Ədəbiyyat
04.02.2017 / 13:30

Tomris

Tomris
Aydın HÜseynov

Əvvəli burada:http://inform.az/index.php?newsid=24245
III

kinci Böyük Kirin — Kuruşun fəth etdiyi Midiyanın bəzi əyalətlərində üsyanlar baş qaldırmışdı. İşğal altında olan ölkənin hüdudlarında aləm qarışmışdı, kim kimə gəldi ox atırdı, öldürürdü, ölürdü. Mərkəzi şəhərlərdən biri olan Ekbatan ətrafında şahənşahın əyanları və məmurları dağlarda, dərələrdə, yanıq düzənlərdə meydan sulayırdılar, köməksiz insanların başına harada gəldi oyun açılırdı.
Belə bir vaxtda massaget tayfalarının başçısı Cavad Poladı yanına çağırıb dedi:
—Diqqətlə qulaq as, bilirsən ki, əmin qızı Əfsunu da oğurlayıblar, Midiyalı tacirə satıblar, tacir isə qızı şahın əyanlarından birinə bağışlayıb. İndi qızı Pasarqadda şah sarayında əsir saxlayırlar. Əfsunu xilas edib gətirmək gərəkdir. Özünlə bir dəstə igid ər götür, keç dağlardan o taya, yol nə qədər uzun olsa da, durma, get. Günəş köməyin olsun!
Cavad bu sözləri deyib əlini döşəkçənin altına saldı, oradan götürdüyü torbadan bir ovuc qızılı alıb Poladın ovcuna basdı:
— Nə kömək lazım olsa, bu tərəflərə gələn çaparlarla xəbər elə, hələ ki, canımızda nəfəsimiz var, ölməmişik. Mən Çolada olacağam, səni gözləyəcəyəm. Tomirisi isə yaylağa göndərəcəyəm, qoy rahat bir yerdə olsun, fikir eləməsin. Qayıdarsan, mülkümüzə gətirərik.
— Yaxşı, dədə bəy, sən də özünü qoru, deyirlər bizim torpaqlarda şahənşah Kuruşun casusları dolaşır.
—Bu işin sənə dəxli yoxdur. Çətin səfərə çıxırsan. Sən şahların işləklərindən uzaq olmalısan ki, başın bəlalara düşməsin. Azad bir quş olmalısan, uçub-uçub digər ellərdə inancımızı da yaymalısan. Yaddan çıxartma, bu dünyanın ulu Günəşə əbədi ehtiyacı var. Bunu daha yaxşı anlamalısan, oğul.
— Mən bunu yaxşı bilirəm, dədə bəy, Günəşimizin hər zərrəsi bizim üçün həyat nurudur.
Cavad ağır-ağır köksünü ötürdü:
— Hə, düz deyirsən. Ancaq dünya yaman qarışıb, bu şahlardan gözüm su içmir. Elə düşünürəm, Əhrimən Yer üzündə hələ çox cövlan edəcək, şahlar yenə də iştaha gələcək, şər qüvvələrini işə salacaq, fəlakətlər, müharibələr törədəcəklər və insan məskənləri xarabazara çevriləcək. Kuruş qan çanağıdır, siyasətini başa düşmək çətindir. Əli hələlik bizlərə çatmır. Çatsa, Məsgüt eli sipər kimi dayanacaq. Çünki Bizdən sonra gələnlər yaşamalıdırlar. Nə olar ki, Yerdəki insanlar da Yaşıl Ulduzda olduğu kimi min il ömür sürsünlər. Bir şərtlə ki, şər, xəbislik olmasın. Qoy bizim ulu Günəşdən aldığımız işıq zülmətləri yox etsin, zalımları yandırıb külə çevirsin.
Polad Cavadın əllərini öpüb çıxdı.

