Baş xəbər, Siyasət
15.03.2017 / 02:27

"Daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər"- İlham Əliyev

"Daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər"-Daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər.
Trend-in məlumatına görə, bunu martın 14-də Parisdə Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Olland ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Cənab Prezident qeyd etdi ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən MEDEF-də olarkən bir daha böyük qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Fransa bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edirlər: "Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.

Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar. Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram".

İnform.az

Baxış sayı: 256