyicisinə, narkotik alverindən oğurluğa qədər irili-xırdalı işlərlə məşğul olmuş, özündə də narkotik və qumara aludəçilik yaranmışdı.

XX əsrin 2-ci yarısında zəncilərin azadlıq hərəkatına baxış-


Ağların ağlındakı zənci tipinin tam haqqını verib desək yanılmarıq. İşlər irəlilədikcə qeyri-qanuni işlərin tüğyan etdiyi məkanlarda Malkolmun adı "Detroitin şeytanı" olaraq hallanmağa başlayır.
1946-cı ildə oğurluq edərkən tutulan Malkolm 8-10 il müddətinə həbs olunur. Həbsdə olarkən oxumağı və yazmağı öyrənir. 1948-cı ildə Afrika Diasporasının İslam Cəmiyyətinin üzvü Reginalddan aldığı məktubda siqaret və donuz ətindən imtina edərsə azad buraxılacağı vədini oxuyur. Həmin vaxtda İslamı həbsxanadan çıxış bileti kimi istifadə etməyə qərar verir və Cəmiyyətin rəhbəri olan Elaycah Məhəmmədin bütün tələblərini yerinə yetirir.

Reginald Malkolma ağların İslamda göstərilən şeytanlar olduğunu və onlara qarşı mübarizə aparmalı olduğu deyir. Elaycah Məhəmmədlə məktublaşmalardan sonra Malkolm Litl İslamı tam öyrənir və bütün ruhuyla bu dinə bağlanır.

1950-ci ildə prezident Trumana yazdığı məktubda onu Koreya müharibəsinə görə qınayan Malkolm ilk dəfə X (iks) təxəllüsündən istifadə edir. Müsahibələrində X-in mənası barədə danışarkən Malkolm deyir “Litl mənim ağdərili sahibimin qul olan əcdadlarıma verdiyi soyaddır. X isə mənim Afrikadan gələn babalarımın haqqında heç nə bilmədiyim nəslini təmsil edir.”
Həbsdən çıxdıqdan sonra Elaycah Məhəmmədlə görüşən X İslam Cəmiyyətinin Detroitdəki məbədinə sədr təyin olunur. 1958-ci ildə elə həmin məbədə mühazirələrini dinləməyə gələn Betti Sanderslə ailə qurur və onların 6 övladı dünyaya gəlir.

1957-ci ildə islam cəmiyyətinin digər bir üzvü Hinton Consonun iki polis tərəfindən döyülməsi Malkolmun hakim orqanlara qarşı radikal hərəkatının bünövrəsini qoyur. X bundan sonraki həyatında aqressiv çıxışları ilə yadda qalır. O nitqlərində Martin Luter Kinq sivil hərəkatını qorxaqlar üçün ümid yeri adlandırır və öz tərəfdaşlarının ehtiyac olarsa silahlı üsyanla belə ədalətin bərpa olunmağına hazır olduqlarını bildirir.

Seçdiyi yolun fərqli istiqamət alması X-i Elaycah Məhəmmədin ətrafından uzaqlaşdırır. Malkolm Elaycah Məhəmmədi yolundan azmış adlandırır, onu gənc rahibələrlə cinsi əlaqədə olmaqla günahlandırır və beləcə İslam Cəmiyyətindən uzaqlaşır. Bu dövrdə Malkolm həm də yaxın dostu boksyor Məhəmməd Əlidən də uzaqlaşır.

1964-cü ildə Həcc ziyarətinə gedən X bəzi Avropa və Afrika ölkələrini də gəzir. Həcc ziyarətindən sonra Əl-Hacc Malik Əl-Şabaz adından istifadə edir. Amerikadan uzaqda keçən vaxtlarda Malkolm X ideologiyasında bir çox dəyişikliklər edir, xasiyyəti mülayimləşir. Hətta Amerikaya qayıtdıqdan sonra Luter Kinqə qaradərililərin azadlıq hərəkatında köməyini təklif edir. Lakin Kinq bu təklifi qəbul etmir. Düşüncələrinin nə qədər dəyişməsindən asılı olmayaraq Malkolm keçmişdə buraxdığı səhvləri düzəldə bilmir və səsi heç vaxt əvvəlki kimi yüksəlmir.

Ölüm təhdidləriylə tez-tez üzləşən Malkolm X 21 fevral 1965-ci ildə mühazirə zamanı nitq söyləyərkən 3 nəfər tərəfindən güllələnərək qətlə yetirilir. Qatillər haqqında şayələr və versiyalar bugünə qədər də mövcuddur.

Malkolm X-i daha yaxından tanımaq istəsən haqqında yazılan kitabları və eyni adlı filmi izləyə bilərsən. Azadlıq hərəkatının digər təmsilçisi haqqında isə növbəti yazımda oxuyub özün dəyərləndirmə edə bilərsən. Vaxtını ayırıb Qara Tarixi şərəfləndirdiyin üçün təşəkkür edirəm.


İnform.az

Baxış sayı: 1148