Ədəbiyyat
08.02.2017 / 13:00

Tomris

Tomris
Aydın Hüseynov

VI yazı

Kuruş böyük sayda qoşunla səfərə çıxdı. Arazboyuna yürüşdə olarkən gecə yuxusunda gördü ki, sərkərdə Vistaspın oğlu Dara onun hakimiyyətini qəsb etək istəyir. O, hövlnak yerindən qalxıb dərhal nə edəcəyini bilmədi. İçərisindəki hisslər ona qəti heç nə demirdi.
Səhəri dirigözlü açan şah yuxusunu yozdurmağa dərhal cəhd etmədi. Uzun düşüncələrdən sonra Vistaspı çağırtdırıb oğluna nəzarət etməyi əmr etdi. Vistasp dedi:
-Şah! Qoy sənin həyatına qəsd etmək istəyən şəxs heç bu dyünyaya gəlməsin! Əgər beləsi varsa, ona yaşamaq haram olsun! Sən özün farsları qul aləmindən azad edib insan cərgəsinə yüksəltmisən, bütün yer-göy ölkənə baş əyir. Əgər gördüyün yuxuya inanırsansa, oğlumu sənin ixtiyarına verirəm, nə istəyirsən elə.
-Qayıt geri, oğlunun başına ağıl qoy.
Vistasp elə həmin gün Persə qayıtdı.
Kuruşun qoşunu qısa müddətdə Arazın sahilinə çatdı. O, çayı keçməkdən ötrü gəmilərdən körpü düzəltməyi, bu köpünün üzərində uca bir qüllə tikməyi əmr etdi. Başı bu işlərə qarışmışkən Tomris xatun onun yanına çapar göndərdi. Onu əhatəyə alıb gözlərini bağlayaraq Kuruşun çadırına gətirdilər. Çapar təklif gözləmədən Tomris xatunun sözlərini olduğu kimi Kuruşa söylədi:
-Midiyalıların padşahı, sən deyəsən mənim məsləhətimə qulaq asmaq istəmirsən, müharibə fikrindəsən. Əgər massagetlərin üzərinə hücum etmək istəyirsənsə, körpü tikməyi dayandır. Öz məqsədindən əl çək, çıx mənim torpaqlarımdan, öz ölkəndə şahlıq et və bizim xeyir işlərimizə, həyatımıza qısqanc olma. Əgər razı deyilsənsə, sərbəst şəkildə bizim ölkəyə keç, mənim qoşunlarım çaydan üç günlük məsafəyə geri çəkiləcəklər. Yox, əgər sən mənim qoşunlarımı öz ölkənə buraxmaq istəyirsənsə, onda sən də bu cür hərəkət et.
Kuruş, çaparı dinlədikdən sonra qanı coşdu, dəlisov hərəkətlə oturduğu taxtdan sıçrayıb qışqırdı:
-Boynu vurulsun! Pis xəbər gətirdiyinə görə.
inadı Böyük Kiri — Kuruşu, əzəmətli bir məmləkətin hökmdarını özündən əməlli-başlı çıxartmışdı. Kuruş kişi idisə, elə bu an özünü öldürməliydi. Ancaq öldürmədi. Ertəsi gün o, Krezin məsləhətlərini yerinə yetirdi. Öz döyüşçülərinin ən yaxşılarını geri çəkib, irəlidə ən zəiflərini saxladı.

