Ədəbiyyat
10.02.2017 / 14:00

Tomris

Tomris
Aydın Hüseynov

VII yazı

Tomris xatun kürsüyə dirsəklənib dərin düşüncələrə dalmışdı: «Kuruş məndən əl çəkməyəcək. Tomrisdən isə ona arvad olmayacaq. Söz yox ki, dava da bizim üçün çətin sınaq olacaq. Ancaq mən sübut etməliyəm ki, massagetlərin üstünə qılıncla gələn oxla öləcək».
O, qalxıb ordugaha tərəf irəlilədi. Hər tərəfdə qılınc-qalxan cingildəyirdi, döyüşçülər qızğın məşq edirdilər.
Tomris xatun razı halda yerinə qayıtdı. Çox keçmədən təpənin ayağında bir atlı göründü. O, qan-tər içində fınxıran atın uzun yelkəsindən yapışaraq yəhərin üstündə sərələ qalmışdı, saçları və pırtlaşıq saqqalı qana boyanmışdı. At, dırnaqları ilə yeri eşməyə başladı.
Tomris xatun təpənin kənarına yanaşdı. Atlı başını azacıq qaldırıb əlindəki uzun qırmancla çöl tərəfə işarə elədi, güclə eşidilən zəif bir səslə:
- Xatun-apa! Yurdlarımıza vay gəlib! Araz üstündə ərləri qırıblar, çoxunun boynuna giv keçirib yer şumlatdırmaqdan ötrü dağlardan o taya qovublar. Sağ qalanlar Araz kənarındakı meşəyə sığınıblar, oradan çıxmağa taqətləri qalmayıb. Ər igidlər, görsən, nə günə düşüblər, xatun apa! Oğlun Sipərqaplanı da əsir aparıblar,, özünü orada öldürüb… — dedi və taqətsiz halda atın belindən sürüşüb yerə sərildi, qıvrılıb-qıvrılıb hərəkətsiz qaldı. Atlının verdiyi xəbəri eşidən anda Tomris xatunun əlindəki akinak yerə düşdü, bu sözlər sanki Tomirisin qulaqlarını batırdı. O, ciyərdolusu nəfəs alıb geri döndü, təpədən aşağı endi. Yerə sərələnmiş adamın başı üstündə xeyli dayanıb üzünə maddım-maddım tamaşa elədi:
-Oğlum ölüb?!
Tomris xatun qeyri-müəyyən tərzdə ətrafına diqqət yetirdi, bir anın içərisində toplaşmış ətrafına toplaşan insanları xeyli süzdü, amiranə səslə dedi:
-Ah, Kuruş! Gör əbləhliyin dərəcəsinə bax, məni sındırmaq istəyirsən. Sən oğlumu hiylə ilə məhv etdin, Kuruş! Kişisənsə, mənimlə savaş meydanında üz-üzə gəl! Yalnız üz-üzə! Əgər gəlməsən, səni öz torpağında məhv edəcəyəm! Mən sənə göstərəcəyəm ki, Tomrislə hiylə ilə danışmaq olmaz. Mən oğlum Sipərqaplanın qisasını almalıyam. O, mənim övladım olduğunu sübuta yetirmişdir, əsir olmaqdansa, ölümü üstün tutmuşdur.
Birdən Tomris xatunun gözləri yaşardı, bütün vücudu titrədi:
-Südüm sənə halal olsun, oğul, sənin qanını yerdə qoymayacağam! Məşgüt elinin ərənlərindən kölə olmaz! Əgər olsa, ulu Günəş bizi bağışlamaz. Çox insanlar itirmişik savaşlarda, varlığımızı isə itirə bilmərik. Babalarımızın bizlərə miras qoyduqları dəyanəti düşmənin gözünə soxmasaq, adımızı dəyişməliyik. Azmanlar, Arazboyuna gedirik! — Tomiris əmr etdi. Sonra çapar çağırtdırıb tapşırdı. — Kuruşa mənim bu sözlərimi çatdır: qaniçən Kuruş, lovğalanma! Sən mənim oğlumu namuslu döyüşdə yox, hiylənlə məhv etdin. Çıx get mənim torpaqlarımdan. Əgər belə etməsən, Tanrımız Günəşə and içirəm ki, həris gözlərini qanla doyduracağam.
