Araşdırma
20.03.2017 / 00:07

“Muğ - an” etnonimi və toponimi haqqında- Araşdırma

“Muğ - an” etnonimi və toponimi haqqında-
Ələsgər Mirzəzadə/tarixçi-araşdırmaçı

I yazı

Tarixi ədəbiyyatda göstərilir ki, muğanlılar – Cənublu, Şimallı Muğan düzündə (çölündə) yaşamış türkdilli Azərbaycan tayfalarının ümumi adıdır. Bu tayfaların Muğanda qədimdən yaşamaları məlumdur. XIX əsrdə isə onlar bir neçə tirədən ibarət olmaqla, Muğan düzündə yaşamağa davam etmişlər.

Muğan düzü qədim Azərbaycanın pale-toponimlərindən biridir. Bu ərazi haqqında 3500-4000 il bundan əvvəl tarixi mənbələrdə, bütöv, bəzən isə ayrı-ayrı dövlətlərin tərkibində olması barədə məlumatlar var. 1635-ci ilin noyabrında Muğanda olmuş almaniyalı məşhur coğrafiyaşünas-alim Adam Oleari yazırdı ki, - "türklər bu səhraya "min-dünlük”, yəni "1000- bacalı yer” adını veriblər. Qədim iranlılar isə onu "Mokan”, yaxud "Muğan” adlandırıblar. "Muğan” sözünün mənası ilə bağlı araşdırılmış və araşdırılmamış çox fikir söyləmək mümkündür (Bununla bağlı bəzi fikirləri aşağıda şərh edəcəyik). Çünki, bu anlamın düzgün olaraq dərk edilməsi vətənimizin gözəl güşəsinin tarixini, mədəni və mənəvi dəyərlərinin öyrənilməsində çox önəmlidir. Saysız-hesabsız mədəni varlıqların süzgəcindən keçmiş Muğan torpağı hələ qədimlərdən bəri əvəzsiz arxeoloji sənət nümunələrinin aşkar olunduğu əsas məkanlardan biri olaraq qalır

Muğan muğ etnonimi kimi bəzi tarixi mənbələrdə 4 min il, bəzi mənbələrdə isə 5 min il bundan əvvələ aid edilir. Bəzi qaynaqlarda Muğan türk soykökündə dayanan toponim kimi, bəzi fars mənbələrində isə,səhvənMidiya ərazisində olan fars mənşəli bir xalq hesab edilir. Bu haqda, qaynaqlara əsaslanaraq, aşağıda şərhlər verəcəyik.

Tədqiqatlara görə, Muğanın adı Muğan ərazisində yaşayan Muğ (mük) tayfalarının adından götürülmüşdür. Bəzi tədqiqatçılar isə “muğan” sözünü türk sözu kimi qəbul edərək, Altay mənşəli olduğunu iddia edirlər. Türkçə “muğ”-düz, an şəkilçisi isə “yer”, yəni düz yer, düzənlik deməkdir. Altayda, Orta Asiyada, Qazaxıstanda, Sibirdə,hətta Azərbaycanda yaşayan türksoylu xalqların çoxu düzən yerdə yaşamış və bu gün də yaşamaqdadırlar. Muğan adında Turan elində çoxlu yerlər var. Məsələn, Qazaxıstanda – Muğanlı, Muğan, Mukan, Müxan; Türkiyədə - Muğla; Saxa - Yakutiyada – Muklan, Muquan, Mukuan; Tuvada da həmçinin və s. Təkcə Azərbaycanda 15 – dən yuxarı kəndin adı Muğan və Muğanlıdır. Cənubi Qafqazın digər bölgələrində - Gürcüstan və Ermənistanda da, son vaxtlara qədər, Muğan adlı yaşayış sahəsi mövcud olmuş dur. Lakin hər yerdə bu sözün mənası eynidir. Bir çox mənbələr bu tayfaların Azərbaycan ərazisində tarixən yaşamasını qeyd edirlər. Herоdot öz “Tarix” əsərində göstərir ki, «...muğlar Kaspi dənizinin cənub-qərbində yaşayan Midiya tayfalarından biridir».

