Ədəbiyyat
20.02.2017 / 11:12

Elə bil çay da susmuşdu- Hekayə

Elə bil çay da susmuşdu-
Mənzər Niyarlı

Hekayə

I hissə

Bu yerlərdə doğulub böyüdüyü üçün, bu yerin yollarına, cığırlarına bələd olduğu üçün bələdçiliyi də o eləyirdi. Yəni qabaqda o sürürdü maşını. Maşınını keçən il almışdı. Köhnəni satandan sonra. Rəngi də qırmızıydı. Köhnəsi hərçənd ki, qayınatasının idi. Ancaq çox vaxt ona verirdilər sürməyə. Arxadan da Ağaların maşını gəlirdi. İçində də arvad-uşağı. Ağalar ən yaxın dostuydu.
Nədənsə ürəyi sıxılırdı. Qanı qaraydı. Fikirləşdi ki, əlbət yenə də soyuq dəyib ona. Əlinin birini sükandan çəkdi, iri, piy basmış qarnını sığalladı... Tez-tez mədəsi ağrıyırdı. İşdə də, evdə də. Gecə-gündüz onu narahat edirdi bu ağrılar. İnildəyirdi, fısıldayırdı, yazıq-yazıq şikayətlənirdi. Axır ki, Almaz dilə gəldi:
- Nə başımızı ağrıdırsan ey bizim? Qoysana yataq. Doktor var, dava-dərman var. Get özünü göstər də.
Tanış həkim baxdı: - Elə bir şey yoxdu, - dedi. – Ancaq yeməyini qarışdırırsan. Bir müddət pəhriz saxlamalısan. – Yaman qorxurdu ölümdən. Bir yeri ağrıyanda elə bilirdi ömrünün axırıdır.
Arvadı qabaq oturacaqda əyləşmişdi. Yanpörtü oturub ağ, yumşaq dirsəyini maşının pəncərəsindən çıxartmışdı. Üzündə donuq, müəmmalı bir ifadə gəzirdi... Məhərrəm heç vaxt baş aça bilmirdi bu donuqluqdan.
Dağlara yaxınlaşdıqca aran təbiətin bozluğu, kasıblığı hiss edilmədən geridə qalırdı. Boz, quru çölləri, ala-seyrək çəmənlikləri, cadar-cadar olmuş torpağı keçdilər və dağların arasıyla, nazik araba cığırını tutub qalxdılar. Tez-tez bulağa rast gəlirdilər. Sonra isə sıx yaşıllığa qovuşdular.
Bəs niyə qanı qaraydı? Niyə ürəyi açılmırdı? Doqquz il olardı bu yerlərdən çıxmışdı. Bircə dəfə qatarla gəlmişdi. Axşam qatarıyla da qayıtmışdı. Mayın axırları idi. Ancaq tarixini dəqiq bilmirdi. Məhkəməlik işi vardı. Gəldi. İki saata həll olundu işi və geri qayıtdı. Almaz da o barədə heç nə soruşmadı ondan. Kefi kök idi onda Almazın. Məhərrəm brilyant üzük almışdı ona, sırğasıyla komplekt. Kənddən qayıdandan bir az keçmiş ZAQS-a getdilər.
Həmin məhkəməlik işindən sonra bir dəfə də olmuşdu kəndlərində. Anası öləndə. Ancaq həmin günün də tarixini unutmuşdu. Dəfn günü də şəhərə qayıtdı. Anasının yeddisini, qırxını şəhərdə verdi. Kəndləri hərdən bir yadına düşürdü. Özü də elə bu vaxtlar. İstilər düşəndə. Əvvəllər xalası oğlu şəhərə gələndə onun evinə düşərdi. Sonra o da yavaş-yavaş ayağını kəsdi. Bir dəfə şəhərdə rastlaşdı. Maşını saxlayıb umu-küsü elədi: - Gəlib, getmirsən – dedi. Xalası oğlu da: - İncimə, qardaş. – dedi. – Elə uşaqlara ayın-oyun alıb axşama qayıdıram. Ancaq ürəyi başqa söz deyirdi: «İncimə, qardaş. Qabağıma yemək qoyanda, yerimi salanda arvadınun qaşqabağı yernən gedir. Qohumum olsan da, canım-ciyərim olsan da üz vurma, qardaş».
Gözucu arvadına baxdı. Almazın üzündə gəzən bayaqkı ifadə hələ də çəkilməmişdi. «Heç baş açmaq olmur nə fikirləşir. Adam qızı kimi danışmır ki, danışdırasan, söhbət edəsən».