***

Sipərqaplan Tomris xatundan döyüşə yollanmaq əmrini aldı. Şeypurlar dilləndi, təbillər çalındı. Ətraf binələrdən dəstə-dəstə gələn adamlar silahlandılar, dayanmayıb ordugahı tərk etdilər, meşənin içərisi ilə Araz çayına tərəf uzanan yola çıxdılar, bir qədərdən sonra qalın və hündür kolluqlarda görünməz oldular. Sipərqaplan Günselin piyada dəstəsini irliyə göndərdi.
İlıq və rütubətli, uzandıqca uzanan həyəcanlı yaz gecəsi idi. Bir azdan dumanlı dan yerində işıq çırtlayacaqdı. Günselin dəstəsi qarşıdakı sahəni diqqətlə nəzərdən keçirərək, addım-addım irəliləyirdi. Uzaqda arabir insan bağırtıları eşidilirdi. Ardınca lopalar alışaraq qapqara səmada odlu iz salır, ətraf yenə də qaranlığa qərq olur, sonra elə bir sükut çökürdü ki, hər kəs öz ürəyinin döyüntüsünü aydın eşidirdi. Az sonra girdikləri meşəlik isə çox böyük idi, haradasa qurumuş ağacların budaqları bir-birinə sürtünüb cırıldayırdı. Bir qədər aşağıdakı yamaclarda palçıq dizə çıxırdı, ayaqlar yerə yapışırdı. Sürüşkən dikdirləri keçmək olduqca çətin idi, büdrəyib yıxılmamaq müşkül idi.
Çox getdilər, dan yeri söküləndə meşəliyə sığınmış kiçik bir binəyə çıxdılar, yan-yörəyə nəzər yetirdilər. Bir dənə də salamat daxma yox idi, binə ölü vəziyyətə düşmüşdü.
Birdən göyün üzünü qara buludlar aldı, hava yenidən qaranlıqlaşdı, soyuqlaşdı, sərt və narın dolu səpələnməyə başladı. Sonra ətraf sakitləşdi, qara buludların yerində ağappaq və yüngül, keçi qəzilinə bənzər buludlar peyda oldu.
Əyilə-sürünə yoxuşdan çaya endilər. Elə bu an iti çay daşlarından biri Günselin dizini yaraladı. O, sudan sürünə-sürünə çıxdı, kolluğun içərisinə girib orada uzandı. Sakitlik gərəkdi, ona görə də heç kəsi köməyə çağırmadı, yarasını özü bağladı. Çünki burada ya ölmək, ya da davam gətirmək lazım idi. Əks halda hər şey itiriləcək, dəstənin işi pisləşəcəkdi. Hər bir döyüşçü yaxşı başa düşürdü ki, məhz davam gətirmək lazımdır, çünki bu, hələ vuruşma deyildi.
Uzun bir qayanın altında dincəlməyə dayandılar. Bura genişlik idi, ara-sıra yüzillik ağaclar görünürdü. Ətrafa tullanmış əşyalardan bilinirdi ki, buradan yolçular keçib getmişlər. Özünü yetirmiş Sipərqaplan daşların üstündə oturub kürəklərini qayanın divarına söykəmiş döyüşçüləri seyr edirdi. Adətən qaraqabaq olan, dindirməyincə danışmayan, döyüş yoldaşları arasında ən cavanı olan Günsel dişlərinin arasındakı təzə otun çöpünü seynəyirdi. Qırmızı geyimli əsgərlər oturub düşüncələrə qərq olmuşdular, hərə bir şey fikirləşirdi. Müharibədə belə şeylər çox olur. Sabah sağ qalmaq ümidləri sıfıra bərabər olanda başqa cür olmur, kimi doğma yurdu, kimi valideynlərini və qohum-qardaşını, kimi də, əgər varsa, sevgilisini düşünür. Bir az aralıda xəstə döyüşçü astadan öskürürdü, o biri döyüşçü dəmir kimi möhkəm ət tikəsini dişinin altına salmışdı. Kimisi də, görünür, yola çıxmazdan əvvəl yatmadığından mürgüləyirdi.
Hələlik ətrafa sükut çökmüşdü. Yalnız şüurları döyüşçülərə təlqin edirdi ki, bu sükut aldadıcıdır, düşmən sanki yerin altında gizlənib əlverişli məqam gözləyir.
Sipərqaplanın səsi eşidildi:
- Qalxın, azmanlar!
Ehtiyatla hərəkət edirdilər, çünki hiyləgər Kuruşdan çox şey, qəfil tədbirlər gözləmək olardı.