***

Polad Tomrislə vidalaşmağa gələndə şəfəq çökmüşdü. Bu axşam «Qız meydanı»nda ayrı bir axşamdı. Yay yağışı çisələyir, torpağın canına işləyirdi. Onlar dinməz-söyləməz yanaşı əyləşmişdilər. Qızın saçları, kirpikləri islanmışdı, yağış hopmuş nazik donu bədəninə yapışmışdı.
Polad bu qərib axşamı Tomris ilə birlikdə gözlərinin içərisinə çəkirdi. İllərlə beləcə yanaşı olardılar, lap son anlarına kimi. Nə yaxşı olardı bu! Ömrün mənası elə bu deyildimi? Amma indi ayrılıq vədəsi idi, Poladı uzaq səfərdən saxlamaq mümkün deyildi. O, getməliydi.
Ayağa qalxıb üz-üzə dayandılar, birinin isti baxışları o birisinin gözlərində ilişib qaldı. Yağışın az qala leysana çevrildiyini görən Polad cəld hərəkətlə Tomrisi qucağına götürdü, kimsəsiz daxmanın böyründəki tövləyə daxil oldular və hər ikisi sözləşiblərmiş kimi eyni anda yumşaq otun üzərinə sərildilər. Tomris əlini Poladın tez-tez döyünən ürəyinin üstünə qoydu, anlaşılmaz duyğulardan özünü itirmək məqamına yetişdiyini hiss edərək Poladın yanağından öpdü, dedi:
— Get, tez də sağ-salamat qayıt. Hökmən qayıt ata-baba yurduna. Qürbətdə şah olunca, bizim alaçıqların yanında dilənçi ol, ancaq qayıt. Arxayın ol, yad əlinə keçməyəcəyəm.
Polad onu sinəsinə sıxdı:
— Gələcəyəm. Hökmən qayıdacağam.
— Heç bilmirəm sənsiz necə dözəcəyəm.
Atasından eşitdiyi bir hekayəti xatırladı.
...Yer üzündə, elə o «Qız meydanı» vardı ha, orada bitən güllərin arasında Lalə adlı ağappaq, qəşəng, qədd-qamətli, bir qız yaşarmış. İllər bir-birini əvəz etdikcə Lalə boya-başa çatır, özünün sevib-seçdiyi bir oğlanın evinə gəlin köçür, burada təmiz sevgi ilə yaşayır, ətə-qana dolur, daha da gözəlləşir.
Günlərin birində düşmən qoşunu Məsgütə gəlir. Yağılar yurda qarışqa kimi daraşaraq dinc insanların belini qırır, talanlar, soyğunçuluq baş alıb gedir. El əhli qarətlərə tab gətirmir, carçılar hər yana bəyan edirlər ki, kim xoşbəxtlik istəyirsə, hökmən qılınc götürüb istilaçılara qarşı çıxmalıdır.
Bu arada minlərlə insan yaba-dəhrə götürüb vuruşa hazırlaşır. Lalə ərinə deyir:
— Eybi yoxdur, dövran belədir. Vətən darda ikən mənim ağuşumda işin yoxdur. Mən bahar qızıyam, sən gələnə yaz da gələcək, o bahar çağı göy çəmənlərdə axtararsan məni.
İgid ər qalxanını sinəsi bərabərinə qaldırıb cavab verir:
— Hökmən qayıdacağam, qələbə ilə qayıdacağam, gözlə məni!
Məsgüt çöllərində üsyan başlanır, ağır vuruşmalar gedir.
Güllü-çiçəkli bahar yurda qədəm basanda Lalə sevgilisini qarşılamaqdan ötrü qırmızı donunu geyinib düzənliyə çıxır, gözlərini həsrətlə yollara dikir. Sevgilisi isə görünmür. Lalə göz yaşı axıdır, dərd əlindən onun bağrı yara olur, sinəsi, sir-sifəti qançıra dönür. Bu hala dözməyib göylərə yalvaranda, göylərin padşahı onu elə həmin donda, həmin qırmızı görkəmdə gülə döndərir.
Bir gün Lalənin əri yaralı, gözləri sarğılı halda qayıdır. O, Laləni nə qədər axtarırsa tapa bilmir, bir qədər sonra görür ki, başqaları da işıqsız gözləri ilə sevgililərini arayırlar. Görür ki, yüzlərlə bağrı qanamış lalə həsrətlə yollara baxır...
«Yox, yox! Belə olmayacaq!», — Tomris düşündü.
Poladın əli qızın köynəyinin altına uzanıb tir-tir titrəyən bədəninə toxundu, onun hərarətdən istilənmiş əzaları üzərində gəzişdi.
— Eləmə, Polad! Özündə deyilsən, eləmə.
— Əbədilik mənimsən… İki ay nədir ki, bu şiş papağımı hərləyəcəm, ötüb keçəcək. Gələrəm, qalxarıq yaylaqlara, istəsən lap gedib dağlarda yaşayarıq.
