Ədəbiyyat
06.02.2017 / 16:17

Tomris

Tomris
Aydın Hüseynov

IY yazı

Polad Cavadın tapşırığını yerinə yetirməyə gecikmişdi, buraya təkbaşına gəlmişdi, yol yoldaşları Arazı keçəndən sonra dağlara qalxmaqda ikən farslarla toqquşmada həlak olmuşdular.
O, Əhəmənilər sülaləsinin böyük hökmdarı şahənşah Kuruşun baş şəhəri Pasarqada çatan gün bura bayram içində idi. Paytaxtda qeyri-adi bir təntənə, görünməmiş bayram düzənlənmişdi. Atəşgahın ali kahininin yaxın günlərin ən görkəmli hadisəsi kimi xeyir-dua verdiyi gün, nəhayət ki, yetişmişdi: Şahənşah Kuruşun oğlu Kambiz doğma bacısı Atossaya evlənirdi.
Bütün küçələrdə insanlar qaynaşırdı, yollar düzülü mizlərlə kəsilmişdi, əyanlar və qonaqlar ardı-arası kəsilmədən şahənşah sarayının qızıl darvazaları önünə tələsirdilər.
Kuruşun övladlarının bir-birinə evlənməsi münasibətilə qonaqlıq başlandı. Hökmdarın qonaqları hər şeydən əvvəl geniş mizlərin üstünə düzülmüş yeməkləri acgözlükə nəzərdən keçirirdilər. Bütöv halda qızardılmış buğa, qoyun və çöltoyuğu cəmdəkləri yığışanların gözlərini dörd eləyirdi. Gümüş məcməyilərdə cürbəcür meyvələr sanki dil açıb “gəl-gəl” deyirdilər, onların yanında hələ səhərdən su ilə qarışdırılmış üzüm və xurma şərabları ilə dolu gen boğazlı kuzələr düzülmüşdü. Böyük Midiyanın padşahı Astiaqdan Kuruşa miras qalmış iri daş-qaşlar, Asiya çöllərinə yürüşlər zamanı ələ keçirilmiş heykəlciklərin od tutub yanan səthləri qonaqların saqqallı sifətlərini əks etdirirdilər. Kuruş yanında oturmuş əyanlara Asiyanın az qala yarısını necə fəth etməsi barədə söhbət açmışdı.
— Bu gün ömrümün ən fəhəhli günüdür, oğlumun və qızımın toyudur. Mən, Aləmin dörd tərəfinin, Aşağı və Yuxarı dəryalar arasındakı məmləkətlərin böyük hökmdarı, Əhəmənşahın kötükcəsi, Çişpişin nəticəsi, Birinci Kuruşun nəvəsi, Kambizin oğlu fateh olmaya bilmərəm. Babilistanı darmadağın, onun son padşahı Valtasarı edam etdim. Şumerin, Akkadın, Urartunun, Elamın, Parfiyanın, Hirkanın mənəm-mənəm deyən şahları ayaqlarımdan öpdülər. Midiya qarşımda diz çökdü. Hə, bir də... – o, vəziri Krezə tərəf dönərək ağır bir təşəxxüslə gülümsədi, - Krez, yadındadırmı, sənin Lidiyanı necə məğlub elədim? Özünü öldürmədim, ona görə ki, ağıllı və uzaqgörən adamsan, həm də pəhlivan kimi döyüşmüsən... Hə, hə! Hələ Şimala gedəcəyəm, Beşmabarmağa çıxacağam, oradakı dirilik suyundan doyunca içib Xızır geyğəmbərin özündən artıq yaşayacağam. Vəsiyyət edirəm ki, bundan sonra övladlarımdan əmələ gələn bütün uşaqları Beşbarmağa aparıb o dirilik suyundan içirtsinlər, təmiz şah qanından olan övladlar əbədi yaşasınlar, Əhəmənilərin izləri Yer üzündə əbədilik qalsın. Amma, əlbəttə, gərək bu işləri soyuq və ayıq başla həll edəsən... Ona görə də hələlik yeyin, için...