Bir gündən sonra atlardan və yüklü dəvələrdən ibarət olan böyük bir karvan Arazboyu istiqamətində yola düşdü. Karvanın önündə və arxasınca ox-yaylı, nizəli-qalxanlı dəstələr irəliləyirdi. Axşamüstü Araza yetişəndə yenicə təyin olunmuş qoşun başçısı Günsel irəli yeriyib Tomris xatunun qarşısında şax dayandı:
-Mən hazıram, xatun! Sipərqaplanın qisasını alacağam. Qana qan deyib ulu babalarımız! Əgər Kuruşu diz çökdürməsək, nənələrimizin südü bizə haram olsun!
Tomris xatun qarşısında məğrur dayanmış, dəmir pulcuqlarla bütün bədəni örtülmüş şiş dəbilqəli sərkərdəyə bir xeyli baxdı, elə bil ki, birinci dəfə idi onu bu qiyafədə görürdü. Düşündü: «Müharibədə hamı bir nəfər kimi döyüşçüdür, eyni vəzifəni yerinə yetirir. Onlar məhrumiyyətlər önündə diz çöküb sıradan çıxsalar, görəsən bu vəzifəni kim yerinə yetirər, ana Vətənin torpaqlarını kim dardan qurtarar? İtirilənlərə heyfisilənmək yox, son döyüşə atılıb düşməni əzmək lazımdır. Son döyüş o deməkdir ki, ya ölürsən, ya qalib gəlirsən. Əgər qalib gəlməsək, axırımız heçdir. Günsel, hökmdarlıq şərt deyil, sən özünü savaşda təsdiq etməlisən!»
Tomris xatun bu fikirləri beynindən keçirdikcə nəfəsi darıxırdı, içərisindəki sərhədsiz bir qüvvə onu qisas almağa tələsdirirdi:
-Yiyə-ağa! Diqqətlə qulaq as! Sabah sübh çağı Arazın o tayına keçirik. Bu döyüş sonuncudur, ya tamamilə məhv olacağıq, ya da qalib gələcəyik! Kuruşun başını mənə gətirməlisiniz. Mən söz vermişəm: Kuruşa qan udduracağam!
Tomris xatun bu sözləri deyib, Günselin əllərini ovucları içərisində möhkəm sıxdı.
Günsel:
- Əmrin yerinə yetiriləcəkdir, xatun, arxayın ola bilərsən, — deyə təzim etdi.
İndi Tomris xatuna baxdıqca Günselin gözü qarşısına müharibənin dəhşətli səhnələri gəlirdi. O, dəfələrlə həmin səhnələrin şahidi olmuşdu, düşmənlə üz-üzə təsəvvürəgəlməz dərəcədə ağır döyüşlərdə gözləri ilə od götürmüşdü. Və elə düşünürdü ki, bu döyüşlərdə göstərdiyi şücaət ona təkcə qəhrəmanlıq mərtəbəsini, şan-şöhrəti bəxş etməmişdi, onun həyata baxışlarını mükəmməlləşdirmiş, onu kamil insana çevirmişdi. Axı, insanın bərkdən-boşdan çıxması onu daha da möhkəmləndirir, əqidəsini, amalını saflaşdırır, bu gen dünyada öz yerini tutmasına kömək edir. O, əlbəyaxa vuruşmanın ən dəhşətli anlarında şöhrət barəsində fikirləşməmişdi, əslində o anlarda bu cür fikirləşməyə macal da yox idi, hər bir savaş ölüm-dirim imtahanı idi, həyat uğrunda mübarizə idi. Məhz ən çətin tapşırığın yerinə yetirilməsi yaşamaq deməkdi, baxmayaraq ki, müharibədə ölüm hər şeydən ucuzdur.
Günsel bu barədə həmin dəhşətli günlərdən çox-çox sonra yeri düşdükcə xatirata varmağa fürsət tapırdı və bu xatirələr bəzən ona yaşadığı ömrün mənası kimi həzz verirdi