Qız üşüyürmüş kimi, əsim-əsim əsərək qollarını oğlanın boynuna doladı, sonra heysiz-heysiz isti ot qalağının üstünə çökdü, Poladın qolları arasında o andaca özünü unutdu...
Özünə gələndə isə başını yelləyirdi, sanki baş verənlərə heyrət edirdi, bircə şeyə görə heyifsilənmirdi ki, artıq Poladın tən yarısı, ən yaxın ülfətkeşi idi, ona görə də sevgilisinin növbəti istəyinə də yox demədi.
Tomris xoşbəxt idi. Təkcə qalırdı sevgilisinin uzaq və qorxulu səfərdən sağ-salamat qayıtması...
Evə gəlib yatağa girən kimi huşa getdi. Qəribə bir yuxu gördü…
…Uzaq bir səhranın ortasındakı kiçik şəhərdə yayın qızmar günlərindən biri idi. Yer-göy od tutub yanırdı. Şəhər kənarındakı gölün ətrafında şərqdən əsən külək xurma ağaclarının yarpaqlarını sığallayıb keçirdi. Dalğalar sahil boyu uzanıb gedən qayalara çırpılır, sular sal daşlar üzərindəki oyuqlara dolur, köpüklənərək aşağı süzülür, ensiz qumluğa tökülürdü. Uzaqlarda göy guruldayır, meşəli dağların zirvələrindən o yana, səmanın içində çaxan zəif şimşək üfüqü parçalayırdı. Leysan havası duyulurdu.
Qayalıqların arasından bir dəstə adam göründü. Qabaqda qolları arxasında bağlı, bədəni göbəyinə kimi açıq, sarışın saçları sifətinə dağılmış qadın irəliləyirdi. Arxadan gələn iki nəfər yaraqlı sözləşiblərmiş kimi eyni anda onun çılpaq çiyinlərindən yapışaraq irəli itələdilər:
— Yaramaz! Ulu Günəşin dərgahında cavab verməlisən, irəli yeri!
İzdiham qumluq meydançaya yetişdi. Saqqallı kahin qadına yaxınlaşıb onu acıqlı nəzərlərlə süzdü, sonra toplaşanlara tərəf çevrilib dedi:
— Bu ifritə dünən əsgərlərin kef məclisində olub, birini əyləndirib, sonra qaçmaq istəyib, xəyanət edib, böyük günaha batıb. Ona görə də timsahlara yem olmalıdır. Ulu Günəş bizləri xəyanətlərdən hifz eləsin!
Qadın başını azacıq arxaya əyib dağların zirvələrinə baxırdı, mavi gözləri dolmuşdu. Külək çiyinlərinə və alnına tökülmüş sarı saçlarını yüngülcə oynadırdı. O, Günəşin şüaları buludun altından sızıb zirvələri işığa qərq edəndə vəcdə gəldi, hər iki əli ilə saçlarını alnından yığışdırdı. Çılpaq çiyinlərini dikəltdi, döşlərini qabardaraq əllərini göydəki parlaq dairəyə tərəf uzatdı:
— Ey ulu Günəşim! Mən onsuz da xəyanət etmişəm. Gedirəm. Qalanlarımızı bəlalardan hifz et, Yer üzünə əbədi səadət, insanlara xoşbəxt günlər bəxş elə, işığını onlardan əsigəmə. Heyif ki, məni sənə qurban vermirlər, heyvanlara yem edirlər. Sən ləkə götürmürsən, ləkəlidən qurban olmaz.
Həmin an göl təlatümə gəldi, sahildə nəhəng bir timsah göründü, bir qədər oynaqlayıb yenidən suya baş vurdu, bu dəfə o, lap qumların üzərində göründü, sıra ilə düzülmüş mişar dişlərini göstərdi. Elə bil qürrələnib gülürdü, qurbanını tələsdirirdi.
Qadın yenidən üzünü Günəşə sarı tutdu, sonra kahinə çəpəki baxıb heyvana doğru yeridi. Nəhəng timsah ağzını geniş açdı. Qadın özünü səssiz-səmirsiz heyvanın yekə dişlərinin arasına atdı, onun iri və eybəcər çənəsində bir qədər çırpınıb yox oldu. Heyvan ağırlaşmış gövdəsini ləngərlətdi, suyun səthində iri şırımlar açıb dərinliyə cumdu…
Gördüyü yuxunun dəhşəti Tomrisi birdən-birə ayıltdı. Gözlərini ovuşdurub ətrafına baxdı. Nə günahkar sarışın qadın vardı, nə də ki, əcaib timsah. Özünü bircə anlığa yuxuda gördüyü qadının yerinə qoydu. Bəlkə Tomris də əhdinə vəfasız çıxacaqdı? Yox, belə deyildi. Tomris vəfalı idi, o heç vaxt eşqinə xəyanət etməyəcəkdi. O, öz allahı Günəşə hər an qurban gedərdi, ancaq özünü xəyanətə qurban verməzdi…

İnform.az

Baxış sayı: 775