Sarayın gözətçilər yaşayan binasına baxan tərəfində üç adam hündürlükdə, al-əlvan Baktri və Soqdi xalçaları sərilmiş, təptəzə ətirli gül-çiçək çələngləri ilə bəzədilmiş taxt qoyulmuşdu. Onun yuxarı başında zil-qara həbəş ağacından düzıldilmiş, sarı rəngli fil sümüyündən dirsəklikləri olan kürsülərdə yeyib-içənlərin həsədli nəzərləri önündə Kuruşun qızı ilə oğlu əyləşmişdi. Atossanın xırda və nazik qara hörükləri balaca ilan balaları kimi çiyinlərinə tökülmüşdü. Sürmə altında itmiş gözləri sanki gün şüası görməmiş ağ çöhrəsində qeyri-təbii görünürdü. O, həddən artıq xoşbəxt görünürdü, zarafat deyildi, Əhəmənilər sülaləsinin öndərinin qızı müqəddəs bir arzuya yetirdi, öz doğma qardaşına ərə gedirdi. Şöhrətli Kuruşun oğlu, sülalənin davamçısı Kambiz Hörmüzün adından yanındakılara vəd verirdi ki, bundan sonra da ata-babasının əməllərinə sadiq olacaqdır. Amma məclisdəkilərin çoxu yaxşı bilirdi ki, şahənşahın oğlu sağalmaz xəstədir, Əhrimən onun ağlını başından çoxdan almışdır. Kambiz hal-hazırda özündən asılı heç nə barədə fikirləşə bilmirdi, ancaq ikinci bacısı Rəqsanəyə də sahib olmaq barədə cəsarətlə düşünürdü. İçindən səs gəlirdi: “Sənin atan əbədi deyil. Rahatca hökmdarlığına başla, işlərini gör. Əfsanəvi Rəqsanə də sənin olacaqdır”.
Qardaş və bacı ağildan kəm insana ağıl, zəiflərə güc bəxş edən qızılı rəngli haomadan içəndən sonra qonaqların sərxoş baxışları altında yataq otağına keçdilər... az sonra gecəni davam etdirməkdən ötrü məclisə qayıtdılar. Azca yorğun görünsələr də, xoşbəxt idilər... Qalırdı doqquz aydan sonra dünyaya gələcək təmiz padşah qanlı körpəni Beşbarmağa aparmaq, dirilik suyunda çimizdirib əbədi yaşatmaq.
...Səhəri günü Polad şəhərin kənarındakı çalın-çarpaz qanovların üstündəki kolların arasında dayanıb Kuruşun sarayını nəzərdən keçirirdi. Qarşısındakı meydanda böyük bir izdiham var idi. Geniş meydanın baş tərəfində fil sümüyü, qızıl və gümüşlə bəzədilmiş hündür kürsülər qoyulmuşdu. Sağ tərəfdə Kuruşun atası böyük hökmdar Kambizin müqəvvası görünürdü. Sol tərəfdə isə bir dəstə kahin və yüzə yaxın əsgər dayanıb işarə gözləyirdilər.
Kuruş və onun əyanları sütunları müxtəlif heyvan bütləri ilə haşiyələnmiş saraydan çıxıb meydana gəldilər. Hamı yerədək əyilib təzim etdi. Gələnlər keçib kürsülərə əyləşdilər. Kuruş qısa məşvərətdən sonra başının hərəkəti ilə işarə verdi ki, başlamaq olar.
Kahinlərə və əsgərlərə əmr verildi. Yarıçılpaq əsirlər o saat nizamla meydana daxil oldular və on nəfərlik dəstələrlə növbəyə dayandılar. Onları bir-bir tutub iri qəmələrlə başlarını kəsdilər. İnsanların bağırtısı ərşə qalxdı, fəryad səsləri ətrafı lərzəyə gətirdi. Sonra qadınların da başlarını bədənlərindən ayırmağa başladılar. Çığırışan uşaqları da bircə-bircə müqəvvanın yanında qətlə yetirdilər. Qan su yerinə axırdı.
