Ədəbiyyat
07.02.2017 / 14:17

Tomris

Tomris
Aydın Hüseynov

V yazı

Məsgüt padşahı Cavadın oğlu Polada ərə gedən Tomrisin massagetlərin içərisində böyük hörmət və nüfuzu var idi. Çünki tayfaların bütün işlərini yoluna o qoyurdu. Səbəbi də bundan ibarət idi ki, Cavad öləndən sonra Polad taxta oturmuşdu və qısa zamanda pəhlivanlığın daşını atmışdı, qəribə olsa da, tez bir zamanda əyyaşlığa qurşanmışdı, günlərini yemək-içməkdə, ovda keçirirdi, öz el-obası haqqında düşünməyə həvəs göstərmirdi. Onun hərəkətləri padşahlığa xəyanət demək idi, massaget tayfalarında hələ ulu İşpakaydan bu yana belə başçı meydana gəlməmişdi. Bu isə Tomrisin və onun yaxınlarının adına ləkə idi. Ancaq Tomris xatun ərinin hərəkətlərinə birtəhər dözürdü. Artıq atası Sipər həyatdan getmişdi, Tomris tək qala bilməzdi. Digər tərəfdən, Polad Tomirisin ilk məhəbbəti idi, başqa kişilərə qarşı şəhvani sevgi onda yoxdu, hərçənd massagetlərdə sevgi azad idi. Və hökmdarə taxta çıxdığı ilk gün belə bir qayda qoymuşdu ki, hər bir massaget kişisi və ya qadını yalnız bir nəfərə evlənə bilər.
Və günlərin birində Tanrı Günəş öz işini gördü, Polad sağalmaz bir xəstəliyə tutuldu, getdikcə daha da zəiflədi, taqətdən düşdü, ara vuruşmalarının birində həlak oldu. Tomiris incikliyini büruzə vermədi, əksinə ərinin cəsədi üzərində torpaqdan böyük bir təpə tökdürdü. Bundan sonra massaget tayfalarının başbilənləri bir yerə cəm olaraq Tomirisi Məsgüt elinin hökmdarəsi elan etdilər.
Tomris xatunun baş iqamətgahı əvvəlki kimi, Samur çayından o tayda qala ilə əhatə olunmuş Çolada idi, ancaq özü ordugahda yaşayırdı. Başı qarlı dağların ətəklərindən bu yana torpaqlarda yaşayan bütün insanlar hökmdarənin kölgəsi altında mal-heyvan bəsləməklə məşğul idilər, artıq yer şumlamağı, taxıl əkməyi yaxşı öyrənmişdilər. Tomris xatun onların arxası və dayağı idi. Tezliklə hökmdarənin adı təkcə Məşgüt elində deyil, dənizin o tayında da yaşayan massagetlərin arasında dillər əzbəri olmuşdu.
Ətrafda isə yad qəbilələr marığa yatmışdılar, Tomris xatunu gözdən salıb sıradan çıxartmaq, Məsgütün sərvətlərini çapıb-talamaq üçün məqam gözləyirdilər. Ərsaq tərəfdən və şimaldan çölçülər qırğı kimi hücum edərək yerlilərin mal-qarasını, hətta adamları götürüb aparırdılar. Cənub tərəfdən isə şahənşah Kuruşdan ehtiyat etmək lazım gəlirdi. Şahənşah, şahlığa keçəndən sonra apardığı bütün müharibələrdə qələbə çalmışdı, hələlik heç bir məmləkət onun qarşısında davam gətirə bilməmişdi. İndi Kuruşun Kürdən aşağı düzlərdə dolaşan qoşunları hər an massagetlərin üzərinə hücum çəkə bilərdilər. Daimi təhlükələr önündə duruş gətirmək üçünsə ər kişilər, qolu güclü pəhlivanlar lazım idi.
Tomris xatun ümidlərini ətrafındakı insanlara, başlıcası isə oğlu Sipərqaplana bağlamışdı. Sipərqaplanın artıq iyirmi yaşı vardı və Tomiris çox fikirləşmədən onu oz qoşununa sərkərdə təyin etdi.

