Ədəbiyyat
11.02.2017 / 14:00

Tomris

Tomris
Aydın Hüseynov

VIII yazı

Neçə vaxt idi ki, Məsgütün hüdudlarında sakitlik yenə də pozulmuşdu, günün günorta vaxtı quldurluq tüğyan edirdi. Bir neçə gün qabaq sərhəddə yenə böyük toqquşma olmuşdu, Tomirisin ticarət karvanı Arazın o tayından geriyə qayıdarkən gözətçi döyüşçülər pusquya düşüb son nəfəslərinə qədər vuruşmuş, həlak olmuşdular. Beləliklə, vəziyyət həddindən artıq qəlizləşmişdi.
Quldur dəstəsi isə qollu-budaqlı idi, onun əlaqələri massagetlərin içərisinə gəlib çıxırdı və adam öldürmək bu dəstə üçün kiməsə bir şapalaq vurmaq kimi sadə bir işə çevrilmişdi. Ona görə də son dərəcə ehtiyatlı davranmaq lazım idi, hər bir məsələ iynənin dar boğazından keçirilirdi.
Tomris xatun dəstələrindən birini quldurları qovmaq üçün yola saldı. Günsel özü dəstəyə başçılıq etməyi qərara aldı və vaxt itirmədən Araza tərəf tələsdi.
Arazın kiçik qollarından birinə çatıb dayandılar, ətrafı diqqətlə nəzərdən keçirdilər. Bir neçə döyüşçü atlarını çapıb irəli getdi. Günsel cığırdan çıxıb atını suvarmaq üçün çaya enəndə suya əyilərək əl-üzünü yuyan bir nəfəri gördü. Yaxınlaşdı və birdən kənara sıçradı, akinakını sivirib qınından çıxartdı.
- Yağmur?!
Yağmur əvvəlcə yerində quruyub qaldı, lakin özünü cəld toplayıb geri döndü, rişxəndlə güldü:
-Özüdür. Gözləyirdim. Gör harada görüşdük! Tüpürüm üzünə, belə tale!
-Düş qabağıma! — Günsel əmr etdi.
Yağmurun vəziyyəti dəyişdi, taqətsiz hada dizləri üstə çökdü. İndi onun bənizi sapsarı saralmışdı, danışmağa da çətinlik çəkirdi:
-İgid, bir az yubanmaq bəlkə də xeyirdən olar. Çox da tələsmə. Dayan, bir qədər söhbət edək.
Günsel həmin an anladı ki, Yağmur vaxt udmaq istəyir.
-Dəstən yaxındadır, hə? Yoxsa səni atıb gediblər?
-Özüm onları atmışam, hərəsinə bir naxır heyvan bağışlayıb başımdan eləmişəm. Belə yaşamaq olmaz, bezmişəm bu həyatdan… — Yağmur ağlamsındı. — Öldürmə məni, axı, düşmən olsaq da, insanıq, çörək kəsmişik.
-Gözündən gəlsin!
-Elə demə. Ürəyimə damıb ki, sənin əlində məhv olacağam, cəsədim bu dərələrdə qalacaq, qurd-quş didib-parçalayacaq. Dəhşətdir! Gəl mənə qulaq as, burax məni gedim, əvəzində sənə elə hədiyyə verəcəyəm ki, ömrün boyu bəs eləyəcək. — Yağmur sol cibindəki düyünçəni çıxardı. — İçərisindəki sənindir.
Günsel heç bir söz demədən və diqqətini Yağmurdan yayındırmadan düyünçəni alıb dişləri ilə açmaq istədi.
- Açma, — Yağmur acı-acı gülümsündü, — təmiz almazdır. Budur ha, bu da bir torba qızıl. Bütün nəslinə çatar. İstəyirsən buradan birlikdə qaçıb gedək Ekbatana. Şah kimi yaşayarsan.
Günsel birtəhər oldu: «Bu yaramaz nə danışır?»
- Nə dərin fikrə getdin, götür, belə fürsət bir də əlinə düşməyəcək. — Yağmur təkid etdi. — Götür, çıxaq bu cəhənnəmdən, adam kimi yaşa.
Günsel hiylə işlətməyi qərara aldı:
-Baxarıq, — dedi və düyünçəni arxalığının cibində gizlətdi.
- Ölürəm, Günsel…
Yağmur xırıltılı səslə daha nə isə deyirdi, Günsel onun sözlərini güclə anlayırdı, daha doğrusu, bu miskin adama o qədər də fikir vermirdi. Düşünürdü: «Birdən doğrudan-doğruya öldün, Yağmur, səni neyləyəcəyəm? Murdarsan, sənin leşini qurd-quş da götürməyəcək».
Günsel tələsirdi, buradan tez çıxıb getmək lazım idi. Bəlkə də Yağmuru xilas etməyə gələcəkdilər. Onun da başı bu dəqiqə özününkülərdən ötrü çox qiymətli idi.

***

Günsel qolları arxasında bağlı Yağmuru çadıra gətirdi. Yağmur içəri daxil olub Tomris xatunu görən kimi içini çəkdi. Tomris xatun dilləndi:
-Nə təhərsən, Yağmur bəy?
Yağmur hönkürdü.
-Çox pisəm. Ömrüm puç olub. Uzun müddət o tayda yaşadım, xatun, şahənşah Kambisin ilxılarında atları nalladım. Sipərqaplanın ölümünü gördüm. Sonra dəvələrlə su daşımaq üçün Kambisin qoşunları ilə Misirə getdim. O həyatdan iyrənmişdim. Görəndə ki, Kambis öz doğma bacıları Atossanı və Rəqsanəni özünə arvad etmişdir, əllərim bu dünyadan üzüldü. Şah, öz qardaşından hamilə qalmış bədbəxt Rəqsanəni döyərər ölümünə səbəb olanda mən az qaldım dəli olam. Misir tərəfə döyüş atları və azuqə aparan dəstədən qəsdən qadım. Bu zaman Midiyada üsyanlar qalxdı, şah sarayını dağıtdılar və məni də şahın yaxın adamı bilərək ölkədən qovub çıxartdılar. Keçmiş günahlarımın bağışlanması üçün gəldim sənə yalvarım. Dedim, ömür sona yetir, cavab istəyəcəklər. Yenə əlim dinc durmadı. Budur, ilişmişəm.
Tomris xatun Yağmuru ittiham etmək fikrində deyildi, ancaq məcburən söylədi:
-Mən heç zaman səni müqəssir qismində görmək istəməzdim. İnanmazdım buna. Çünki bir zamanlar mənə vurulmuşdun. Deyirdim, Tomrisi sevən kəs ona xəyanət etməz. Bilməzdim ki, satqınsan.
Tomris xatun düşmənlərinə rəğmən, belə miskin adamlara qarşı insafsız deyildi, ona elə göründü ki, Yağmur elə gənclik vaxtı gördüyü Yağmurdur. Yadına nəsə salırmış kimi nəzərlərini döşəməyə dikdi, bir müddət beləcə qaldı. Düşündü ki, mən ona tayfaların içərisindən ən gözəl qızı vermək istədim, axı nə üçün Yağmur xoşbəxt taleyinin qapılarını öz üzünə özü bağladı, indi ölüm qapılarına tələsir?
Çox çətin sual idi.
Ertəsi gün Yağmurun cəsədini qurd-quşa yem etməkdən ötrü dağlara tərəf aparırdılar…

İnform.az

Baxış sayı: 390