Günəş göyün ortasına qalxanda döyüşçü Nurdədə Sipərqapanın tapşırığı ilə sürünərək irəli getdi və az sonra geri qayıtdı, həyəcanını gizlədə bilməyərək onun qulağına kəsik-kəsik nə isə pıçıldadı. Sipərqaplan onu tez başa düşdü, Nurdədənin dediklərini yoxlayırmış kimi qarşı tərəfi diqqətlə nəzərdən keçirdi. Qarışıq bir mənzərə gözə çarpırdı, ocaq tüstüsü, qaramtıl torpaq təpəciklər, kollar, çökəkliklər və onların içərisində düşmən yaraqlıları görünürdü. Çox deyildilər, iyirmi-otuz nəfər yeyib-içməklə məşğul idi. Onları buradaca məhv etmək çox da çətin olmayacaqdı.
Birdən vəziyyət dəyişdi. Sipərqaplanın nəzərlərinin tuşlandığı yerdə əvvəl nə isə bir qarmaqarışıqlıq düşdü, sonra dərhal dərin sükut çökdü. Dəbilqələrini geymiş, silahlarını götürmüş düşmən yaraqlıları deyəsən Sipərqaplanın dəstəsini görmüşdülər. Tezliklə onlar ox mənzilinə qədər gəldilər. Qəfil ox yağışı havanı yardı.
-Başlayaq, azmanlar, hər an qiymətlidir, — deyə Sipərqaplan işarə verdi.
Sipərqaplanın döyüşçüləri eyni vaxtda irəli atıldılar. Onları çarpaz atılan oxlar qarşılayırdı, ona görə də fənd işlətmək məqsədilə yarğanlara girdilər.
Nurdədə nişangaha kim çıxırdısa, oxla məhv edirdi.
-Bunlara bir bax! Alın!
Birdən naqafil oxlardan biri onun başına dəydi. Sifəti qana bələnmiş Nurdədə qəzəbindən inildəyərək nizəsini qaldırıb gücü gəldikcə uzağa tulladı:
-Alçalmayacağam, onsuz da axırı ölümdür!
Sipərqaplan nə isə dedi, lakin döyüşçü artıq onu eşitmirdi, o, bir addım irəli atıb qəddini bir qədər də düzəltdi və əyilmədən yerə yıxıldı.
Vuruşma inanılmaz dərəcədə çətin şəraitdə gedirdi və gün əyilənədək davam etdi. Massagetlər qalib gəldilər. Şiş papaqlarını göyə atıb rəqs eləyən döyüşçülərin sevincinin həddi yox idi. Sipərqaplan hamıdan çox öyünür, döyüşçülərə bol-bol təriflər söyləyirdi.
Onlar sıx meşədəki talada atılıb qalmış hazır yeməkləri görüb kefə başladılar, indiyədək şərabın nə olduuğunu bilməyən adamlar şüurlarını itirincəyə qədər içib sərxoş oldular. Gözətçilər də öz yerlərini buraxıb onlara qoşuldular. Hamı nəşə içərisində yuxuya getdi. Bu zaman Kuruşun əsgərləri birdən-birə peyda olub massagetlərin üzərinə hücum etdilər, onların xeylisini qılıncldan və nizədən keçirdilər.
Sipərqaplan bərk sərxoş idi, əlhavasına yeriyirdi, cangüdəni əyilə-əyilə, hərdənbir iməkləyə-iməkləyə onun arxasıınca irəliləyirdi. O, cəld hərəkət etmək üçün əynindəki üst paltarını tamam çıxarıb atmışdı. Ürəyi bərk döyünürdü, nəfəsi tutulurdu. Başının üstündə sağdan və soldan oxlar vızıldayıb keçirdi.
Ayağı meyitə ilişib yıxıldı, lakin cəld durub düşmələrə tərəf irəlilədi. Kəmərindəki akinakı çıxarıb birdən-birə qarşısına çıxan düşmənin üstünə atıldı, akinakı qəbzəsinə kimi onun qarnına işlətdi. Birdən yer ayağının altından qalxdı, yıxıldı. İstədi qalxsın, bacarmadı, sağ qolu işləmirdi, çiynini kəskin ağrı sarmışdı. Kürəyi istiləndi və başa düşdü ki, qanı axır. Sərkərdə özünü çox pis hiss elədi. Lakin elə bil möcüzə baş verdi, tez özünü toplaya bildi. Yenə qalxıb irəli cumdu. Yenə də qaranlıqda seçə bilmədiyi xəndəyə düşüb yıxıldı, ani olaraq başını geri döndərəndə lap boynunun ardında hənirti duydu. Kimsə əlindəki ağac parçasını onun başına endirdi və Sipərqaplanın gözlərinə həmin an zülmət çökdü, akinak əlindən düşdü. O, bərkdən bağırdı, bir qədər süründükdən sonra huşunu itirdi. Onu kisəyə salıb apardılar.