***

Eradan əvvəl 530-cu il idi. Artıq ömrünün qırxıncı ilini yaşayan, zahirən gözəlliyini və təravətini itirməmiş, cəsur və mərd, qeyri-adi massaget xatunu Tomiris haqqında Kuruş çox eşitmişdi. Günlərin birində şahənşah onu özünə arvad etmək fikrinə düşdü. Əslində massagetlərin torpaqlarına döyüşsüz, qansız və itkisiz yiyələnmək istəyən şahənşah Tomirisin hüzuruna qiymətli və nadir hədiyyələrlə elçi göndərdi. Dağlardan enərək ətəklərdə yarğanların başına dolanan yolda tənbəl-tənbəl yeriyən dəvələrin belində iri sandıqlar yırğalanırdı, yorğa atların üstündəki adamların zər-ziba geyimləri uzaqdan diqqəti cəlb edirdi, al-əlvan ipək libaslara düzülmüş daş-qaşlar Günəşin şüaları altında par-par parıldayırdı. Tomiris xatunun xüsusi mühafizə dəstəsi gələnləri dörd tərəfdən dövrəyə almışdı.
Dəstə yavaş-yavaş yurtların tən ortasında xüsusi görkəmi və ölçüsü ilə seçilən, qarşısında hündür və qalın qamışlara bənd edilmiş al-qırmızı üçkünc bayraqlar yellənən ən böyük çadıra yaxınlaşırdı. Tomiris xatunun cangüdəni Günsel elçibaşını çadıra dəvət etdi:
-Xatun! Bu adamlar şahənşah Kuruş tərəfindən göndərilib, sənə mühüm sifariş var.
Tomris xatun elçibaşıya fikir vermədən Günseldən soruşdu:
- Azman, istəkləri nədir, yoxsa Kuruş indi də massagetlərin üzərinə yerimək istəyir?
-Yox, xatun, Kuruş öz adamlarını sənin hüzuruna xoş niyyətlə göndərib. Dəvələrin üstündəkilər isə onun sənə hədiyyələrdir. Bizim adamlar onları Arazdan bu yana göz altına götürüblər, yolda öyrəniblər ki, sandıqlardakı hədiyyələr içərisində Çindən tutmuş Babilistana qədər bütün məmələkətlərdən gətirilmiş incilər var.
Tomiris xatun iri yaqıt qaşlı üzük taxılmış şəhadət barmağını qaldırıb göstəriş verdi:
-Günsel bəy, hədiyyələri hələ dəvələrin belindən düşürməsinlər. Kuruş onları Lidiyanı, Midiyanı, Babilistanı odlara qalayaraq qarət edərək insanların əllərindən alıb, mənə lazım deyillər. — Sonra elçiyə tərəf döndü. — Eşidirəm səni, niyə gəlmisən, istəyin nədir?
Elçibaşı təzim edərək sözə başladı:
Məşgüt elinin padşahı Tomiris xatun! Dörd qütbün şahənşahı Kuruş sizinlə evlənmək şərəfinə nail olmaq təklifi ilə məni hüzurunuza göndərmişdir. O, belə hesab edir ki, bu birlik ölkələrimiz arasında sülhə, xoş rəftara yol açar, düşmənlərimizə qarşı birgə müqavimət göstərmək üçün imkan yaradar. Şahənşah yalnız razılığınızı gözləyir.
Tomiris elçibaşını ayaqdan başa kimi ağır nəzərlərlə süzdü, qalın sarışın hörüklərini sinəsi üzərində tumarlayıb soruşdu:
-Sənin şahənşahın daha nə təklif edir?
- Daha heç nə.
