Ədəbiyyat
22.02.2017 / 14:00

Elə bil çay da susmuşdu- Hekayə

Elə bil çay da susmuşdu-
Mənzər Niyarlı

Hekayə

II hissə

Əvvəli burada:http://inform.az/index.php?newsid=24573
Qarmonun, tarın səsi dağlara axşam düşəndə – qaş qaralanda eşidildi. Yaxınlıqdakı dəyənin qabağında bir-iki qadın təndirə çörək yapırdı. Məhərrəm çörəyin ətrini duyduqca anasını xatırlayırdı. Bu çörək ətri Məhərrəmi kövrəldirdimi, yoxsa nəsə yadına düşürdü. Ürəyi niyə sıxılırdı? Nə olmuşdu ona? Hər yerdə kef eləyən, şaqqanağı məclisi ding-ding dingildədən Məhərrəm bu tanış, doğma yurdun adını eşidəndən bəri niyə sustalmışdı? Kəndlərini, anasını nə vaxt görmüşdü axırıncı dəfə? Ölümündən qabaq. Güclə yadına saldı. Onda evlərindən anasıyla möhkəm sözləşib çıxdı. Arxadan anasının dediyi son sözləri unutmamışdı: «Görüm qapılara düşəsən. Necə ki, düşmüsən. Gözündən gəlsin. Burnundan tökülsün».
Uşaqlar çalğı səsini eşidib maşınlara sarı qaçdılar. Bir-iki cavan gəlinin də ürəkləri dözmədi, dəyələrdən boylandılar və sonra gəlib çadırın lap yaxınlığında dayandılar. Məhərrəmin oğlu qarmon çalırdı, Ağalarınkı tar. Uşaqların birinə də qarmonun futlyarını vermişdilər. Var gücüylə dumbuldadırdı. Qızları ortada süzürdülər. Ağalar «konsertə» tamaşaya gələn bir neçə ləçəkli və pırpız saçlı qızı da qızlara qoşdu. Bu qızlar da həvəslə başladılar oynamağa. Sonra Rövşən yeyin bir havaya keçdi. İndi də oğlanlar ortaya atıldılar. Almazla Sevil maşınlara söykənib uğunurdular. Bura yığışan qadınlarsa yerdən atmacalar atırdılar.
- Az, Güləsərin oğlu deyil o? Yanasan səni, ay Fərhad. Ürəyi gedirmiş ki, oynamaqçün.
- Bıy – bıy!.. Ələsgərin qızı Lalədi ki bu. Nə yaxşı süzür, az, bu yanmış...
Qadınlardan biri qızının qolundan yapışıb ortaya çəkdi:
- Az, sən də get oyna da. Nə döyüküb baxırsan? Elə bil bu zəmanənin qızı döyül.
Məhərrəm çadırlardan aralı bir daşın üstündə oturmuşdu. Papiros çəkirdi. Qaranlığa qovuşan dəyələrə, dağın dörd tərəfini bürüyən meşələrə, şırıltıyla axan çaya baxdıqca elə bilirdi o da uşaqdı, elə bu dəqiqə o da oynayanlara qarışacaq. Bəs bu vaxta qədər necə davam gətirirmiş, bu dağlarsız, meşələrsiz? «Görəsən, dururlar? Gərək, Ağaları da götürüb gedəm. Baş çəkəm kəndə. Sabah nə təhər olur-olsun gedəcəyəm. Almaz eşitsə başıma oyun açar... Ağalara da tapşıraram, kəndə getməyimizi ağzından qaçırtmasın.»
Qəlbini xəcalətli, narahat hisslər bürümüşdü. Bu hiss ona tanış deyildi. O bu hissi indi-indi duyurdu. Bu vicdan əzabıydı, nəydi onu incidən? Şəhərdən çıxandan qanını qaraldan səbəbi indi-indi anlayırdı. «Sən nə düşük adamsanmış Məhərrəm! Sən nə daş ürəkliysənmiş, əə? Heç utanıb qızarmırsan. Qarnuvu elə yekəltməyi, piylətməyi bilirsənmiş. Öl. Məhərrəm! Heç Almaz da səni adam yerinə qoymur».
