Diaspora Akademiyası, Şərhlər
03.03.2017 / 01:55

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil... FOTO

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...Pərviz Əmiraslanın(Almaniya) facebook səhifəsindən:

AVROPADA TƏHSİL ALMAQ İSTƏYƏN GƏNCLƏRİMİZİN NƏZƏRİNƏ:


Son dövrlərdə mənə çoxsaylı müraciətlər olur və Avropaya oxumağa gəlmək istəyirlər. Amma necə? Gənclərimizin içərisində çox savadlı və qabiliyyətli olanlar vardır və buna o qədər sevinirəm ki, bununla da Azərbaycanın gələcəyinə, elminə az da olsa inamım sönmür. Ancaq elə gənclərimiz və onların valideynləri də var ki, bunu yazmasam daha münasib olar. Şəxsən çox utanıram. Sanki Avropa onların düşüncələrindəki rüşvətlə idarə olunandır.
Bilin və ağlınızdan çıxarmayın! Avropada və əsas da Almaniyada tələbə olmaq üçün maddi imkan kifayət etmir. Əgər milyonunuz belə olsa bu mümkünsüzdür. Ödənişli Ali Təhsil müəssisələrində belə savadınız olmasa qısa zamanda "kücəyə" atılacaqsınız. Bunları yazmağa məcburam, çünki insanları qırmaq istəmirəm. Vaxtım da olmur ki, arqumentlə izah edəm. Odur ki, lütfən oxuyun və nəticə çıxarın. Hətta bəzi gənclərimiz saxta sənəd düzəltmək üçün dəridən qabıqdan çıxırlar. İnanın ki, bununla özünüzdən başqa heç kimi aldada bilməzsiniz. Özünüzü yormayın və rica edirəm mənə saxta CV (Tərcümeyihal), saxta möhür, nə bilim nələr göndərməyin. Mən doğru və ciddi gənclərə yardım edirəm. Göndərsəniz də doğru nədirsə, onu da məndən eşidəcəksiniz, oxuyacaqsınız. Bunun isə sizi qırmasını, incitməsini istəməzdim. Çox xahiş edirəm, inciməyin və doğru yolu seçin, oxuyun, öyrənin, vaxtınızı boşuna keçirməyin. Günahı müəllimlərdə, təhsildə, nə bilim maddi imkandan görməyin. Heç olmasa özünüzə qarşı az da olsa tənqidi mövqedə olun. İnanın sizə çox xoş olacaq.
İndi isə ağıllı və savadlı gənclərimiz üçün bir tövsiyyədə bulunmaq istəyirəm: Heç bir zaman haqqınızı "yedirməyin". Mübarizə aparın və sona qədər. Hökmən qələbə sizin olacaq. Oxumaqdan, öyrənməkdən qorxmayın. "Onsuzda oxumağa fikir vermirlər" deyib keçməyin. Bu yanlış düşüncədir. Oxumaq istəyən oxuyacaq. Buna yüzlərlə misal gətirə bilərəm. Burada imkanı ortaya qoymağa gərək yoxdur. Təbii ki, optimal halda maddi imkan olsa yaxşıdır. Amma, elm, təhsil biılin ki, qurban tələb edir. Hər bir oxumaq istəyən gəncimizə yardım etməyə imkanım, vaxtım olduğu zaman hazıram. Çox cavanlara yardım etdim və buna çox sevinirəm ki, Allah və Elm qarşısında az da olsa, cüzi də olsa üzü ağam. Bacardığlm qədər köməyimi heç bir zaman əsirgəməyəcəyəm.
