Ədəbiyyat
21.02.2017 / 14:00

Aktual problemlər səviyyəsində- Təhlil

Aktual problemlər səviyyəsində-
Gülşən Əliyeva/BDU nəzdindəki “ Gənc istedadlar “ liseyinin müəllimi

I yazı

Tanınmış jurnalist , istedadlı yazışı – publisist , naşir Ağəddin Mansurzadə oxuculara 30 – dan çox iri həcmli kitabın müəllifi kimi tanışdır . Onun " Ayağa qalxaq" , " Lal Vəli", "Cənnətdə görüşənədək", " Bizim bir Şeyximiz var "," Şeyxülislam yolu " , " Vasim Məmmədəliyev zirvəsi " , " Nəsir İmanquliyev məktəbi " , "Özbəkistanda nəyim qaldı " və s. bu kimi aktual problemlərdən bəhs edən yüzlərlə ədəbi – bədii və publisistik məqalələri oxucuların həmişə marağına səbəb olub .
Ağəddin Mansurzadənin yaradıcılq xüsisiyyətləri o qədər geniş və əhatəlidir ki , bədii çərçivədə qələminin meyarı , dairəsinin fundamental səviyyəsi çoxşaxəlidir . Bu səbəbdəndir ki , bəzən adi görünən hər hansı bir məqaləsi geniş bir kitab mövzusudur .
Müəllifin yaradıcılığında söz , fikir sərbəst olmaqla bərabər, həm də aktual və cəsarətlidir .
" Ədəbi portretlər "," Ədəbi lövhələr " , " Ədəbi mülahizələr" və s. kitablarında toplanan çoxsaylı məqalələrdə Ağəddin Mansurzadənin hadisələrin ədəbi – bədii və publisistik müstəvilərdə real təhlili və tədqiqatçılıq bacarığı özünü aydln göstərməkdədir .
Ağəddin Mansurzadə , eləcə də bu maraqlı və təvazökar sənətkarın qələmə aldığı , fikir süzgəcindən keçirdiyi qəhrəmanlar həyat fəaliyyəti ədəbi mühitdə sözünü deməyi bacaran bir yazıçı düşüncələrini , eyni zamanda , müəllifin özünəməxsus həyat və yaradıcılıq məqamlarının real həqiqətlər sırasında fikir , mülahizə yürütməyi bacaran şəxsiyyətlərdəndir .
Ağəddin Mansurzadə bir insan kimi qələm dostlarının , jurnalist həmkarlarının daima diqqət mərkəzində olub , xatirəsi əziz tutulub.
A. Mansurzadə maraqlı bir həyat yolu keçib . Yazıçının şərəfli həyat və yaradıcılıq yoluna həsr olunmuş "Ömür bitsə də..." kitabı onun həyatı , yaradıcılığı və şəxsiyyətinin kamil çağlarının ədəbi – bədii nümunəsidir.
Kitabda peşəkar və mərhum jurnalist,istedadlı qələm sahibinin xatirəsinə həsr olunmuş 200 – dən çox şəxsin xatirələri toplanıb .
" Ömür bitsə də..." kitabının tərtibatçisi və redaktoru mərhum jurnalistin oğlu Orxan Mansurovdur.