Məhərrəm hiss edirdi ki, evdə üstünlük Almazındı. Uşaqlarının yanında da ancaq Almazın sözü keçir. Elə srağagün qızına – Nərgizə deyir ki, dur, balası, o televizoru söndür. Nərgiz o dəqiqə anasına baxır. Yəni mama, sən nə deyirsən, söndürüm televizoru, yoxsa söndürməyim? Axır vaxtlar isə evdəki bu əhvali-ruhiyyəyə dözə bilmirdi.
İstədi papiros çəkə. Fikrindən daşındı. Darağını çıxartdı, daz başının qabaq hissəsində qalan bir çəngə, seyrək tükü sağdan sola daradı, tükləri sözünə baxmadı, yenidən gözünün üstünə düşdü. Bir neçə il bundan əvvəl saçlarına daraq batmırdı.
Ərini bu vəziyyətdə görəndə Almazı gülmək tutardı. İndi də istər-istəməz dodağı qaçdı. «Sən elə daramağında ol. Heç baş aça bilmirəm darağı yanında niyə gəzdirirsən?»
Qabaqlarına bir kənd çıxdı. Yolun ağzını sürü tutmuşdu. Qoyunlar nə o yana tərpənirdi, nə də bu yana. Döyükə-döyükə ətraflarına boylanırdılar. Ağaların oğlu Elşad:
- Qoyunun quyruğuna baxın, quyruğuna, - dedi.
Maşınlar sürünü yarıb keçəndən sonra arxadan qızı: - Mama, yadındadı, - dedi. – O dəfə də qoyun görmüşdük. – Yadındadı? – Almaz cavab vermədi. Nərgiz əl çəkmədi: Yenə də: - Yadındadır, - deyirdi, - yadındadı?
Məhərrəmin hövsələsi daraldı. Almazı hirslə süzdü.
- Uşağa cavab ver də.
- Nə qışqırırsan. İt ilində, bəxtəvər başımıza, Kislovodska getmişik. Mən nə bilim yolda qoyun görüb, dəvə görüb.
- Gözündən gəlsin o Kislovodsk. Az yerə getmisən?
Almazın üzü allandı. Ancaq nədənsə susdu: «Papamın sağlığında sən belə dil çıxartmazdın». Arvadının susmağına təəccüb elədi. Sonra yenə də nəsə demək istədi. Mərhum qayınatası yadına düşdü. «Kişi də çıxdı əlimizdən» fikirləşdi...
Məhərrəmin yadına düşdü ki, qoyun almaq lazımdır. Maşının sürətini azaltdı. Hirsi yatmışdı. Deyəsən, arvadı da sakitləşmişdi. Haçandan-haçana gözünə taxdığı gün eynəyini silə-silə:
- Görək, qoyunu alanda əlini cibinə salacaq. - Ağalara işarə edirdi.
- Görək, də, - Məhərrəm ah çəkdi. Üzünə düşən o bir çəngə tükü indi daraqla yox, əliylə geriyə atdı.
Almaz:
- Qarpızın pulunu da sən verdin?
- Yox.
Almazın hirsi azacıq yatdı. Laqeydləşdi.
- Qarpız almağa nə var ki, - dedi.
Sonra heç biri danışmadı. Çala-çuxura düşən maşın onları atıb-tuturdu. Nərgizlə Rövşən dördgözlə dağlara baxırdılar. Qoyunları qonşu kənddən aldılar. Əvvəlcə aralarına bərk mübahisə düşdü. Ağalar inad eləyirdi ki, qoyunun pulunu mən verəcəyəm. Məhərrəm də deyirdi ki, yox mən. Axırda satan mübahisəni kəsdi:
- Hərəniz birini alın. İkinizə də nuş olsun, - dedi.
İkisi də əllərini cibinə salmalı oldu. Qoyun sövdələşməsindən sonra arvadları rahat nəfəs aldılar və bir-birlərinə baxıb gülümsədilər. Uşaqlar da bir xeyli sevinə-sevinə qoyunlara baxıb içlərini çəkdilər, heyrətləndilər, maşınlar hərəkətə gəldi. Məhərrəmin birdən-birə kefi duruldu. Üzünü oğluna tutdu:
- Qarmonu götürsəydin kef eləyərdik orda – dedi.
Rövşən:
- Götürmüşəm də qarmonu. Elşən də tarını götürüb. Ağalar əmi dedi ki, çalarsınız orda. Sən de. Adı nədi oranın?