Hamı yatandan, bütün dəyələrin çıraqları sönəndən sonra yerinə uzandı. Yeri narahat idi. Hava ilə doldurulmuş döşəklər onu yırğalayırdı.
Səhər hamıdan tez durdu. Amma Ağaların maşını gözə dəymirdi. Yadına düşdü ki, Ağalar çörək üçün qəsəbəyə gedəcəkdi. Almazla Sevil hələ saat on birə, on ikiyə kimi yatacaqdılar.
Yuyunmaq üçün çaya endi. Hava soyuq idi. Gün hələ dağların arxasındaydı. Dizə kimi qalxan otların, kolların üstünə şeh düşmüşdü.
Tiftikli dəsmalı boynuna saldı. Diki qalxdı. Dəyələrin yanında yenə də uşaqlar qaynaşırdılar. Çilingağac, qaçdı-tutdu oynayırdılar. Ayaqyalın, başıaçıq, heç soyuğu veclərinə də almırdılar. Balaca bir qız uşağı üç-dörd quzunu qabağına qatıb qaçırdırdı. Uzaqdan ahıl bir qadın güyümlə su aparırdı. Güyüm çiynini azacıq aşağı əymişdi. Çayın o biri tərəfində isə bir qadın paltar yuyurdu. Əlindəki gilabını daşın üstündə çəngələyə-çəngələyə yuduğu paltarlara çəkirdi.
Məhərrəm əyildi, ovcunu qoşalayıb, suya saldı. Suyun soyuqluğu bədənini, qollarını gizildətdi. Birdən ürəyindən keçirtdi ki, bəs o qadın qollarını dirsəkdən aşağı bu soyuq, buz kimi soyuq suda necə saxlayır? Sonra başını yenə də qaldırdı, qadına baxdı və hər ikisinin baxışları birləşdi Məhərrəm heyrətindən yerindəcə dondu və istər-istəməz – Növrəstə?! – dedi. Arıq, zərif, gözləri küskün qadının da təəccübdən ağzı açıla qalmışdı. İnana bilmirdi ki, qarşısında dayanan bu kök, yekəqarın, başı daz, başdan-ayağa şəhərlyiə oxşayan kişi onun keçmiş əridir. Elə bu an Məhərrəm çoxdan gördüyü bir yuxunu xatırladı. Yuxuda başdan-ayağa qara geyinmiş bir qadın görərdi və o, Növrəstənin durduğu yerdə dayanardı. Yanında da iki uşaq. Demə, həmin qadın Növrəstəymiş. Əvvəlcədən elə bilirdi körpələr Rövşənlə Nərgizdi. Amma səhər yuxusunu tamam unudardı. İş, bazar, maşının əyər-əskiyi, Almazın hikkəsi, əmrləri, uşaqların nazı, qəmzəsi, direktorunun, qayınatasının buyruqları ona hər şeyi, hər şeyi – olub-keçənləri unutdurardı.
Növrəstənin təəccüb, heyrət ifadə edən gözlərindən şikayət, giley oxundu. «Ay naxələf, ay vicdansız». Sonra başını aşağı saldı. Gilabını əlindən salmışdı. Özü də bilmirdi nə axtarır. «Gözlərindən tanıdım. Bir də çənəsinin altındakı xaldan. İlqarda da var o xaldan».
Səssizlik Məhərrəmi boğurdu. Heç nə eşitmirdi. Elə bil çay da susmuşdu. Elə bil şırıltısı kəsilmişdi çayın. Elə bil dağlar ayaq tutub üstünə yeriyirdi və bu dəqiqə sür-sümüyünü xıncım-xıncım eləyəcəkdi.
Növrəstə başını qaldırmırdı. Gilabını su aparmışdı. Yaş paltarı o əlindən bu əlinə alırdı. Fikrə getmişdi. «O əkizlərin gözləri yoldadı, Məhərrəm. Məni dinc qoymurlar. Gecə-gündüz baş-qulağımı dəng eləyirlər. Deyirlər hamının dədəsi yanlarındadır, bizimki niyə yoxdu yanımızda? Deyirəm oxumağa gedib, böyük adam olub gələcək. Məni boşayanda da elə bildim zarafat eləyirsən... Görəcəkli günlərim varmış, Məhərrəm. Heç çağalara da ad qoymadın, qaçdın kənddən. Səni belə bilməzdim. Dedin gedirəm oxumağa. Dedim, nə deyirəm ki... Nəyimiz varsa satarıq. Pul sarıdan da korluq çəkməzsən». Növrəstə başını qaldırdı. Baxışları yenə rastlaşdı. Məhərrəm bir neçə anlıq sarsıntıdan sonra:
- Nə təhərsən, Növrəstə? – dedi. – Uşaqlar nə təhərdir? – Növrəstə başını tərpətdi.
Məhərrəm daha bilmirdi Növrəstəyə nə desin. Sonra yadına düşdü ki, axı aliment verir aybaay. Maaşı heç maraqlandırmırdı onu. Elə buradaca fikirləşdi ki, görən maaşından nə qədər çıxırlar almentə. Səkkiz il bundan qabaq kəsmişdilər. Məhkəmədə. Tamam unutmuşdu.
- Alimenti vaxtlı-vaxtında alırsan? - Özü də bu sualdan qızardı.
- Alıram alimenti. Lap elə vaxtında. – Növrəstənin baxışındakı giley indi də qəzəbə çevrildi. «Öz maaşımı çatdırsaydım, sənin alimentüvə əl açmazdım».
Bu görüşü gözləmirdi Məhərrəm. Yatıb, yuxusuna da girməzdi ki, bir gün belə bir vəziyyətə düşəcək. Bu görüş onun qəlbini sızıldadırdı.
Məhərrəmin verdiyi bu yersiz sualdan sonra Növrəstə yüngülləşdi. Sonra fikirləşdi ki, qarşısında dayanan cah-cəlallı, arvad-uşaqlı, özünün xüsusi maşınıyla istirahətə gələn yekəqarın kişi onun üçün tamam yad adamdı. Ona qəzəblənməyə, gileylənməyə Növrəstənin haqqı yoxdu. Həmin yad adam Məhərrəm idi. Həmin Məhərrəm ki, vaxtilə Növrəstəni istəyib almışdı. Növrəstənin adını öz adıyla yanaşı ağacların gövdəsinə yazardı. Tez-tez Növrəstəyə deyərdi ki, allah haqqı, sənin saçlarından meşənin iyi gəlir».
Növrəstə həmin o ətirli saçlarını iri, qara şalının altına yığmışdı. Şalını isə boynunun ardına dolamış ucuna iki düyün vurmuşdu. Növrəstə laqeydləşdi, qohum-qonşusuyla danışırmış kimi dedi:
- Neçə uşağın var, Məhərrəm?
- İki.
Növrəstə soyuqdan qızarmış əlini sudan çıxartmışdı. Məhərrəmin gözü Növrəstənin əllərinə sataşdı. Oxşadığı, sığalladığı əllər deyildi, işləməkdən cadar-cadar olmuşdu. Növrəstə:
- Doğrusu, - dedi, - hərdən alimenti alanda yadıma düşürdün. Az qalırdım pulu qoyum paketin içinə göndərim üstünə. Deyirdim şəhər yeridi, sənin də arvad-uşağın. Yəqin ki, özünü gücnən dolandırırsan. Bir dəfə Ağasəfi gördüm. Sənin xalanoğlunu. Soruşdüm səni. – Yağ-bal içində üzür. Maşının birini satır, o birini alır – dedi – Növrəstə nəzərlərini Məhərrəmin maşınını sarı çevirdi. Sonra nədənsə susdu.
Növrəstənin üzü dəyişməmişdi. Qırmızılığı çəkilmişdi. Qız bədəni kimi mütənasib bədəni, hündür boyu, şalının altından görünən ağappaq sinəsi bir zamanların gözəl-göyçək Növrəstəsini Məhərrəmin yadına salırdı.
Məhərrəm çayın şırıltısını indi-indi eşidirdi, ancaq əl-üzünü yumaq fikrindən çıxmışdı. Elə bu vaxt ağacların arasından İlqarın başı göründü. Əlindəki bir bağlama kirli paltarı anasına uzatdı. Bu, əkizlərdən biri idi. Məhərrəmin oğluydu. Kababdan imtina edən oğlu. İlqar:
- Az, ana, - dedi. – Səhərdən çağırıram, eşitmirsən? Daydostum dedi ki, bu paltarları da yuyub suya çəksin. – Yan-yörəsinə baxdı. Çayın o biri tayında Məhərrəmi görsə də fikir vermədi ona. Yenə də Növrəstəyə – Bə sən su qızdırmamısan? – soruşdu.
Növrəstə gah oğluna, gah da Məhərrəmə baxırdı. Gözləri dolmuşdu. Qırpsaydı üz-gözünü yaş eləyəcəkdi. «İstəyənim çox oldu mənim. Dedim qayıdacaqsan. Başın ayılandan sonra peşmanlayacaqsan. Dedim ögey atadan ata olmaz bulara».
İlqar indi də üzünü Məhərrəmə sarı tutdu. Əlini torbalanmış şalvarının cibinə saldı:
- Əmi, - dedi, - bu axşam da konsert verəcəksiniz?
Məhərrəm gözünü oğlundan çəkmirdi. Acı bir qəhər boğazında tıxanmışdı. «Gözümə dəyən gündən şirin gəlirdi mənə».
- İlqar, - dedi. Sonra susdu və haçandan-haçana: - Get qardaşını da çağır. İkiniz də gəlin yanıma.
İlqar duruxdu. Cəld anasına baxdı:
- Qardaşım neynəyib ki? – soruşdu – maşunuva daş atıb?
Məhərrəmə başqa söz deyilsəydi, göynətməzdi onu. Ancaq indi uşaqlarının yanında, özünün yadlığını, özünün zalımlığını dərk elədi. Ürəyi yenidən sıxıldı. Sonra başını aşağı saldı.
- Neynəyib ey, qardaşım? – İlqar elə dediyindən yapışmışdı: - Nə təqsiri var ey İslamın?
- Heç, qoy gəlsin bura. Sən də gəl. – Məhərrəm özünü ələ aldı. Gülümsəyə-gülümsəyə oğluna baxdı. – Eşitmişəm qardaşın çoxlu böyürkən yeri bilir. Düzdü?
- Lap elə düzdü. Nolsun?
Növrəstə oğlunun söz güləşdirdiyini görüb:
- Get bala, sənə söz deyillər axı.
İslam hiss edilmədən gəlib durmuşdu gicitkən kolunun yanında fağır-fağır Məhərrəmə baxırdı. Hənirtisini eşidib ona tərəf döndülər.
Qardaşının tamam əksi olan, nadir hallarda danışan, danışanda da qaşqabağı açılmayan İslam birdən:
- Əgər qardaşımla, - dedi, - böyürtkən yığsaq, alarsan? Kiloynan...
Məhərrəmin dili söz tutmadı, başını tərpətdi. Uşaqların ikisi də birdən götürüldü. Bir göz qırpımında yox oldudar. Sevinirdilər. Bu yekəqarın kişi onlardan böyürtkən alacaqdı. Beşdən-üçdən zəhmətlərinin haqqını verəcəkdi və bu yekəqarın kişinin puluyla anaları Növrəstə onlara məktəb forması, kitab-dəftər alacaqdı.
Növrəstə uşaqların ardınca ayağa qalxdı. Ala-nəm paltarları ləyənə yığıb qoltuğuna vurdu. Dəyəyə sarı üzünü çevirəndə tərəddüdlə ayaq saxladı:
- Məhərrəm, - dedi. Məhərrəm çoxdan eşitmədiyi bu səsdə bir doğmalıq, bir nəvaziş axtardı. Ancaq bu küskün səs o doğmalıqdan, o nəvazişdən uzaq idi. – Səndən bir xahişim var.
Məhərrəmin yoğun boynundan tiftikli dəsmal sürüşüb düşdü. Hiss eləmədi.
- Nədi, Növrəstə? – soruşdu. Yazıq-yazıq soruşdu. – Nə xahişin var?.. De...
- Sən allah uşaqlara özünü tanıtma. Ümidnən yaşayırlar. Öyünürlər hamının yanında. Dədəmiz Bakıdadı deyillər. Gəlib aparacaq bizi. – Növrəstə çevrildi. Sağollaşmadan ağır yerişiylə dikdirə qalxdı, nazik çığırı tutub uzaqlaşdı və dəyələrin birinə girdi.

