Siyasət
03.03.2017 / 15:13

Dövlətimizin, millətimizin bayrağında TÜRKLÜK birinci yerdədir

Dövlətimizin, millətimizin bayrağında TÜRKLÜK birinci yerdədir
Əlisahib Hüseynov/Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

İlin-günün bu vədəsində, mənfur ermənilərin cəbhədə tez-tez təxribatlar törədib gənc əsgərərimizin şəhid olmasına səbəb olduğu belə bir həssas məqamda bir millət vəkilimizin milli kimlik məsələsini ortaya atıb aranı qızışdırması heç də xoş qarşılanan bir hadisə deyil. Düzdür, hörmətli millət vəkilimiz Arif Rəhimzadə sonradan açıqlama verib onun fikirlərinin yanlış anlaşıldığını və düzgün təqdim edilmədiyini bildirsə də, lakin bunun heç bir faydası olmadı. Artıq çox gec idi. Necə deyərlər, ox yaydan çıxmışdı. Onun "Azərbaycanlılar türk deyil" ifadəsi cəmiyyətdə olduqca ciddi rezonansa səbəb oldu. Odur ki, bəzi mətləbləri həm cənab A.Rəhimzadənin, həm də ümumən ictimaiyyət arasında tanınan hər kəsin diqqətinə çatdırmaqda düşünürəm ki, fayda var.
Əvvala, Azərbaycan bir türk dövləti, əhalisinin əksəriyyəti də etnik mənşə etibarilə türk olduğuna görədir ki, rəsmi olaraq Türk Konseyində - Türk Dövlətlərinin Parlament Assambleyasında və bu kimi başqa mötəbər qurumlarda təmsil olunur. Əks təqdirdə gedib slavyan, ərəb, farsdilli, ya da başqa millətlərə məxsus birliklərdə təmsil olunardı.
Arif müəllim bizim türk olduğumuzu bilməsə də, istər ondan müsahibə götürmüş rus jurnalisti, istərsə də bütün dünya da çox gözəl bilir ki, biz türkük. Ona görə də, özümüzü aldatmağa, kimlərəsə xoş gəlsin deyə kimliyimizi gizlətməyə çalışmayaq. Əksinə, biz milli kimliyimizlə fəxr etməyi bacarmalıyıq.
Birdəki, millət vəkilindən tutmuş körpə uşağına qədər bu ölkənin hər bir vətəndaşı Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağına nəzər yetirməlidir. Azərbaycan bayrağında nə var? Türkün, türklüyün rəngi, rəng fəlsəfəsi var. Yəni dövlətimizin, millətimizin bayrağında Türklük birinci yerdədir.. Əgər hər hansı bir vətəndaş (cəmiyyətdəki yerindən, vəzifəsindən asılı olmayaraq) bunu bilə-bilə "azərbaycanlılar türk deyillər" deyirsə, o zaman həmin şəxs açıq-aşkar surətdə Azərbaycanın dövlət Bayrağını inkar etmiş olur. Azərbaycan bayrağı isə Azərbaycan Respublikasının birinci simvolu olduğu üçün , onu inkar edənlərin Azərbaycan vətəndaşı adını daşımağa heç bir haqqları yoxdur.
Bayrağımızdan və digər dövlət rəmzlərimizdən bixəbər insanlar bunu da bilməlidirlər ki, Azərbaycan Respublikasının dövlət başçıları öz vəzifələrini icra etməyə başlayarkən, ilk növbədə üçrəngli Azərbaycan Bayrağını öpərək and içirlər. Lakin, indi kimlərsə aramızda milli ayrıseçkilik toxumlarını səpməklə həm dövlətin siyasətinə zidd gedirlər, həm də milli birliyimizi parçalamaq istiqamətində çox təhlükəli proseslərə bilərəkdən ya bilməyərəkdən rəvac verirlər.
Mən bir vətəndaş kimi də, bir partiya sədri kimi də deputatın məlum açıqlamasından çox narahat oldum. Bizim hər birimiz diktofon və ya kamera önünə keçərkən, açıqlama verərkən son dərəcə diqqətli olmalıyıq və ağzımızdan çıxan sözlərə fikir verməliyik. Millətə və dövlətə zərər verə biləcək heç bir fikiri dilə gətirməməliyik!

İnform.az

Baxış sayı: 220