Məhərrəm çayın adını dedi. Həm də dedi ki, camaat orda – çayın kənarında dəyələrdə yaşayırlar. – Lap az qalıb, - dedi. – İndi görəcəksiniz çayı. Üzünü Nərgizə çevirdi. – Siz çalarsınız, Nərgiz bala da oynayar.
Almazın dodaqları büzüldü:
- Hm… Artistlər konsert verməyə gedir, - dedi. – Camaata özünüzü güldürməyin.
Yenə də Məhərrəmin qanı başlayırdı qaralmağa, özünü zorla ələ aldı:
- Sən atovun goru, Almaz, - dedi. – Qoy rahat nəfəs alaq. – Almaz yenə də qəribə baxışla ərinə baxdı. Məhərrəm hirsli-hirsli maşını sağa burdu.
Hava açılıb-tutulduqca hər iki maşının rəngi dəyişirdi. Yaşıl rəngin bütün çaları maşınlara hopurdu. Dağlar sükut içərisində dəvə karvanı kimi yerə çökmüşdü. Sıralanmış bu dəvə karvanının zirvəsindən günəşin bir parçası göründü və sonra yavaş-yavaş dağların arxasında gizləndi.
Bunları – bu tanış yolları, cığırları, o sərt qayaları, şam ağaclarını, kol-kosları gördükcə ürəyinin başı sızıldayırdı. Birdən fikirləşdi ki, neçə illərin arxasında qalan keçmişi bir dəfə də olsun yadına düşməyib. Vaxtı olmuyub yadına sala. Təqsiri vaxtda gördü. Sonra ürəyindəki sızıltı keçib getdi. Bəs bura necə olmuşdu ki, yolunu salmışdı? Hardan yadına düşmüşdü? Sonra fikirləşdi ki, hamısı Ağalardan oldu. Heç onun könlü yox idi bu dağlara gəlsin. Neçə il idi kənddən qaçırdı. Ağalar qırsaqqız olub yapışdı ki, gedirik, vəssalam. Havamızı da dəyişərik, kababdan-zaddan da təşkil eləyərik. – Sən öl, - dedi, - peşman olmarıq. Çadır-filan da var. Qoyunu da yoldan alarıq. Çoxu da çadırın həvəsinə. «Bilmir kimə göstərsin çadırını; içindəki dəm-dəsgahını…»
Dağlara axşam düşdü. Baş-başa vermiş «dəvə karvanlarının» arasından ilan kimi qıvrıla-qıvrıla gümüşü çay axırdı, çayın qırağında dəyələr qurulmuşdu. Dəyələrdən, təzəklə qalanmış təndirlərdən çıxan tüstü burula-burula səmaya qalxırdı.
Maşınlar bir-birinin ardınca, toz qaldıra-qaldıra dərə-təpəni keçib dəyələrə yaxınlaşdı.
Çayın şırıltısını da ilk eşidən o oldu. Kövrəydiyindənmi, maşının içərisinə dolan tozdanmı burnu qıcıqlandı. Qızı anasından soruşdu ki, o nə səsdi «Şı» «Şı» eləyir? Anası da dedi ki, çayın səsidi. Papan deyən çayın.
Çadırları qurmaq üçün düzənlik axtardılar. Dərə-təpəni keçib maşını dəyələrin birinin yanında saxladılar.
Maşınlar dayanan kimi dəyələrin yan-yörəsindən uşaqlar onlara sarı qaçdılar. Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara «Xoş gəlmisiniz» - dedi və dəyəsinə dəvət elədi. Məhərrəm keçən il Moskvadan aldığı beretini başına keçirdə-keçirdə ağsaqqal, yaşlı kişiyə təşəkkürünü bildirdi, sonra çadırları göstərdi. Dedi ki, indi özlərinə ev tikəcəklər; hər şeyləri var.
Almazla Sevil buranın soyuğuna davam gətirmədiklərindən ehtiyat üçün götürdükləri corablarını, jaketlərini geyindilər. Uşaqlarını da möhkəm geyindirdilər.
Çadırları qurdular. Əyinlərinə güllü parçadan paltar geyinmiş bir-iki qadın maraqla maşınlara baxırdılar. Bir azdan yaylağa səs yayılıdı ki, bunlar artistdilər. Şəhərdən gəliblər və onlara konsert verəcəklər. Xəbəri yayan uşaqlar oldu, çünki qarmonu, tarı maşından düşürdəndə görmüşdülər. Xəbərə inanan da oldu, inanmayan da.