Kuruş öz ordugahının mərkəzindəki çadırın önündə qoyulmuş taxtda oturub badədəki şərabdan qurtum-qurtum içərək qələbədən doğan sevincini gizlədə bilmirdi. Və qolları buxovlu sərxoş Sipərqaplan onun hüzuruna gətiriləndə bu sevinc tez bir zamanda həm sadəlövh, həm də yırtıcı bir təşəxxüsə çevrildi.
-Anan ağlasın, Qaplan! Elə bildin haxamanişlərlə zarafat etmək olar? — deyə Kuruş ucadan güldü və əmr etdi, — aparın, atın su quyusuna, özünə gəlsin, ya da ölsün
Qolları və ayaqları zəncirlənmiş Sipərqaplanı nizəli-qalxanlı adamlar araya aldılar, divarları iri daşlarla hörülmüş quyunun yanına gətirdilər. Üz-gözü başlıqla örtülü dəstə başçısı əlini onun çiyninə qoydu:
-Bu quyu neçə-neçə səninkimilərin məzarına çevrilib, onun dibindən salamat çıxan olmayıb. Cavan adamsan, heç iyirmi yaşın olmaz, niyə özünü məhv edirsən? Anana xəbər göndər, qoy şaha razılıq versin, hər şey yaxşı qurtarsın. Axı bu işin axırı yaxşı olmayacaq, yenə qan töküləcək, adamlar qırılacaq, sən nə qazanacaqsan?
Sipərqaplan onu araya alanları istehzalı nəzərlərlə süzərək uzun saçlarını geri atdı:
-Tomris xatun tüpürdüyünü yalamır, mən isə onun qarnından çıxmışam…
-Onda son sözünü söylə, bədbəxt.
-Son söz? Heç bir sözüm yoxdur Yalnız bircə xahişim var, yerinə yetirsəniz, ulu Günəş sizi bəlalardan hifz edər. Zəncirləri qollarımdan çıxarın, əsiri qolları bağlı öldürmək sizin dininizdə də yasaqdır, Hörmüz bünü sizə bağışlamaz.
Dəstəbaşı mənalı-mənalı gülümsündü:
-Sonra?
-Sonra bu quyunun dibi məzarım olacaq. Şah özü belə dedi. Açın qollarımı, siz heç nə itirmirsiniz. Deyərsiniz, məni quyuya siz özünüz atmısınız.
Dəstəbaşı:
-Yaxşı, — deyib, Sipərqaplanın arxada bağlanmış qollarından zənciri açıb yerə atdı, sonra ətrafına ehtiyatla gözucu nəzər yetirdi, azacıq əyilib onun qulağına pıçıldadı:
-Mən sənə ata olmaq istədim, arzuma çatmadım. Ancaq səni yeganə arzuna çatdırıram. Yağmuru tanımadınmı, Qaplan?
-Nə? Yağmur?!
Sipərqaplan elə həmin an dəstəbaşının üstünə tullanıb onun xəncərini qınından çıxardı və var gücü ilə öz böyrünə yeritdi. Bir neçə an ləngərləyib şax dayandı, ucadan bağırdı:
Bağışla oğlunu, Tomiris apa, südünü halal elə! Əsirliyi özümə sığışdırmadım, sənin başını düşmən qarşısında aşağı etmədim, gedəri oldum! — Və özünü bir göz qırpımında quyuya atdı. Hadisə elə sürətlə baş verdi ki, yaraqlılar hərəkət etməyə, onu tutub saxlamağa macal tapmadılar, quyunun içində pıqqıldayan suya xeyli baxıb geri qayıtdılar.
Yağmur mənalı-mənalı gülümsəyirdi.

İnform.az

Baxış sayı: 431