Qoyunun o birisi də bu səhər kəsiləcəkdi. Kəsilmədi. Çünki Məhərrəm belə istəyirdi, Məhərrəmə belə lazım idi. Çadırlar yığılmışdı. Hamı getməyə hazır idi. Ağalar maşına söykənmişdi. Arıq, damarı görünən qolundakı saata baxa-baxa dedi ki, sən öləsən, heç baş aça bilmirəm bu Məhərrəmin işlərinə? Biz belə deməmişdik axı? Dərdi nədi, azarı nədi bu Məhərrəmin? Burdan da yaxşı yer hardan tapacağıq? Day belə yox də. Başqalarını da nəzərə almaq lazımdır, ya yox. – Sevil də ərinin bü sözlərinin müqabilində pıçıldadı ki, əlbət yenə də mədəsi ağrıyır, xəstələnib Məhərrəm qardaş. Qollarını bir-birinə keçirib kənarda dayanan Almazın qaşqabağı düyünlənmişdi:
- Yox aa... xəstədi, can verir, - dedi, - onun elə xasiyyətidir də... gərək gəzməyimizi, yediyimizi-içdiyimizi burnumuzdan tökə. Mənim bəxtim belədi. Mənim bəxtim olsaydı... – Almaz səsini alçaltdı və öz-özünə bir xeylək mızıldandı. – Mənim... bəxtim... olsaydı... papam... vaxtsız... getməzdi əlimdən, əvvəlki ərimdən… – Sonra bu səs çayın şırıltısına qarışdı. Yarıeşidilməz oldu. – Bəs... yazıq... – necə olacaq... ər adam... ata... olacaq qardaş olacaq... Özü də bu cür... kimi adam. Heç... bil... kimə ağız açım. Mən... gün... qara...
Maşına doluşdular. Arvadı yenə də yanpörtü oturmuşdu. Tərs-tərs ərinə baxıb üzünü çevirdi. Yenə də ağ dirsəyini pəncərədən çölə çıxartmışdı. Uşaqlar yenə də maşınları dövrəyə almışdılar. Məhərrəmə oxşayan əkizlər də uşaqların arasındaydılar. İkisinin də gözlərində bir nisgil, bir həsrət vardı və bu nisgili, bu həsrəti Məhərrəmdən başqa heç kəs görmürdü.
Günəş düz səmanın ortasında dayanmışdı. Çay çilçıraq kimi işım-işım işıldayırdı. Bütün rənglər elə bil çaya hopmuşdu.
Maşınlar hərəkətə gəldi. Bu alçaq, üstü keçə ilə örtülmüş dəyələrə, ayaqyalın, başıaçıq dayanıb onları yola salan uşaqlara baxdıqca Məhərrəmin ürəyi sızıldayırdı. Bozumtul yoldan başqa heç nə gözünə görünmürdü. Bu səs-küylə harasa, hansı dənizəsə, hansı okeanasa baş alıb gedən çayın gözəlliyini də, bu yerlərdə nadir hallarda özünü göstərən günəşin yerə-göyə səpələnən qızılı zərlərini də görmürdü. Gözü maşının güzgüsündən görünən bir cüt uşaqdaydı – bozumtul yollarda qalan əkizlərdə. Maşınlar get-gedə yşaqlardan, dəyələrdən uzaqlaşırdı. Sonra gözünü dəyələrdən birinə çevirdi. Ucaboylu, arıq qadın hələ də dəyənin ağzında dayanmışdı. Qəhər Məhərrəmin boğazını tutmuşdu. Nə yuxarı qalxırdı, nə də aşağı düşürdü.
Yenə də gözləri o iki uşağı axtardı. Get-gedə balacalaşan və axırda nöqtəyə çevrilən o əkizləri. Yaş gözlərini torlaşdırdı. O iki nöqtə indi də torun arxasındaydı. Sonra bu nöqtələr lap balacalaşdı və birdən görünməz oldu.
Çayın şırıltısı isə hələ də Məhərrəmin qulaqlarından çəkilməmişdi.

Son.


İnform.az



Baxış sayı: 543