Çadırları qurandan sonra Məhərrəmdən başqa hamısı yıxılıb yatdı. Yorulmuşdular.
Nədənsə Məhərrəmin yuxusu gəlmirdi. Çayın şırıltısına qulaq asa-asa çadırların həndəvərində gəzindi. Sonra tövşüyə-tövşüyə alçaq bir təpəciyin üstünə qalxıb oturdu. Sirli meşə axşamın sakitliyində mağara içi kimi qaralırdı. Fikirləşdi ki görən, bu dağın ən uca zirvəsinə çıxsa qarnını əridə bilərmi? O əvəlki güc, əvvəlki həvəs qalıbmı onda? Sonra fikirləşdi ki, bu gücdən asılı olan iş deyil. Bu dağlara, bu meşələrə əsl məhəbbət lazımdır və nədənsə neçə il bundan əvvəl sütül vaxtı bu meşələri dolaşanda rastlaşdığı yaşlı, saqqallı kişini xatırladı. Rəssam idi kişi. Arvadını, oğlunu, azuqəsini də özüylə bərabər dağın ən uca zirvəsinə çıxarırdı. Hamısının əli yüklə doluydu. Şeylər ağır idi və onlara əzab verirdi. Ancaq məftunluqla baxırdılar dağlara. Bir müddət o dağlarda yaşayacaqdılar.
Bayaq maşınların ətrafına toplaşan uşaqlardan bir neçəsi Məhərrəmə yaxınlaşdı. Biri o birilərindən öz diribaşlığı ilə seçilirdi. Dişini qurdalaya-qurdalaya fikrə gedən Məhərrəmin pencəyinə toxundu:
- Əmi, ay əmi, bə konsert verməyəcəksiz bu axşam?
Uşaq gözünə şirin gəlirdi. Od parçasıydı. Bayaq çadırları quranda da tez-tez fikir verirdi ona və öz uşaqlığı gəlib dururdu gözünün qabağında. Cılız, arıq oğlan idi Məhərrəm. Meşəni ələk-vələk eləyərdi, cır alma, armud yığardı.
- Nə konsert, əə? – Nədənsə bu yerin ləhcəsinə keçdi.
- Bəs siz artist döyülsüz?
Güldü. Qaranlıqda qızıl dişləri parıldadı.
- Yox əşşi, nə konsert? – dedi. – Mən heç artistə oxşuyuram?
- Bə o qarmon, tar kimindi?
- Uşaqlarındı. Elə-belə çalmağa gətiriflər. Sabah gəlib qulaq asarsınız. - Bir-bir uşaqları gözdən keçirtdi. Öz sakitliyi və utancaqlığı ilə o birilərdən fərqlənən oğlanlardan biri Məhərrəmə sual verən diribaş oğlanla tən yarıydı ki, bölünmüşdü. Əynindəki zolaqlı finkası, çit köynəyi eynilə onunkundan idi:
- Əə, əkiz döyülsüz siz? – deyə Məhərrəm xəbər aldı.
Diribaş oğlan:
- Bə nədi? – dedi. – Əkiz döyülük bə nəyik? Qardaşımdı da.
- Nə deyirəm ki, - Məhərrəm altdan-altdan gülümsədi. – Ayaqyalınsınız, - dedi, - soyuq olar sizə. Gedin, yatın. Sabah gəlif qulaq asarsınız qarmonun, tarın səsinə.
Səhər yeməyindən sonra maşınlara doluşub gölə baxmağa getdilər.
Kabab dəm-dəsgahını axşamüstü göldən qayıdıb yorğunluqlarını alandan sonra başladılar. Uşaqlar yenə də çadırların ətrafına toplaşmışdılar. Konsert gözləyirdilər. Ağaların arvadı üzünü kabab şişlərini közün üstündə fırladan Məhərrəmə tutdu:
- Məhərrəm qardaş, - dedi. – İy çəkir uşaqları. Çağır onları o tikələrdən ver, yesinlər.
Uşaqları bu söz tutdu. Geri-geri çəkildilər. Əkizlərdən diribaşı:
- Sizin kababınıza qalmamışıq ki, - dedi. – Pah, kabab bişirən olublar.
Hamısı gülüşdü. Məhərrəm:
- Əəə, bəri gəl, - dedi. – Adun nədi sənün?
- Adımı neynirsən? Adım İlikodur.
Sevil:
- Aa! – Təəccübləndi. – Bəyəm sən gürcüsən?