Aktual problemlər səviyyəsində-


Ağəddin Mansurzadənin geniş təfəkkürlü zəngin həyat təcrübəsinin bədii nümunələr çox genişdir.
Mən bu yazımda qısaca olaraq " Növbə mənimdir" hekayələr toplusunun üzərində dayanacağam .
Yazıçı bütün əsərlərində olduğu kimi , həmin hekayələr toplusunda da bəhs etdiyi problemlərə ictimai don geyindirərək onun üzərində bədii təhlil və məntiqi ideya ümumləşdirmələri aparır .
Sadə , şirin təhkiyə üsulu ilə nağıl edilən bu hekayələrdə müəllif real , həyat hadisələrindən söhbət açır . Kitabda toplanan hekayələri mövzusuna görə iki qismə : məhəbbət və ictimai məişət mövzularına ayırmaq olar.
" Nərgizim , ay Nərgizim" , "Bayram teleqramları" , " Ulduzlar qovuşdu" , kimi hekayələrdə yazıçı gənclərimizdə saf və təmiz məhəbbəti ,vəfa və sədaqəti maraqlı bir süjet xətti ilə nağıl edir. "Nərgizim , ay Nərgizim" hekayəsində gözəl və gözəllik , eşqin təbiiliyi , ucalığı və paklığı , azərbaycanlı qızların həya və isməti gözəl bədii lövhələrlə oxucuya çatdırılır.
Müəllif hekayədə məcazlardan , bədii təsvir və ifadə vasitələrindən çox incəliklə , zərifliklə istifadə edərək yazır : " Bu dəfə onun gözlərini də açıq – aydın gördüm … Eynilə dəniz kimi mavi . Sanki onları dənizdə yumuşdular . Bəlkə də , dünyanın bütün dənizlərini onun bir cüt gözlərinə köçürmüşdülər. "
Bu, əlbəttə,yazıçı romantikası , yazıçı təxəyyülüdür . Sənətdə ən mühüm şərt isə inandırıcılıq metodudur. Müəllif oxucunu bəhs etdiyi problemə bağlamağa çox müvəffəqiyyətlə nail olur. Gəncliyə xas olan cəhətlərin hekayədə sadə gənclik ehtirası və marağı ilə verilməsi mövzunun bədii mündəricəsini bir daha dolğunlaşdırır .
Eşqin ülviliyini , səmimiliyini , ictimailiyini təsvir edən "Ulduzlar qovuşdu" hekayəsində yazıçı kövrək bir həyat həqiqətini qələmə almışdır. Həyatın amansız zərbələrinə mətinliklə dözən bir qız nisgilli ürəyini onu sevən gəncə birdən – birə verməyə tərəddüd edir.
Bunun onun gələcək ailə həyatına , səadətinə , xoşbəxtliyinə necə təsir edəcəyini bir daha götür – qoy edir . Dərin və ehtiraslı bir qəlblə sevsə də, hökmün icrasının nəticəsini sevgilisinin üzərinə buraxır .
Yazıçı məsuliyyətinin məziyyətlərindən biri də oxucunu öz həqiqətlərinin ardınca səfərbər etməsi , qəlbimdə ehtizaz oyatması və onu yeni maraq dünyasına aparmasıdır .
"Ulduzlar qovuşdu" hekayəsi də məhz belə müsbət keyfiyyətlərlə əhatə olunub.
Şən sevgi zarafatlarının başlanmasını gözləyən oxucu birdən – birə daxilən sarsılaraq həyəcanlanır , ürəyi riqqətə gəlir . Hekayədə oxuyuruq :
"Mənim nə anam var , nə də atam ... Mənim bu həyatda heç kimim yoxdur... İndi bildin ki, mən kiməm,nəçiyəm və niyə sənə müsbət cavab verə bilmirdim?
Bəlkə ata – anam sağdır, bəlkə də, çoxlu qohum - əqrabam var, bəlkə də, mən lap hansı bir qorxulu və dəhşətli hadisənin qurbanı olmuşam ?"
Bu, daxilən sevən, fəqət öz müəmmalı tərcümeyi – halından utanan nisgilli bir qızın illərlə bir sirr kimi gizli qalan ürəyinin fəryadlarıdır , hıçqırıqlarıdır , amansızlıqlara qarşı bir üsyanıdır .