- Elçi bəy, sözlərimi yaxşı-yaxşı eşit: Kuruşun qüdrəti yoxdur mənimlə üz-üzə, göz-gözə dayansın. Sənin padşahın hiyləgərlik edir, mənim torpaqlarıma yiyə durmaq, binələrimizi, insanlarımızı əlimdən almaq, kölə etmək istəyir. Mən onun hiylələrinə uyan deyiləm. Azdırmı ona bütün ətraf ölkələrdən əsir edilərək qovulub gətirilmiş balaca-balaca qızcığazlar? Qoy bizləri kirli-yamaqlı hesab etsinlər, ancaq unutmasınlar ki, vuran əlimiz var. Ulu Günəşin köməyi ilə hər bir düşmənə qalib gələcəyik. Elçi bəy, sən bu sözlərimi də olduğu kimi öz şahənşahına çatdır: birincisi, Məşgüt torpaqları yiyəsiz deyil və Kuruş öz qələbələri ilə qürrələnməsin. Mən bu elin övladıyam, köküm-soyum bu geniş torpaqlarda yaşayıb. Ona de ki, sən Mitridatın qoyunlarını, keçilərini otaran adamsan, Kuruş! Sənin atan Kambis Midiya hökmdarı Astiaqın nökəri deyildimi? Sənin Pasarqad tayfan mənim massaget tayfamın ayaqlarını yumağa layiq deyil. Sən uşaq yaşlarında yuxuya getmisən, hələ də ayılmamısan. Bəlkə yadından çıxıb ki, Astiaqın qızı Amitidanın ərini edam etdirən, öz xalana evlənən sən oldun. Belə etməsəydin, Midiya torpağı səni qəbul etməzdi və orada hökmranlığın uzun çəkməzdi. Bütün aləmə məlumdur ki, sən Astiaqı hiylə və xəyanət yolu ilə məğlub etmisən. Çünki Astiaqın Harpaq kimi alçaq əyanı sarayın bütün sirlərini sənə vermişdi və o, sənin dərini xilas edib dünyanın başına bəla etdi. Midiyanı dağıdıb bizim qohumlarımızı oradan didərgin salmısan, bunun üçün nə vaxtsa cavab verəcəksən. Get, tayını tap, Tomirisdən sənə arvad olmaz.
Elçi, gözləmədiyi sərt cavabdan titrədi, qeyri-ixtiyari irəli bir addım ataraq Tomirisin qarşısında diz çökdü, çənəsini şaqqıldadıb ikicə kəlmə söyləyə bildi:
-Elədir, xatun! Ancaq Kuruş məni asacaq!
-Məndən sizə xatun olmaz. Get öz şahının yanına, dediklərimi ona çatdır. Mən onu döyüş meydanında gözləyirəm. Gəlsin!
Tomiris işarə etdi ki, elçini yola salsınlar. Günsel bir an duruxdu:
-Xatun, bəlkə…
-Yox, mənim canım! Öldürməyin onu. O, elçidir, yemək-içmək verin, getsin. Sizsə döyüşə hazırlaşın. Qan davasına! Kuruş hökmən üstümüzə gələcək. Elçiləri o taya Yağmur yola salsın. Yolüstü öyrənsin, görək Kuruşun dəstələri harada qərar tutub.

***

Yağmur savaşların birində Persdən əsir kimi gətirilmişdi. İşi-peşəsi at nallamaq idi. Hökmdarənin qara kəhər atını da o bəsləyirdi. At da ki, nə at! Misli-bərabəri yox idi, atların içərisində ən güclüsü, ən gözəgəlimlisiydi. Yağmurun isə çoxdan idi gözü ata yox, Tomiris xatuna düşmüşdü. Bir dəfə Tomiris xatun bunu bilən kimi, doyunca güldü:
-Yağmur, mən papaq deyiləm başdan başa qoyulam. Yaxşı bilirsən ki, mən Günselə bağlanmışam. Sənə isə tayfalarımızın ən gözəl qızını verəcəyəm.
- İstəmirəm, xatun.
- Onda sənə qara kəhəri bağışlayıram. At bizlərdə müqəddəs sayılır. Qoru, gərəyin olar.
- Yaxşı, xatun, mən sənin atını gözüm kimi qoruyacağam.
Tomiris xatun yenə güldü: «Sevir, qoy sevsin. O da insandır, məni sevən insanlardan biridir. Mən ona gedərdim, şahənşahdansa, mehtər yaxşıdır. Ancaq Günselə xəyanət edə bilmərəm. Bir gün Polad da altında uyuduğu təpəni yarıb ayağa qalxar, nə cavab verərəm?»
Tomiris xatun qarşısında acizanə dayanmış mehtərin halına acıdı, bəlkə bu səbəbdəndi, Yağmurun gözlərindəki həm şəhvət, həm nifrət dolu ifadəni görə bilmədi. Tomiris xatunun etirazından əzab çəkən mehtərin sir-sifətindən baş açmaq olmurdu, nəinki bu adamın hiylə və felindən.
