Hüquq
09.02.2017 / 12:27

DİN Mehman Hüseynovu məhkəməyə verib

DİN Mehman Hüseynovu məhkəməyə veribDaxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
İnform.az bildirir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.
Xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10:00-a təyin olunub.
Xatırladaq ki, DİN Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət də qaldırıb. Nazirliyin yaydığı məlumata görə, bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib: “Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər.
Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub.
Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib”.

İnform.az

Baxış sayı: 372