Kuruş, saray əyanları və kahinlər meydanın başqa bir tərəfinə keçdilər. Burada al qumaş və ipək pərdələri göz qamaşdıran geniş və hündür bir taxt qoyulmuşdu.
— Məsgüt qızını gətirin! — Kuruş əmr etdi.
Çox keçmədən Əfsunu gətirib taxta çıxartdılar. Qızın sifəti, açıq sinəsi sanki od tutub yanırdı. Bu an hökmdarın işarəsi ilə caydaq bir əyan peyda olub cəld yerişlə bir nəfəri taxta çıxartdı. Bu, Kuruşun oğlu Kambiz idi. Hamı nəfəsini içərisinə salıb qəribə bir maraqla tamaşa edirdi.
— Kambiz, bu gözəli sənə bağışlayıram, — deyə Kuruş şəstlə bildirdi.
Kuruşun yazılmamış qanunlarından biri belə idi ki, hökmdar nəsli təmiz qanlı olmalıdır, rəiyyət nəslinin toxumu şah nəslinin qanına qarışmamalıdır. Yalnız belə olduqda bu nəsil dünya durduqca aləmlərə hökmranlıq edə bilərdi. Vay o hala ki, Kuruşun nəslinin qanına rəiyyət qanı qarışa! Onda atası Kambizin çörəyi Kuruşa haram olardı, onda Kuruş bu çörəyini hökmən qusmalıydı. Qusmasaydı, qusduracaqdılar. Ancaq Əfsun o qədər yaraşıqlı bir qız idi ki, oğlu Kambizin gözü onu tez tutmuşdu. Şahzadə, Əfsunu özünə arvad etmək istəyirdi və bilirdi ki, şahənşah, Kambizin xətrinə öz nəslinin ənənəsinə də tüpürə bilərdi…
…Gecəyarısı baş kahin hökmdarın hüzurunda şax dayandı:
- Ey hökmdar, yüz nəfər üsyançı, yüz qadın, iyirmi uşaq qurban getdi. Min yaşa, Yer üzünün sahibi! Amma…
-Nə amma?
-Məsgüt qızı təslim olmadı…
-Anladım. Heç eybi yoxdur!
Sonra ortaya qızıldan düzəldilmiş mizlər qoyuldu, onların üstünü şərab dolu gümüş kuzələrlə, iri lopaların işığı altında bərq vuran badələrlə, qızardılmış ət şaqqaları ilə doldurdular. Kef məclisi başlandı. Baş kahin uca kürsüyə çıxıb elan etdi:
— Ey Kuruşun övladları, dənizin o tayından, səhralardan bakirə qızlar göndəriblər. Hər əyana üç, hər saray xidmətçisinə bir qız verilir.
Əyanlar yalmandılar, xidmətçilər bədənlərini qaşımağa başladılar. Sübhə qədər davam edən yemək-içməkdən sonra qızları itələyə-itələyə qovub meydanın ucqarında rəngbərəng parçalarla üzlənmiş alaçıqlara saldılar.
Ertəsi gün baş meydanın küncündəki dirəkdə bir nəfərin meyidi yellənirdi. Bu, bir neçə gün əvvəl Məsgütdən qovulub gətirilmiş Əfsun idi. Əfsun həmin bayram günü ona təcavüz etmək istəyən şahzadə Kambizin qanını möhkəm qaraltmışdı. Dəlisov Kambiz xəncərinin tiyəsi ilə qızın bədənini dəlik-deşik etmişdi, ürəyi bununla soyumamışdı, onun ölüsünü dar ağacından asdırmışdı.
Polad kolların arasında şər qarışanadək dayandı, xeyli aralıdakı qamışlıqda çidarladığı atını minib geri qayıtdı.

İnform.az

Baxış sayı: 344