...Baş mehtər Ərsam, günlərin birində səhər tezdən tövləyə baş çəkəndə gördü ki, qara kəhər yerdə uzanıb ləhləyir, başdan-ayağa kimi qan-tər içindədir, gözləri hədəqəsindən çıxıb, burun pərələrindən selik sel kimi axır. Düşündü ki, heyvan bəlkə naxoşlayıb, ona görə də onu xeyli tumarladı, yemini-suyunu əvvəlkindən bol elədi, yanından aralanmadı. Qara kəhər axşama kimi özünə gəldi.
Səhəri gün Ərsam yenə də tövləyə girəndə atı dünənki vəziyyətdə, heydən düşmüş gördü və düşündü ki, yəqin kimsə gecələr onu işlədir. Əsgərlərin əhatəsində bu, o qədər ağlabatan görünməsə də, tövlədən bir az aralıdakı qamış çəpərin dibində uzanıb pusmağa başladı. Tərslikdən səhərə yaxın Ərsamı yuxu apardı. Ayılanda atı yenə o halda gördü.
Beləcə, heyvan gündən-günə geri gedirdi, arıqlayırdı, son günlər lap əldən düşmüşdü.
Ərsam yenə güdməyə başladı, yenə bir nəticə hasil olmadı. Axırda fəndə əl atdı, yəhərə yayın istisində ərimiş qalın qır qatı yaxıb atın belinə bağladı, onu balaca meşədəki talaya buraxdı. Gecənin bir aləmində tala səmtindən qulağına qəribə səslər dəydi. At ayaqlarının tappıltısı lap yaxında eşidildi, qara kəhər gəlib Ərsamın qarşısında dayandı. Atın belində qadın paltarında kimsə oturmuşdu. Vurnuxurdu, qıvrılırdı, quş ciyiltisinə bənzər səs çıxarırdı, atdan düşmək istəyirdi, lakin yəhərdən qopa bilmirdi. Kilkə saçları qapqara sifətinə tökülmüşdü. Ərsam, «ay aman, bu ki, halarvadıdır», qət elədi, ani olaraq uşaq vaxtı eşitdiyi əhvalatlar yadına düşdü. Eşitmişdi ki, gərək halarvadı ilə rastlaşanda ona dəmir göstərəsən, onda sənə tabe olar. Tez bıçaq gətirmək üçün tələsdi. Geri qayıdanda gördü ki, Yağmur yəhərin üstündə qıvrılaraq ona yalvarıcı nəzərlərlə baxır.
Ərsamın Yağmura yazığı gəlirdi, ona görə də Tomiris xatuna bu barədə heç nə deməmişdi. Ancaq hərdən zarafata salıb Yağmuru halarvadıya bənzədirdi. Deyirdi, bu Yağmuru gör, halarvadını gör, fərq eləməz, itələyib yerində oturub. Belə vaxtlarda Yağmurun içinə sancı dolurdu, Ərsamı kinlə süzüb başını yelləyirdi, dinməz-söyləməz öz alaçığına çəkilirdi.
İndi elçibaşını müşaiyət etmək təklifi Yağmura lap göydəndüşmə olmuşdu, onun əlinə qisas almaq, ən azı buradan əkilmək üçün yaxşı fürsət keçmişdi.
Yağmur qara kəhəri dəhmərləyib elçilərin qabağına düşdü və… bir daha geri qayıtmadı.

***

Pasarqaddakı möhtəşəm sütunları olan sarayın qarşısında çaxnaşma düşmüşdü. Adamlar ora-bura qaçışır, bir-birinin üstünə qışqırır, nə isə tələb edirdilər. Birdən kiminsə amiranə səsi eşidildi, hamı səsini xırp kəsib bir yerə toplaşdı. Əsəbdən sifəti qıpqırmızı qızarmış, yuxusuzluqdan gözlərindən qan daman baş kahin adamları süzdü, əllərini qoynuna qoyub var-gəl eləməyə başladı, sonra qızılla haşiyələnmiş, üzərinə qanadlı şir şəkilləri həkk olunmuş darvazaya tərəf yeridi. Sarayın bir neçə mənsəbli məmuru onun arxasınca düşdü. Darvaza qarşısında farağat dayanmış iki ucaboy əsgər kənara çəkilib onlara yol verdi.
Qarşıda hər iki tərəfinə rəngbərəng daşlar düzülmüş, suları köpüklənən fəvvarəyə kimi uzanan xiyaban göründü. Kahin və məmurlar xiyabanın sonuna yetişdilər.
