Baş xəbər, Siyasət, Müsahibə
07.03.2017 / 11:00

"Azərbaycan İran üçün strateji baxımdan çox vacib tərəfdaşdır"- Arzu Nağıyev

"Azərbaycan İran üçün strateji baxımdan çox vacib tərəfdaşdır"- Azərbaycan-İran münasibətləriylə bağlı İnform.az-ın suallarını Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev belə cavablandırıb:

-Arzu müəllim, Azərbaycan- İran münasibətləri bundan sonra hansı müsbət nəticələr verə bilər?

-Təbii ki, əsas məsələ qonşuluq siyasətinin tərəfdaş və strateji portnyor müstəvisinə keçməsi olabilər.
Belə ki, iqtisadi cəhətdən “Şimal-Cənub” dəhlizininn inkişafı, Astaralar arasındakı dəmir yolunun çəkilməsi, Naxşıvan-Rəşt dəmir yolu, turizmin inkişafı, bank sektorunda maliyyə sisteminə nəzarət, daha doğrusu terrorizmin maliyyələşməsinin və bu istiqamətdə çirkli pulların yuyulmasının qarşısının alınması prioritet istiqamətlərdən olacaqdır. Bundan başqa sərhədyanı ticarət də inkişaf edəcəkdir.

- İki ölkə arasında iqtisadi-siyasi münasibətlərin müsbətə doğru irəliləməsi hansı dövlətləri narahat edə bilər?

- Azərbaycan balanslı siyasət yeridən bir dövlətdir. Hansı dövlətin olmasından asılı olmayaraq əsas məsələ ərazi bütövlüyümüzü qorumaq və bu istiqamətdə müvafiq addımlar atmağın vacibliyidir. İrana qarşı bu gün istər ABŞ, istərsə də digər dövlətlər tərəfindən böyük təpkilər var. Həmin dövlətlərlə və İranla münasibətlərimiz çox gözəl inkişaf edir. Düşünürəm ki, Azərbaycanın siyasi cəhətdən əsas rolu ondan ibarətdir ki, həmin dövlətlərin İrana qarşı hər hansı təpkisi olanda, müsbət cəhətdən vasitəçi rolunu oynasın. İran sanksiyalara məruz qalmış dövlətlərdən biridir. Eyni zamanda Suriya məsələsinə görə Ərəb dövlətləri ilə müəyyən problemləri var. Bütün bunlara görə Azərbaycan İran üçün strateji baxımdan çox vacib tərəfdaşdır və bu heç bir dövləti qıcıqlandıra bilməz.

- Ermənistanla münasibətdə İranın mövqeyi dəyişə bilərmi?

-Məlumdur ki, Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsilə bağlı da müəyyən danışıqlıqlar aparılıb.
Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllində bir sıra mifləri sındırmaq üçün mühüm idi. İran rəsmiləri bir daha Azərbaycan ərazi bütövlüyünü dəstəkləmək və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz müsbət addımlarını atmağa hazır olduqlarını bildirdilər. Digər tərəfdən də İranda çoxsaylı həmvətənlərimiz, azərbaycanlılar yaşayır. Onlar da Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətini nəzarətdə saxlayır və mütəmadi olaraq bəyanatlarla çıxış edirlər. Təbii ki, İranın da öz xarici siyasəti var və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə Ermənistanla da qonşuluq siyasəti yürüdür.

İnform.az




Baxış sayı: 693