Təbii ki, o dövrdə Azərbaycanın ərazisində yaşayan tayfa və xalqlar Midiya hakimiyyəti altında olmuş, bir müddət sonra isə (e.ə.550-ci il) Əhəməni fars sülaləsinin hakimiyəti altına düşmüşlər. Tarixdən məlum olduğu kimi, Midiya əraziləri həm də türk tayfalarının vətəni və məskəni olub. O ərazidə yaşayan bu günkü etnik tərkib, dil və adət-ənənə bunu bir daha sübut edir.

Artıq yerli və xarici tarixçi alimlərin son arşdirmaları təsdiq etmişdir ki, ta qədimdən Muğan əhalisi İran mənşəli yox, Turan (türk) mənşəli bir xalq olmuşlar. Herodot «Tarix » əsərində midiyalılarla farsların tamamilə başqa - başqa xalqlar olduğunu qeyd edir. (Ə.Nicat, “ Tarixin sübh çağı”, səh. 32 ).

Heredotun yazdığına görə, “Midiyadakı altı qəbilədən biri Muğ qəbiləsidir”. Mütəxəssislərin ( Ə. Səfərli, X. Yusifov) araşdırmalarina görə, Zərdüştilik dininin kahinləri muğ qəbiləsindən olmuş və onlar muğlar adı ilə xatırlanmışlar. İran, Azərbaycan və Orta Asiya şairləri intibah dövründə həmin Muğları tez-tez müxtəlif şəkillərdə xatırlamış, öz şeyirlərində onlardan “haoma” içkisi istəmişlər. Muğlar Atəşgədada yerləşən məbədgahı ləyaqətli bir yer, Muğ içkisini mənəvi ucalıq, iradə gücü kimi göstərmişlər. Amma tarixi əsərlərin çoxunda muğ qəbiləsindən olan kahinlər maqlar adlandırılır.

Zərdüştiliyin dini kitabı olan “Avesta”nın Azərbaycanla bağlılığını göstərən mühüm faktlar var. Burada xatırlanan mühüm adların Midiyaya aid olmasıdır. “Avesta”nın bir çox tədqiqatçıları Zərdüştü və zərdüştiliyin vətəni kimi qədim Azərbaycanı, Urmiya gölü sahillərini qeyd edirlər. İran tədqiqatçı Purdavud yazır: ” İran və ərəb müəllifləri, o cümlədən ibn Xordadbeh, Bəlazuri, İbn-əl Fəqih, Məsudi, Həmzə İsfahani, Yaqut Həməvi və digərləri Zərdüştü azərbaycanlı göstərmiş və xüsusən Urmiyanı onun doğma yeri bilmişlər” (Ə.Səfərli, X.Yusifov Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Səh.9-10). Mənbələrə görə, Zərdüşt azərbaycanlı olsa da, onun yaratdığı Zərdüşt dini fars hakimiyyətinin xalqlar üzərində “Domokl qılıncı” olmuşdur. Mütləqhakimiyyət onları (şəxsən azəri - türk xalqlarını) dinini dəyişməyə, ölkənin ictimai-siyasi, dini hadisələrində fəal iştirak etməyə məcbur etmişdir.

"Avesta"da dəfələrlə Madayların adı çəkilsə də, farsların adına rast gəlinmir. "Avesta"da İran ölkəsi "Ariya" adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazilərdə yaşayırdılar. Onların məskun olduğu yerlərdən şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar.

İran ədəbiyyatçılarından Məhəmməd Müin odun əhəmiyyətini qeyd etdikdən sonra belə bir nəticəyə gəlir ki "...arilər oda başqa tayfalardan daha artıq hörmət edirlər. Mənbələrin göstərdiyinə görə od müxtəlif dini əqidələrə malik olan insanların həyatında da mühüm rol oynamışdır".
Mütəxəssislərin fikrincə, İranın geniş ərazilərində və Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan Türklərinin də həyatında od mühüm yer tutsa da, onlar arasında daha çox "Tanrıçılıq" yayılmışdı.