Yazıçı onu narahat edən , günün ağrı – acısına çevrilən bu kimi ictimai hadisələri ümumiləşdirərək küll halında kədərlə , ürək ağrısı ilə oxucuya təqdim edir. Lakin müəllif oxucularını əsəbləri gərilmiş vəziyyətdə saxlamır. Hekayəni nikbin bir sonluqla başa çatdırır:"Səmada ulduzlar , yerdə isə Bakının elektrik lampaları bərq vurur . Sanki iki sevgilini – iki qovuşan ulduzu bütün yol boyu müşaiyət edir , onlara xeyir–dua verir , xoşbəxtlik , səadət diləyirdi" .
"Bəraət", "Aslanlar qaçırlar", "Sadist", "Sürünənlər", "Şümür Orucun atı", "Yağlı tikə" kimi ictimai məişət mövzusunda olan hekayələrin, demək olar ki, hamısında Sabir satirasının duzu , Mirzə Cəlil gülüşünün kinayəsi vardır . Ağəddin Mansurzadə sisli , dumanlı mənzərələrə müraciət etmir . Oxucularını bu gün də qarşılaşdığımız gerçəkliyin , real hadisələrin baş verdiyi məkana aparır. Bir nəticə olaraq düşünə bilərik ki, mövzusu gündəlik həyatımızdan – məişətimizdən götürülən bu hekayələrin qəhrəmanları ilə bir çox yerlərdə : idarələrdə , müəssisələrdə , zavod və şirkətlərdə rastlaşırıq. Onlarla yığıncaqlarda, toy məclislərində, müxtəlif mərasimlərdə görüşürük .
Yazıçı qəhrəmanlarını xarakterizə edərkən onların hərəsini bir qələmlə , bir rənglə işləyərək xarakter və cizgilərində orijinal mahiyyət yaratmağa çalışıb .
Qarabağ savaşı İkinci Dünya Müharibəsinin ənənəsindən mayalanıb . Hər ikisinin – ümumiyyətlə, bütün müharibələrin mahiyyəti eynidir .
Qanlı qırğınlar, vandalizm, etnik təmizləmələr, vəhşilik, torpaqların zəbt edilməsi və sair bu kimi olaylar daima ön planda olub.
Yuxarıda bəhs etdiyimiz hekayələr erməni qəsbkarlarının vəhşiliklərindən xeyli əvvəl yazılsa da, sanki bugünkü həyatımızın real duyğuları ilə həmahəng səslənir .
Müharibə movzusu dünyanın bütün qələm sahiblərini düşündürən kimi , müəllifi də narahat edir. "Sən haralısan , haralı dünya" hekayəsində o , müharibənin miras qoyduğu ən maraqlı , dərin psixoloji və ictimai məsələlərin birinə toxunur.
Yüz minlərlə, milyonlarla evi işıqsız, anaları oğulsuz, gəlinləri ərsiz, uşaqları yetim qoyan müharibənin ah – naləsi ürəklərdə silinməz , çarpaz şırımlar açıb. Onun dəhşətli kabusu bütün evlərin qapısından içəri girərək qurbanlar aparıb. Yazıçı bu hekayədə bilavasitə müharibə səhnələrini , səngər vuruşlarını təsvir edib. Lakin ürəklər və könüllər vuruşunu dərindən duyaraq yazır ki," Xanımbacı bibimin eşqi, məhəbbəti, arzusu, sevinci yalnız üç gün çəkib. Sonra qarımış, qapqara şəvə saçlarını birdən – birə ağartmışdır. Sən bir qismətə bax ki, o,bu vaxta qədər ana ola bilməyib, amma gəlinlik təravətini, gənclik şuxluğunu hələ də saxlayıb. Onun gözləri hələ də yol çəkir, ümidi hələ də üzülməyib . Bu ümid, bəlkə də, onu indən belə də yüz il yaşadacaqdır ."
Xanımbacı kimilər hər şəhərdə, hər kənddə yüzlərlədir. Onlar saçlarını biri ağ, biri qara hörüb əzizlərinin, ciyərparələrinin yolunu gözləyirlər. Dərin psixoloji detallarla Xanımbacı bibilərin təsvirini verən yazıçı hekayənin bir yerində Xanımbacının dilindən yazır:" Mən onu hər gecə yuxuda görürəm. Həmişə də evə hazırlaşan görürəm... Bu yollar nə uzunmuş... Bilməzdim..."

İnform.az


Baxış sayı: 413