Burada tam sakitlik idi. Kuruş qızıl taxtda oturmuşdu, arabir gümüş badədən bir qurtum şərab içir, fəvvarənin şırnaqları altında oynaqlaşan çılpaq qızlara tamaşa edirdi.
O, ağır-ağır qalxıb qızlara yaxınlaşdı, hər ikisini birdən qucaqlayıb özünə sıxdı. Qızlar gülüşərək onun qolları arasından sivişib çıxdılar, fəvvarənin şırnaqları arxasında görünməz oldular.
Şahənşah gələnləri sərxoş nəzərlərlə süzüb soruşdu:
-Hansı xəbərlə gəlmisiniz?
Kahin əllərini döşündə çapazlayıb cavab verdi:
-Böyük və yenilməz şahımız, massagetlərin hökmdarəsi sənə rədd cavabı göndərib.
Bəd xəbərdən həyəcanlanan hökmdar var-gəl eləyərək kahinin önündə dayandı:
- Hə?! Nə tədbir görmək lazımdır?
Kahin mısmırığını salladı, həyəcanını boğa bilməyib udquna-udquna dedi:
-Bilmirəm, şahım, tədbir görmək səndəndir. Sənin evlənmək təklifin massagetləri tamam ayıltdı. Məsgütü yaxşı tanıyırıq.
Kuruş qəzəbindən cuşa gəldi, yumruğunu taxtın dirsəyinə elə vurdu ki, qolundakı parlaq daşlarla bəzədilmiş bilərzik parça-parça olub ətrafa səpələndi:
-Hm-m… Deyirsən köçərilər az sonra hamımızı dirəklərdən asacaqlar?
-Massagetlər köçəri deyillər, şahım.
Tomrisin rədd cavabından Kuruşun ürəyi az qalırdı partlasın, bütün vücudu qarsalanmışdı: «Necə yəni, hər gün mənim qarşımda lüt vücudları ilə peyda olub zövqümü ram edən bir cinsin nümayəndəsi məni hökmdar kimi saymır, arzumu rədd edir?! Onunla nə etməliyəm? Yalnız dava! Ola bilməz ki, dünyanı ağladıb diz çökdürən bir fateh kiçik bir kütlənin önündə aciz qalsın. Yox! Tomris özü sürünüb bütün vücudumu yalayacaq və mən onun bütün insanlarını diz çökdürəcəyəm, massagetlərin bütün qadınlarını əsgərlərimə paylyacağam ki, onların izləri tarixin səhnəsindən silinsin, damarlarında təmiz fars qanı axsın».
Kuruş əmr etdi:
— Qoşunu hazırlayın, üç gündən sonra üç günlük yola çıxırıq.
Məmurlar başlarını razılıq əlaməti olaraq tərpətdilər.
Lakin şahənşah yenə də əsim-əsim əsirdi, səyriyən sifətində öz qərarına şübhə ifadəsi aydın sezilirdi. O, daha davam gətirməyərək vəziri Krezi yanına çağırdı. Krez gəlib onun qarşısında ikiqat oldu:
- Buyur, şahım!
-Krez!
-Bəli, şahım!
-Krez, sən mənim qüdrətim qarşısında diz çökən böyük bir məmləkətin hökmdarı olmusan, başın bəlalar çəkib. Ancaq mən yaxşı bilirəm ki, sənin o başın hər şeydən çıxır. Bir söylə görüm, bu xatunla nə edə bilərik. Mən ona elçi göndərdim, yıxılmadı. Şərqdən qərbə qədər ölkələrə sahib olmuş Kuruş bir arvadın təhqirinə dözməlidirmi? Mən Məşgüt köçərilərini torpaqlarıma buraxıb arxalarına keçmək, sonra kiçik bir dəstə ilə onları məhv etmək istəyirəm. Necə fikirdir, Krez?
-Əbədi hökmdarımız! Tomris üstünə gəlir, qoy gəlsin. Amma, bil ki, hər günün bir hökmü var, onların arasında maqlar çoxdur, sənin qoşunlarını bir baxışla yoldan çıxara ubilərlər, bircə sözləri ilə tar-mar olarsan. Sənin başına nə gələcəksə, maqlardan gələcək. Yaxşı olar, Tomrislə elə Arazın o tayında üz-üzə gələsən. Öz torpaqlarında vuruşmağı neyləyirsən? İstəyirsən ki, burada qan su yerinə axsın, birdən ola bilsin ki, uduzasan, sənə gülsünlər? Unutma ki, sənin gücün var, amma arxan, möhkəm dayağın yoxdur.
