Şərhlər
07.02.2017 / 12:39

Bütün aşkar və gizli sirlərin memarı və müəllifi- İNSAN!

Bütün aşkar və gizli sirlərin memarı və müəllifi-
Nurulla Əliyev

"Söz bir aləmdir duyan kəslərə"(Z.Yaqub)

Xalidə Xalidin "Əqidə bütövlüyü , yoxsa yaltaqlıq?" adlı yazısına bir baxış.

Bir araşdırma kimi maraqlı mövzuya toxunulub- "Mətbəx"imizdə gündəlik "qaynayan" xarakterik bir olayın ünvanı .
Həyatımıza xas olan bu olayı müşahidələrində çək - çevir edən araşdırmaçı-yazar Xalidə Xaliddir .
Etik normalar , məntiqi qənaətlər yazının əsasını təşkil edir. Sadədən mürəkkəbə gedən çoxşaxəli mövzuya müdaxilədən o da məlum olur ki, müəllifin fəlsəfi və məntiqi fikirləri mükəmməlliyi ilə seçilir . Xanım yazarımız qeyd edir ki, "hər kəsin özünəməxsus xasiyyəti, iradəsi, əqidəsi, doğrusu və yalanı var ".
"Yazıçının gücü qələminə çatır ".
Yəni, ən son anda onu sındıra bilər. Ancaq Xalidə xanım dünyamızda bir cəmiyyət yaradan insanlarda insanlıq üçün eybəcərliyə çevrilən olayları görəndə qələminin ucunu zəfəranlı suya batıraraq hadisələri doğru - düzgün təsvir edir. Həmin bu yazıda Xalidə Xalidin geniş fonda işıqlandırdığı bir obyekt var - İNSAN!
Bütün aşkar və gizli sirlərin memarı və müəllifi-İNSAN!
Cəmiyyətin bütün pis və yaxşı əməlləri onda gerçəkləşir, onunla gündəmə gəlir. X.Xalidin bəhs etdiyi siyasi əqidə də, klassik və müasir yaltaqlığın hər iki üzü də onda yəqinləşir.
Müəllif peşəkar bir yazar kimi, insanların bu cəhətlərini qabartmaq üçün daha zəngin vasitələrdən istifadə edə bilsə də, hələlik bununla da kifayətlənir .
Həmin yazıda "Əqidə" anlamına daha çox yer verilir. Yazara görə, xeyir əməllər də, hər cür fəsadlar da onun sayəsində baş verir. Xalidə xanım birinci yazıda yığcam təhkiyə üsulu ilə olduqca maraqlı bir kompozisiya qurur:İnsan fenomeni nəyə qadirdir?
Əqidə - insan , Əqidə - iradə , insanın daxilini , heysiyyətini təyin edən - mənlik , iqtidar - müxalifət , günün əsas hadisələrindən olan özünüreklam , simada simasızlıq , ikiüzlülük, yaltaqlıq, sədaqət və sadiqliyin eybəcərlikləri və s.
Birinci yazını ikinci və üçüncü yazıların müqəddiməsi kimi də qəbul etmək olar.
İkinci yazıda hadisələr böyük mütəfəkkirlərin ( Mövlana Cəlaləddin Rumi, Əbu Turxan,Seneka )insan və cəmiyyət barəsindəki dünyagörüşü və düşümcələrinin təsiri ilə oxucuya çatdırılır. Müəllifə görə, insan bir bəşər olaraq yaradılışın ən ali varlığıdır.
Xalidə Xalid qarşıdakı məsələlərin xarakterlərindəki daxili xüsusiyyətlərini tam açmasa da Mələk və Şeytanın insanlara münasibətlərini konkret şəkildə həll etməyə çalışır .
İkinci yazıda istedadlı sənətkarın münasibətlərindən bir qədər aydınlıq nəzərə çarpır.Amma yenə də əqidə , onun insanlarda olan təsir qüvvəsi üstünlük təşkil edir. Hər şəxsin daxilində- içində bir "MƏN" hakim olaraq yaşayır.
İnsanın fikir və düşüncələrini tənzimləyən də haqqında bəhs edilən "MƏN"dir. Bu yazıda həmin məsələlərə "VİCDAN" məhkəməsini idarə edən beyinlərin məhsullarına vətəndaş münasibəti bildirilir.
Təbii ki, insanlar arasında, xüsusən təbəqələşmiş, yəni, məmur və əhalinin çalın - çarpaz dairələrində kütləni aşağılamaq, ayrı- seçkilik, ədalətsizlik, qanun üzərində şahlıq, qəddarlıq və şöhrətpərəstlikdən baş gicəllənmə halları labüddür. Yazıçının misal gətirdiyi Əbu Turxanın təbirincə desək, "Biz adətən özümüzü yox, başqalarını görürük . Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır."
Amma insanlar özlərini tanımaqdan ötrü ozlərinə başqasının gözlərilə baxmaq istəyəcəklərmi? Həmin suala üçüncü yazıda xanım yazarımız qeydlərini belə yazır:
"...Başqalarını gördüyümüz üçün də çox vaxt öz etdiyimiz əməllərin yanlışlığının fərqinə varmırıq ".
Bu, bir həqiqət!
Nəinki fərqinə varmırıq, ən azı bu sahəyə rəğbət də göstərmirik. Müəllif maraqlı bir istilahı (CÜRƏT sözünü )irəli çəkir:"Cürət edə bilərik , amma etmək istəmirik..."
Nə üçün? Səbəbi nə? Bəlkə də mənsub olduğumuz cəmiyyət bu gün buna hazır deyil . İnsanların içində bir xof , bir qorxu , soyuq bir təlaş qərar tutaraq buzlaşıb .
Üçüncü yazıda müəllif daha da irəli gedərək gerçəklik dediyimiz həqiqətin gözlərinə baxmaq istəyir .
Nə səbəbdənsə, bəzən qış dövründə həyət - bacada, ətrafda tək - tək ağaclar çiçək açır. Amma bunun təbiətə, insanlara hər hansı meyvə bəhrini verməyə təsiri varmı?
Bu hissədə müəllif yaltaqlığın məna və hərəkətlərinə işarə edir ... Bəzi insanlarda yaltaqlıq müdhiş bir həyat tərzinin vərdişlərinə çevrilib.
Xalidə Xalid maraqlı və əhatə dairəsinə görə, geniş və aktual bir məsələyə müdaxilə edib.
Harada insan-cəmiyyət mövzusu varsa, orada mübahisə də olacaq, fikirlərə fərqli, düşünülməyən, qərəzli münasibətlər də.

P.S:
Yazıda diqqəti aşkar çəkməyən bir məqam nəzərlərimi cəlb edirdi : Müəllif sürəkli həm də narahat bir tərzdə arxasınca boylanıb baxırdı.

http://www.moderator.az/news/167822.html

Baxış sayı: 263