***
Arazın sahillərində yayın cırraması hökm sürürdü. Səmada Günəş od püskürürdü. Çöllərin üzərində ilğımlar dalğalanırdı. Daha irəlidə ara-sıra görünən binələrin ətrafında otlar, qamışlıqlar sap-sarı rəngə düşmüşdülər.
Günsel qoşun ilə həlledici döyüşə gedirdi. Qabaqda ox-yayla silahlanmış qılınclı-qalxanlı atlılar gedirdilər, onların arxasınca nizami sıralarla nizəçi piyada döyüşçülər irəliləyirdilər. Uzaqda, üfüqün səma ilə qovuşduğu yerdə düşmənin ordugahı görünürdü.

***
...Bu yerlər öz tarixi boyu belə dəhşətli vuruşma görməmişdi. Arazın suları qıpqırmızı qana boyanmışdı. Uzaqlarda, üfüqlərin üstündə buludlar da sanki qana boyanmışdı. Yay fəslinin ortaları olmasına baxmayaraq, orada göylər guruldayır, ildırımlar çaxırdı. Haradasa, lap yaxınlıqda, ağacların arxasında qurd ulartısı eşidilirdi. Havada leşyeyən qartallar dövrə vurandular. Səhər tezdən başlanan qanlı vuruşma axşamadək davam etdi. Kuruşun qoşununun əksər hissəsi massagetlərin oxlarının və nizələrinin zərbələrindən qırıldı, qalanları tab gətirməyib qaçmağa üz qoydu.
Qəti qələbəyə nail olmuş Tomris xatun əsəblərini, hirsini hələ heç cür soyuda bilmirdi. Günsel ona yaxınlaşıb atdan endi:
-Kuruş yoxdur, yəqin qaçıb canını qurtarıb. İndi nə edək, xatun?
-Necə yəni, nə edək? Kuruş meydandan qaçmaz. Həşəmətli şahənşah bunu özünə sığışdırmaz. İgidlərdən bir neçəsini götür, Kuruşun axtarışına çıx. Yiyə-ağa, mən dediyimi eləməliyəm. Kuruşun başını gətir!
Günsel bir neçə nəfərlə yenidən döyüş meydanına qayıtdı. Burada bir dəstə düşmən yaraqlısı ölüləri sürüyüb bir yerə toplayır, od vurub yandırırdı. Yağlı tüstü göyə millənirdi. Onlara toxunmayıb xeyli gözlədilər: massagetlərin qanunlarına görə belə şəraitdə düşmənə toxunmaq olmazdı.
Ölüyığanlar yox olandan sonra Günsel meydanın mərkəzinə yaxınlaşdı. Birdən uçmuş çadırın altında bir adamın zarıdığını eşitdi, akinakını qınından çəkib yaxınlaşdı, diqqətlə çadırın altında qıvrılan, heç cür xilas ola bilməyən saqqallı uzunburun adama diqqətlə nəzər yetirdi. Yaralını sürüyüb çadırın altından çıxartdı, onun qılıncını gümüş kəmərindən çıxardıb kənara tulladı, çənəsindən tutub sifətinə diqqət yetirdi, heyrətdən az qaldı silahı əlindən yerə düşsün.
Kuruş xırıldayırdı, gözləri dumanlanıb süzülürdü. Danışmaq istəyirdi, lakin dilini və dodaqlarını tərpədə bilmirdi. Günsel bir də nə isə soruşmaq istəyəndə, Kuruş keçinmişdi. Az sonra onun ağır cəsədi atın belində idi.

Günsel Kuruşun nəşini gətirdib Tomris xatunun ayaqları altına tulladı:
-Mən Kuruşu gətirdim, xatun!
Tomris xatun döyüşçülərə əmr etdi:
-Başını bədənindən ayırın!
Döyüşçülər həmin an əmri yerinə yetirdilər.
-Salın onu qan tuluğuna!
Sonra özü tuluğa yanaşdı, qızıl akinakını Kuruşun kəlləsinə dirədi:
-İç, doyunca iç, Kuruş! Sən qan çanağı oldun, qan içində boğuldun!
O, döyüşçülərin önünə çıxaraq ucadan davam etdi:
-Eh-hey, massagetlər, yurdun mərd ərənləri, yeyin, için, bayram edin. Biz gəldi-gedərik, qoy gələcək nəsillər bu torpağın üzərində rahat yaşasınlar. Ətrafdakı tayfalara, dənizdən günçıxandakı massaget qardaşlara da xəbər göndərin: bir olaq, tək əldən səs çıxmaz! O Günəş haqqı, Nənə Zərinənn ruhuna and olsun, ərənləri ölməyəcək! Çünki torpaqlarımız öz övladlarının qanı və nəfəsi ilə cana gəlir. Bu torpaqlarda azad həyat zəfər çalmalıdır. Vətənsiz yaşamaqdansa birdəfəlik ölmək, yüz il əsarətdə olmaqdansa, bir gün azad yaşamaq yaxşıdır. Bu yerlərsə bizim vətənimizdir, ulu yurdumuzdur. Mən bu sözlərimi bizdən sonra gələnlərə əmanət edirəm!
Tomris xatunun səsi dalğalanaraq uzaqlara yayıldı, ulu dağların zirvələrində itdi.
Tez düşən axşamın içində torpaq od püskürürdü, şölənən al şəfəqlər intəhasız düzlərin üzərinə sərilmiş al qumaşı andırırdı. Yurdun bağrı işım-işım işıldayır, par-par yanırdı.

İnform.az

Baxış sayı: 512