-Nə danışırsan, Krez? Ellinlərdən bu yana məni hökmdar kimi qəbul etmişlər. Mən bu dünyanın dörd tərəfinə sahibəm. İndi min cür bəzək vurulmuş bu qızıl tacı başımdan götürüb yerə vurum? Kuruş şahlar şahıdır! Mən Kambisin oğluyam, həşəmətli Kuruşun nəvəsiyəm, əbədi şah toxumuyam. Gör Babilistanı necə darmadağın etdim, onun son padşahı Valtasarı necə edam etdim! Yuxarı dənizdən Aşağı dənizə qədər hər yerdə mənə təslim oldular, Şumer, Akkadiya, Urartu, Elam, Parfiya, Hirkaniya hakimləri ayaqlarımdan öpdülər. Astiaqı mən məğlub etdim, taxt-tacını darmadağın edib ölkəsini ələ keçirdim. Və bunu etməliydim. Atam Kambis dirilib məndən rica etsəydi, Astiaqa aman ver, verməyəcəkdim. Çünki Astiaq mənim ölümümə hələ anam Mandananın bətnində olarkən fərman vermişdi. Astiaq böyük insan idi, gücü vardı, qüdrəti vardı, Manna, Urartu, Assuriya onun qılıncı altından keçmişdi. Gərək avamlıq etməyəydi, çünki əslində o mənim ana babam idi. Kim ona demişdi ki, sarayına atamın adamlarını yerləşdirsin? Bilmirdi ki, bu adamlar əvvəl-axır mənə xidmət göstərəcəklər? Gərək biləydi, Krez! Gör mən nələrdən çıxmışam! Nə olsun ki, Midiya şahının qızı Mandana keçi otarmışdır, onun oğlu ki Midiyanın şahı oldu! Nə olsun ki, uşaqlıqda naxıra da getmişəm, lap elə Astiaqın sarayında da xidmət etmişəm, amma nüfuz və hörmət qazanmışam və bunun sayəsində saqi vəzifəsini daşımışam. Bu, balaca iş deyildi, sayılıb-seçilən bir mərtəbə idi. Kadusilər baş qaldıranda onları susdurmağa mən göndərildim və bunu etdim. Sən özün Lidiyanın hökmdarı idin, Krez, elə deyilmi? Bütün Anadolu, ondan o yana dənizlərə qədər yunan şəhərləri sənin əlində idi, sənə xərac verirdilər. Sən də mənə tabe olmaq istəmirdin. Nə oldu? Sard vuruşmasında on dörd gün mühasirəmdə döyüşdün. Ancaq yaxşı döyüşdün, igid və ağıllı adamsan. Ona görə də səni əsir götürərkən boğazından asmadım, özümə vəzir təyin etdim. Görürsən, tarix necə oğullar yetişdirir!
-Şahənşah! Keçən günləri xatırlayıb halımızı pozmayaq. Mən sənin xidmətindəyəm!
- Düz deyirsən, Krez, bunlar sənin üçün çox acı xatirələrdir. İncimə, həyat belədir. Bilirsən, bir tütəkçi dəniz sahilndə dolaşarkən balıq görür. Tütəyini çalır ki, balıq sudan çıxsın, ancaq balıq görünmür. Onda tütəkçi suya tor atır, balıqlaırı tutub sahilə çıxarır, onların çabaladığını görüb deyir: nə gözəl oynayırsınız, bəs nə üçün mən tütək çalanda oynamaq istəmədiniz? Bax, əgər sən mənə o vaxt müqavimət göstərməsəydin, səni öz Lidiyana canişin təyin edəcəkdim. Bunlar tarixdir, deməsək, təkrar-təkrar yada salmasaq, tez unudularıq, qələbələrimiz tez yaddan çıxar, bizlərin adlarını heç kəs bilməz. İndi Kambizin oğlu, nəslimin təməlini qoymuş Haxamanişin kötükcəsi, dünyanın dörd səmtinin böyük padşahı Çişpişin nəticəsi, aləmlərin fatehi Kuruşun nəvəsi, Kambzin oğlu mən Kuruş arxasızam? Bunu necə anlayım, Krez?