Əvvəldə deyildiyi kimi, Muğlar türk tayfasıdır. Məlumdur ki, türklərin əskidən inancı Tanrıçılıq (tenriçilik, tenqriçilik) olmuşdur. Yerli muğların bir qismi tenqriçilik inancını saxlasa da, bir çoxları məcburən atəşpərəstliyi, zərdüştiliyi qəbul etmişdi.

Qədim türk mifologiyasında göyün ruhu – sahibinə Tanrı (altaylarda tenqri, şorslarda teqri, çuvaşlarda tura, yakutlarda tanqara, buryatlarda tenqeri, tenqri, kalmıklarda tenqer, xakaslarda ter) deyilib. Bu gün bəzi ölkələrin kultları bir – birindən fərqlənsə də, eyni kökə malikdir.

Azərbaycanda da Tanrı şəklində xatırlanan ilahi bir qüvvə haqqında erkən orta əsrlərə aid yazılı abidələrdə, klassiklərin əsərlərində, hətta bu gün də rast gəlirik – “Tanrı səni qorusun”, “Tanrı haqqı”, “Tanrı yardımçın olsun” və s. Amma zaman – zaman bir çox xalqlar işğalçı dövlətlərin, imperatorların təzyiqləri nəticəsində öz kultundan, öz dinindən dönməyə məcbur edilmişlər. Buradan aydın olur kı,, Muğan türklərinin kökdən dını inancı Göy Tanrıçılığı olmuşdur.

“Tarixi Təməddone İran Sasani” ( Tehran, h.1331, səh.114) əsərində Səid Nəfisi göstərir ki, Sasanilər dövründə din xadimləri yalnız Midiya tayfalarına məxsus olan Muğan qəbiləsindən olurdu. Məbəd sözü də, əslində “müğbəd” sözündən əmələ gəlmişdir. Muğ etnoniminin müxtəlif vaxtlarda mük, muk etnonimi ilə əvəz olunması ehtimal olunur.

Antik müəlliflər milladdan əvvəl VI-V əsrlərdə Adərbayqan (Cənubi Azərbaycan) əhalisini müxtəlif ad altında yad etmişlər. Miletli Hekatey ( e. ə. V əsr) Araz çayı ilə Xəzər sahili ərazilərdə Mük tayfasını yerləşdirir. Mənşəyi tam açılmayan mük-muk-muğ etnonimi Muğan adı ilə tarixə düşmüşdür. Akademik Ziya Bünyadov “ Azərbaycan tarixi” əsərində (I cild, səh., 131-132) mük etnoniminin maq (atəşpərəstlikdə kahinlərə verilən ad - Ə.M.) sözü ilə eyniləşdirməyin əleyhinə çıxır.

Makedoniyalı İsgəndərin şərqə yürüşü dövründə də müqlərin vətəni geniş Muğan ərazisi olmuşdur.

Herоdot yazır ki, “müğlər silk deyil, kasta deyil, Kaspi dənizınin cənub-qərbində yaşayan ... tayfalardan biridir”. Müəyyən siyasi proseslər nəticəsində Xəzər dənizinin qərb qütbündə- Muğan Çölündə məskunlaşan muğ-müq tayfaları ayrı-ayrı vaxtlarda və ayrı-ayrı adlar altında müxtəlif həyat tərzi keçirməyə başlamış, məşğuliyyətləri, əsasən maldarlıq olmuşdur.

AMEA-nın Tarix İnstitutu tərəfindən buraxılmış “Azərbaycan tarixi atlası”nda Muğan düzü miladdan əvvəl VI-IV əsrlərdə müklər, IV-III əsrlərdə Paytakaran, sonra Kaspiana, bizim eranın ilk dövrlərində isə Balasakan adlanmışdır. Digər tarixi mənbələr göstərir ki, müklərlə eyni soykökdə olan tayfaların birləşməsi proseində bura “Mükan”- “Muğan” adlanmışdır.

İnform.az

Baxış sayı: 450