Bir neçə sətir isə özümün başıma gələnlər haqqında nəzərinizə çatdırmaq istəyirəm. Kəndimiz dağ kəndidir və oradakı Orta məktəbimiz Sovet dövründə çətinliklər çox görüb. Orta məktəbin son bulaxılış ilindəydim (10 cu sinif). İki nəfərə qızıl medal həvalə olunmalı idi. Biri mən idim, digəri məktəbli dostum Şaiq Dəmirov. Məktəbimizin direktoruna Rayondan xəbər veriblərmiş ki, bu iki şagirddən rüşvət almaq şərtiylə Medal verəcəklər. Direktorumuz da tənbəllik etmə və həvəslə Atama və Məsim müəllimə (dostum Şaiqin atası) rüşvət məsələsini çatdır. Atam da evdə mamala bunu danışan zaman təsadüfən eşitdim və dərhal sərt bir şəkildə razılıq vermədim. Düzgünlük uğrunda uşaqlığımdan içimdə bir üsyan olub. Atam isə məndən gilzlin bu işi rüşvətlə həll etmək istəyirmiş... Məsim müəllim isə narazılıq edir və rayona yollanır. Rayonda tələb edir, aləmi bir birinə vurur və Moskva ilə onları qorxudur. Amma, onlar hələ Medallar Bakıdan gəlməyib adıyla söz verirlər ki, xəbər edəcəklər. Təbii ki, yalan! Sonunda bizim heç birimiz Qızıl Medal ala bilmədik. İndi düşünürəm ki, səhv etmişik... Sonuna qədər mübarizə aparmalı idik. Çünki, bu bizim haqqımız olub. Təəssüf ki, haqqımızı tələb etməmişik. Buna baxmayaraq unuda bilmədiklərim hadisələrdəndir.
Sonradan Bakıda Ali məktəblərə sənədlərin qəbulu zamanı ATTESTATIMI və bir böyük qovluq Olimpiada Diplomlarımı Tərifnamələrimi və s. gözdən keçirərək sənədlərimi "MEDALİST"lər siyahısına saldılar. Amma, qızıl medalım yox, onun haqqında sənədim yox! Buna baxmayaraq o zamankı Qəbul Komissiyasının Məsul katibi qərar verərək Medalçılar siyaısına əlavə etdi. Sifəti hələ də xatirimdədir. Amma, ismini unutmuşam. Bəlkə də həmin şəxsi tanıyıram, bəlkə də yox! Kaş biləydim onun kimliyini.....
Bununla bağlı bir neçə sənədlərimin surətini paylaşmaq istəyirəm. Nə üçün? Gənclərimiz son zamanlar həvəsdən düşürlər. Onlara bildirmək istəyirəm ki, mən həvəsdən düşmədim və davam etdim. Həyat "qızıl medal"dan ibarət deyil. Əsas odur ki, dərindən və həvəslə öyrənməyi, öz üzərində ciddi olmağı, özün özünə qarşı tənqidçi mövqedə olaraq özünü inkişaf etdirməyi hədəf seçəcəksən. Özünə güvənəcəksən!
Müşahidə edirəm: gənclər (çox savadlı gənclər) çoxu inamsızdırlar, plansızdırlar, hədəflərini doğru bilmirlər, istiqamətlərini doğru seçə bilmirlər. Seçənlər isə maaşallah öndə gedirlər. Bu yaxınlarda isə yenə də müraciət edənlər sırasında bir nəfər gənc oğlan var idi ki, onu çox sevdim. Bu gənc evli olsa da (hətta övladı var. Allah can sağlığı nəsib etsin), Magistr pilləsini bitirsə də, işləsə də Almaniyada təkrar sıfırdan başlayaraq tələbə olmaq arzusundadır və ingiliscəsi bildiyimə görə əladır. İndi sürətlə Bakıda Almanca öyrənir. Belələrini görəndə sevinmək bir yana, hətta mənim özümün təkrar tələbə olmaq həvəsim gəlir. Mətin olun! Qorxmayın! Gələcəyinizi sizdən başqa heç kim həll etməyəcək. Maddi imkanınız lap çoooox olsa belə, savadsız olsanız inanın heç nəyə gərək olmayacaqsınız.
Azərbaycan gənclərinə daim uğurlar arzusuyla....

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...

Qızıl medal vacib deyil, Prezident təqaüdü də vacib deyil...


İnform.az

Baxış sayı: 384