-Elə belə də anla. Yerin-göyün hökmdarı olsan da, sənin öz torpaqların yoxdur. Sən onları qılıncla fəth etmisən, o torpaqların üzərində minlərlə insanın başı kəsilmiş, səhralar, çöllər, dağlar, dərələr qanla suvarılmışdır. Sənin tökdüyün qanlar hər yerdə, hər şeyi qurudub, məhv edib. Görürsən, ucsuz-bucaqsız gen səhralarda bir ağac belə bitmir. Amma oralar keçmişdə cənnətin guşələri sayılıb. Ona görə də bu torpaqlar sənə arxa durmayacaq. Sən massagetləri buraya buraxsan məğlub olacaqsan. Yaxşı olar, Arazın o tayına keçəsən, öz işini orada görəsən.
- Krez, qısa elə…
-Dayan, şahım, tələsmə, belə işləri soyuq başla həll edərlər. Tomris sənin düşündüyün qədər zəif deyil, cəngavər adamdır, bircə hayqırtısı bəsdir ki, massagetlərin atlarının dirnaqları bütün torpaqlarını yerlə-yeksan eləsin. İstəyirsən dünən diz çökdürdüyün məmələkətlərin sakinləri sənə gülsün? Tomirisi yalnız fəndlə məğlub etmək mümkündür. Bir tədbir ağlıma gəlib, onu sənə deməliyəm. Sən öz ordunla Arazı keçirsən, bir-iki gün yol gedib geri dönürsən, özünü elə göstərirsən ki, döyüşməyə taqətin yoxdur. Qoşunda olan qocaları, xəstələri, davaya yararsız döyüşçüləri çayın kənarında sakit bir yerə topla. Çoxlu yemək-içmək hazırlayıb qoysunlar onların yanına. Qoy massagetlər hücum edərək sənin əsəgərlərini qırsınlar, onsuz da heç nə itirmirsən, o cüssəsiz insanlar sənə artıq yükdür. Massagetlər orada olan şərab kuzələrini görüb cumacaqlar yeyib-içməyə. Gördün ki, özlərini bilmirlər, sərxoş olub yatıblar, ən cəsur qüvvələrini irəli çıxarıb yeri üzərlərinə, işini gör.
- Daha nə söylərsən, vəzir?
-Bir də məsləhət görürəm ki, qabaqda kiçik bir dəstə göndərib Tomiris xatunun döyüşçülərinin yerini öyrənəsən.
-Yaxşı, vəzir. Mən Məsgütü bircə zərbəmlə fəth edəcəyəm, Beşbarmaq dağına gedib çıxacağam, o ətrafda çağlayan bulaqların suyundan içib əbədi yaşayacağam. Xızır Zindədən nəyimlə əskikəm?! Ancaq, dediyin kimi, əvvəlcə kiçik bir dəstə göndərib yoxlayın, görək Tomrisin nəyi var, nəyi yoxdur.
Kahin və məmurlar getdikdən sonra Kuruşun qarşısında cavan qulluqçu peyda oldu. Onun əlindəki qab ağzına kimi qızıl tozu ilə dolu idi. Şah soyundu, qulluqçu qabdakı qızıl tozunu onun bədəninə səpməyə başladı. Şahənşah tamamilə sap-sarı qızıl tozuna bələndi və fəvvarənin altındakı hovuza girib uzandı. Gözlərini yumub taxta çıxdığı günü xatırladı: «Mən səltənətə onun qızıl dövrünü bəxş etdim. İndi ürəyimə nəsə damıb, deyəsən, yaxın zamanda taxtdan düşəcəyəm, ağlım belə deyir. Gedəndə də gərək qızıla bürünəm…»

***

Uca təpənin günçıxan kənarında dayanmış gözətçi nə isə qışqırıb göz işlədikcə uzanıb gedən düzənliyə səpələnmiş təpələrin üzərində yanıb-sönən qoşa alov dilimlərini göstərdi, həyəcanla qışqırdı:
- Yağı gəlir!
Uca təpədə şeypur çalındı, sinclər cingildədi, səs-küy ətrafı bürüdü, ox-kamanla, nizələrlə silahlanmış adamlar yerlərini tutdular.
Tomris xatun irəli çıxdı, əlini gözlərinin üstünə tutub üfüqü ciddi nəzərlərlə süzdü. Adamlar təpəyə qalxıb onun ətrafında dövrə vurdular.