Uşaqlardan biri:
- Yox ey, - dedi, - özü gürcü döyül ki. Keçən il bir gürcü kişi gəlmişdi bura. Yer ölçürdü. İlqar deyə bilmirdi. İliko deyirdi ona. İndi hamımız onu İliko çağırırıq. İliko da, mən də hərəmiz düz on iki manatlıq fındıq satdıq ona.
- Yox a! – Məhərrəm yalandan üzünün ifadəsini dəyişdi. – Yaxşı, bə neynədiz o pulları?
Almaz narazı-narazı ərini süzdü. Yəni bu nə danışıqdır, bu nə söz uzatmaqdır. «Kəndçiliyini gərək göstərə».
İlqar:
- Mən anama verdim – dedi. – Dalı cibli şalvar aldı mənə. Mənə də, qardaşıma da.
Ağaların arvadı tikə kakabı zərif ağ dişləriylə çəkişdirə-çəkişdirə:
- Ay oğlanlar, - dedi. – Durmayın da orda. İlqar, oğlum, o yanındakılara da de yaxın gəlsinlər.
Ağalar pomidoru şişlərə keçirdə-keçirdə söhbətə qoşuldu. İlqara müraciətlə:
- Gəl, göstər görüm... Kababı bu əmi yaxşı bişirir, yoxsa aton?
İlqarın nədənsə bu «ata» kəlməsindən sonra gözləri yol çəkdi. Atasının yerinə dayısından söz saldı:
- Dayım elə gündə ət alır da bizə. Kabab da bişirir. Dayımın əlindən hər iş gəlir. Şoferdi dayım.
Birdən Almazın gözü uzaqda kolun arasından başı görünən əkizlərin birinə sataşdı:
- Sevil, - dedi, - o oğlana bax... Gör buna necə oxşuyur. Fikir ver, fikir ver.
Uşaqlardan saqqız çeynəyəni:
- Əkizdilər ey onlar, - dedi, - həm də yetim. Dədələri yoxdu, ancaq bizi aldadırlar. Deyirlər guya dədəmiz var.
İlqarı söz tutdu:
- Yetim özünsən, - dedi. – İstədi cuma oğlanın üstünə, oğlan dəyələrin birinə sarı qaçdı. Əkizlərin o biri tayı saqqız çeynəyən oğlanın ardınca götürüldü.
- Sənin aşuvu sonra bişirəcəm. – Bunları deyə-deyə İlqar üzünü uşaqlara sarı tutdu: - Gedəyün, ə! – dedi. – Bunlar, deyəsən konsert verməyəcəklər.
Rövşənlə Elşad da onlara qoşulmaq istədilər. Anaları buraxmadı. Uşaqlar çadırın yanından uzaqlaşdılar. Ancaq qulaqları səsdəydi. Qarmonun, tarın həsrətindəydilər.
Məhərrəm uşaqların arxasınca baxa-baxa:
- Sevil xanım, - dedi, - o oğlan düz deyir. Bu meşələrdə xəzinə yatır, xəzinə – laqeyd-laqeyd danışırdı. Elə bil bu meşələrin, dağların ona heç bir dəxli yox idi. – Bilirsən, nə pul vururlar ordan? Giləmeyvəsindən tutmuş qozuna, fındığına kimi. – Özü də hiss elədi ki, şişirdir. Almaz ürəyindən keçirdi: «Görünür, sən də az qazanmamısan».
Sevilin rayon, kənd haqda təsəvvürü yox idi. Heyrətlə Məhərrəmə qulaq asır və hər dəqiqəbaşı: «Doğrudan! Nə yaxşı. Ola bilməz», - deyirdi.
- Ancaq bir az yığmağı çətindir. Böyürtkən yığmaq isə lap dəhşətdi. Böyürtkənin kolunu görmüsən?
- Yox. Necə olur?
- Göstərərəm. – Məhərrəm fısıldaya-fısıldaya çörəyi əlinə aldı, kababı nimçələrə siyirdi: - Lap o dağın başına çıxardacağam Almazı da, səni də. Hərçənd ki, uşaqlar qorxur.
Sevil etiraz elədi:
- Yox, yox – dedi. – Məhərrəm qardaş, heç ora çıxmaq olar? – Sevil adamın gözünü qaraldan dağın lap uca zirvəsinə baxdı. – Qol-qıçımız sınar.
Qoyunun ətindən yaxın dəyədəkilərə də payladılar.

İnform.az

Baxış sayı: 478