Siyasət
01.03.2017 / 11:26

Sarqsyan və Karapetyan qarşıdurması

Sarqsyan və Karapetyan qarşıdurmasıElman Nəsirov: “Ən yaxın tərəfdarlarının müxalifətə keçməsi prezidentin siyasi mövqelərini laxladıb”

Ermənistan hakimiyyətində seçkiqabağı müşahidə olunan siyasi ziddiyyətlər bir qədər də dərinləşib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Haykakan jamanax” qəzeti prezident Serj Sarqsyanla baş nazir Karen Karapetyan arasındakı siyasi mübarizənin artdığını yazır.

“İndiyə qədər Sarkisyan Karapetyanın mövqelərinə zərbə endiridi, sonuncu isə nə baş verdiyini anlamağa çalışırdı. Ancaq indi o, hər şey anlayıb və fəaliyyətə başlayıb. Onların arasında nəinki rəsmi, hətta işğüzar görüş belə keçirilmir. Ötən ilin sentyabr ayında Serj Sarqsyan Rusiya ilə münasibətlərin zəifləməsinə fikir ayrılığına görə Karapetyanı Moskvadan dəvət etməyə məcbur oldu.

Moskva parlament üsul-idarəsinə keçilməsindən narazı idi və Sarkisyanın Rusiyanın işgüzar elitasının nümayəndəsini hökumət başçısı təyin etməsi bir kompromis idi. Bununla yanaşı, Sarqsyan indiyə qədər ümid edir ki, Karen Karapetyan öz postunda çox qalmayacaq və çox keçmədən istefaya gedəcək.

Moskva da öz növbəsində, Karapetyana dəstəyini davam etdirir. Bununla belə, ona ciddi ümid bağlamır. Ancaq baş nazirin son günlər fəaliyyəti göstərir ki, o, “alternativ” statusunu qazanmaq qərarına gəlib. O, bu yaxınlarda bəyan edib ki, konstitusiyanın tələbləri ona 2018-ci ildə baş nazir postunda fəaliyyətini davam etdirəcəyinə imkan verəcək”.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan dünən jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, parlament seçkilərindən sonra hakim partiya baş nazir postuna Karen Karapetyanın namizədliyini irəli sürəcək. Ümumiyyətlə, siyasi müşahidəçilər Ermənistanda prezident postuna daha bir iddialı siyasi fiqurun meydana çıxmasından söz açırlar. Əgər Serj Sarkisyana alternativ kimi son zamanlar sabiq baş nazir Ovik Abramyanın adı daha çox çəkilirdisə, artıq Karen Karapetyanın da adı bu siyahıya daxil olmağa başlayıb. Hazırkı baş nazirin dövlət başçısı olmaq istəyi onun Rusiyadan siyasi dəstəyinin güclü olması ilə izah edilir.

Politoloq Elman Nəsirovun sözlərinə görə, hazırda Ermənistanda baş verən sistemli böhran hakimiyyətdaxili münasibətlərə də təsir göstərib. Serj Sarqsyanın ən yaxın tərəfdarlarının müxalifətə keçməsi prezidentin siyasi mövqelərini laxladıb. Bu proses prezidentlə baş nazir arasında ziddiyyətlərin artmasında da özünü göstərir: “ Ermənistan hakimiyyətinin yuxarı eşalonunda fikir ayrılığı yarpaq tökümünə səbəb olub. Sarkisyanla bir partiyada olan silahdaşları indi ona qarşı müxalifət qüvvəsi kimi fəaliyyət göstərirlər. Hətta Sarkisyanla Xocalı soyqırımına görə, eyni məsuliyyəti daşıyan Seyran Ohanyan da ona qarşı müxalifətə keçib. Ohanyan hazırda Sarqsyan əleyhinə fəaliyyətini genişləndirməkdədir. Son günlər baş nazir Karen Karapetyanla da Serj Sarqsyan arasındakı zididyyətlər gizlədilməz hala gəlib. Xüsusilə də Karen Karapetyanın bu yaxınlarda Moskvaya səfəri zamanı yüksək səviyyədə qarşılanması və görüşlərin keçirilməsi, Rusiyanın Karapetyanla saziş imzalayaraq Ermənistana 300 milyon dollar həcmində kredit ayırması bas nazirin Kremldə dəstəklənməsi və Ermənistanın gələcək lideri qismində görməsi kimi dəyərləndirilib. Bu da heç şübhəsiz ki, Sarkisyanın ciddi narazılığına səbəb olub. Sarkisyan Karapetyanı artıq özünün siyasi rəqibi kimi görməyə başlayıb. Prezident baş nazirin irəliləməsinin qarşısını hər vəchlə almağa çalışır. Müasir erməni ekspertlərinin proqnozlarına görə, parlament seçkilərindən sonra yeni hökumət formalaşarkən Karapetyan Sarqsyanı əvəz etsin. Yəni, ölkənin rəhbəri Sarqsyan deyil, Karapetyan olsun. Bu isə Sarqsyana intihar qədər dəhşətli gəlir. Əldə olunan məlumatlara görə Sarkisyan Moskvaya təcili səfərə hazırlaşır. O, Moskvada aydınlıq gətirmək istəyir ki, Ermənistan prezidenti postunda onu görmək istəyirlər, yoxsa Karapetyanı. Eyni zamanda, Sarqsyanın Avropa Birliyinin və NATO-nun paytaxtı hesab olunan Brüsselə səfəri nəzərdə tutulub. Bununla da Ermənistan prezidenti Rusiyaya təzyiq göstərməyə çalışır. Ona görə də parlament seçkiləri ərəfəsi, xüsusilə də seçkilərdən sonra siyasi gərginliyin artması istisna edilmir”.

Politoloq onu da bildirdi ki, Serj Sarqsyanın seçkiqabağı bir neçə siyasi cəbhədə qarşıdurma vəziyyətində olması onun siyasi durumunu ağırlaşdırıb. Bu da prezidentə qarşı ciddi siyasi rəqiblərin formalaşmasına gətirib çıxarıb: “Belə vəziyyətdə Sarkisyan vəziyyətdən çıxış yolunu cəbhə xəttində vəziyyətin gərginləşdirilməsində görür.

Fevral ayının 25-də Ermənistanın cəbhə xəttində təxribat törətməsi bunu bir daha sübut edir. Sarkisyan rəqiblərini ittiham edir ki, onları Qarabağ problemi deyil, daha çox hakimiyyət uğrunda mübarizə maraqlandırır. Bununla da siyasi xal toplamağa çalışır. Amma Ermənistan prezidentinin oyunları onun əleyhinə çevrilib. Sarqsyan çox mürəkkəb bir situasiya ilə üzləşib. Qarabağ məsələsinin həllində diplomatik və hərbi məğlubiyyət, erməni diasporunun təzyiqləri və ənənəvi silahdaşlarının ona qənim çevrilməsi Sarkisyanı çıxılmaz duruma salıb”.

cebhe.info

Baxış sayı: 231