Uzaqda, alçaq kolluqlarla örtülü çöldə sürətlə yaxınlaşan atlı dəstəsi göründü. Gözlər alışıb yanırdı, əzələlər gərilmişdi, qadınlı-kişili hamı hökmdarənin əmrini gözləyirdi. Tomiris xatun nəzərlərini çöldən döndərib dilləndi:
-Hər il Yeddiulduz parlaq göründükcə üstümüzə hücum olur. Gözümüzün odunu almağa çalışırlar, anlamırlar ki, bu odu bizə ulduzların atası ulu Günəş bəxş edib.
Sonra Tomiris xatun asta səslə öz-özüylə danışdı: «Ah, Kuruş! Sənə Midiya da bəs etmədi, insanlara qan uddurdun, çapıb-taladın, sarayını Midiyanın ləl-cəvahiratı ilə ağzına kimi doldurdun, yenə də gözün doymadı. İndi də caynaqlarını mənə uzadırsan. Gün haqqı, sənə aman verməyəcəyəm. Mənim mübarizəm bizim üçün sonuncu olmayacaq, vuruşlara ömrümüz bəs eləməsə, sümüklərimiz dava edəcək. Mən hələ midiyalıların qisasını səndən alacağam. Gərək səbr eləyəydin, Kuruş!» Sonra sinəsinə doğru uzanan sarışın hörüklərini haçaladı, bir xeyli barmaqları arasında əlçimləyib qəti göstəriş verdi:
- Mal-heyvanı qamışlıqlara qovun! Qadınları və qızları etibarlı yerə aparın! Cəld olun! Dəbilqəmi, qılıncımı gətirin. Ey ərənlər, başımızın üstündə od püskürən Günəşə and olsun, torpağımızı yadlara təslim etməyəcəyik!
Atlılar təpəyə çatıb dayandılar. Qabaqdakı qara geyimli, uzunburun, kül rəngində uzun saçları çiyinlərinə tökülmüş dəstəbaşı bərkdən qışqırdı:
-Başçınız irəli çıxsın, məni dinləsin!
Yuxarıdan cavab gəlmədi.
Qara geyimli atlı qeyzləndi:
-Eh-hey-y! Bu qalanı babalarınız torba-torba torpaq daşıyıb ucaldıblar, onu sizin özünüzə torba-torba qazdırıb daşıtdıracağıq. Nəyiniz varsa, ötürün gəlsin, yan keçək. Yoxsa elinizi tar-mar edəcəyik, arvad-uşaqlarınızı aparacağıq.
Yuxarıdan kimsə qışqırdı:
-Yuxunda görərsən, əbləh! Hünərin varsa, gəl irəli. İşıq haqqı, bizimlə bacarmayacaqsınız. Qayıdın öz ölkənizə, bu yerin sahibi özümüzük.
- Çəkil kənara! — Tomris xatun döyüşçüyə əmr etdi, təpənin lap kənarına gəlib bişmiş kərpicdən hörülmüş divarın üstünə qalxdı:
-Kuruşun quldurları! Siz bilirsiniz, haradasınız? Bütün yurdları əzirsiniz, dağıdırsınız, bəs deyil?
Qara geyimli dəstəbaşı Tomris xatunu dinlədikcə qızarıb-pörtür, şişkin yanaqlarında xırda damarlar zoqquldayırdı, sifətindəki kirli qırışlardan tər süzülüb boyun-boğazına axırdı. Nəhayət o, dözməyib əsəbi halda bağırdı:
-Sus! Dilini uzun eləyən başını bəlaya salar. Deyin görək, Şimal padşahının göndərdiyi karvanlar haradadır. Cəhl etməyin, yola gəlin və yolu göstərin. Biz onları məhv edərik, sizin də canınız qurtarar.
-Bizim də vuran əlimiz var, canımızı özümüz qurtaracağıq, yaxud məhv olacağıq! Torpaq haqqı, elimiz əllərdə qalmayacaq!
Həmin an yuxarıdan ox yağışı başlandı, atlılar bir-birinin ardınca yerə sərildilər. Sağ qalanlar atların başını geriyə çevirdilər, yolları üstündə bir neçə alaçığa od vurub gözdən itdilər.

İnform.az

Baxış sayı: 680