Ədəbiyyat
13.02.2017 / 14:00

Tomris

Tomris
Aydın Hüseynov

IX yazı

Eradan əvvəl 520-ci il idi. Ömür karvanı Tomirisin əllinci yaşını artıq arxada qoymuşdu.
Günsellə birgə dalğaların aramsız döyəclədiyi Səbayeldə sahilə gəlmişdilər. Tomris başmaqlarını çıxarmadan ayaqlarını suya salmışdı.
Birdən çöhrəsində işıqlı bir təbəssüm göründü: “Sən çox da dəyişməmisən, Dəmirqızsan ki, durubsan, Tomris, saçların ağarıb, vəssalam. Uca dağ başında isə qar olur, elə deyilmi? Sən silahdaşlarını gözlərində həmişə dağa bənzədin. Darıxmağa da dəyməz. Bu dağlar, zirvələr bəyəm əbədidir? Yox, o zirvələrdən də hər an nə isə parçalanıb ayrılır, ətəklərə yuvarlanır, dərələrə, çaylara, yarğanlara düşür, bu daş-kəsək anlar keçdikcə dənələnir, ovulub toza dönür. Axı, dağlar da qocalmağa məhkumdur”.
Tomris geriyə boylanırdı, görürdü ki, bu dünyada ona qalan doğma yurd idi, insanlar idi. Yurd cismən də var, mənən də. O neyləsin ki, yaxşılarla bir yerdə, bir damın altında kökü üstündə bitməyənlər öz canlarında zəhər tuluğu gəzdirirlər, yetənə yetir, yetməyənə bir daş atırlar. Vətən neyləsin ki, onun torpağı üstündə şər toxumu səpənlər, bərəkətinə haram qatanlar var. Yurd neyləsin ki, onun harasındasa doğru yalana çevrilir, sarmaşıq kimi dolanır övladlarının boynuna, sürüyüb didərgin salır. Bunlar bütöv bir məmləkəti fələyin güdazına verə bilərlər…
Ötən günlər isə bir də geri dönməyəcək. Çünki insan təbiətdə əbədi deyil. Hünərin var, zamanı saxla, bir anlığa dayandır, öz iradənə tabe elə. Eləyə bilməyəcəksən! Zamanı ən zorlu hakimlər dayandıra bilməyiblər. Elə olsaydı, əcdadların zamanını bir də yaşardıq, səhvlərini təkrar etməzdik, torpaqlar da yadların ayağı altında inildəməzdi.
Günsel istədi ehmalca onun bəmbəyaz saçlarına toxunsun, sanki qorxdu, Tomrisin saçlarının bəyazlığından üşəndi. Cavan çağlarında o saçlar qızılı idi, əksərən sarıya çalırdı. Elə o saçlara həsr edib uzun illər hamıdan gizli saxlasa da, ən çox sevdiyi bir nəğməni yadına saldı, Tomrisin saçlarına baxa-baxa dodaqlarının altında mızıldanmağa keçdi. O, içərisindən qopub gələn həzin, titrək və kövrək nidaları, öz səsini sanki eşitmirdi, amma Tomris onu eşidirdi, başa düşürdü.
Onlar xoşbəxt idilər, lakin bir şeydən xəbərsizdilər:ikicə ay keçəcəkdi, Tomris xatun qəflətən dünyasını dəyişəcəkdi. Omların ağlına belə heç vaxt gəlməyəckdi ki, düz 2426 il sonra intəhasız fəzada bir asteroid kəşf olunacaq, bu səma daşı Tomrisin ruhunu Günəşin başına dolandıracaq, Dədə İşpakayın məbədinə sakin edəcəkdi .
Ana torpaq isə ölməyəcəkdi, yaşayacaqdı!
Son

Inform.az

Baxış sayı: 414