Ədəbiyyat
04.02.2017 / 13:10

Ana məni soyuq məzar gözləyir

Ana məni soyuq məzar gözləyir
Adil Ağazadə
1940-31.10/2016-29.10



Ana, məni soyuq məzar gözləyir
Gedən ayağımdır, getmir ürəyim,
Nə qədər çıxacaq daşdan çörəyim?
Nə dost, nə də sirdaş oldu gərəyim,
Məni addım-addım ölüm izləyir,
Ah! Məni bir soyuq məzar gözləyir!






Hələ qarşıdadır əzablı yolum,
Qırılır hər yerdən qanadım, qolum,
Məqsədim: ya ölüm, ya da ki, olum!
Fələk də nahaqdan qəddimi əyir,
Ah! Məni bir soyuq məzar gözləyir!


Ömür çox qısadır, incik düşmüşəm,
Çoxdan yuva salıb içimdə sitəm,
Elə bil, anadangəlmə şikəstəm,
Hər deyilən söz də xətrimə dəyir,
Ah! Məni bir soyuq məzar gözləyir!

Üstümə ələnir yağış da, qar da,
Sinəmi oxşamır gələn bahar da,
Yaşamaq ağırdır belə diyarda,
Kədər sevincimi hey üstələyir,
Ah! Məni bir soyuq məzar gözləyir!


Xəyalım göylərdən asılı qalıb,
Meylini ulduza, Günəşə salıb,
Susuz güllər kimi bəxtim saralıb,
Tanrı da zülmünü mənə eyləyir,
Ah! Məni bir soyuq məzar gözləyir!

Necə də istərəm dünyadan köçəm,
Həyat gözlərimdə sönür, bir heçəm,
Ağrıdır, əzabdır gündüzüm, gecəm,
Məni ağ kəfənə hər an bələyir,
Ah! Məni bir soyuq məzar gözləyir!


Döz, ürək! Qarşıda hələ ümid var,
Döyünən ürəklər ümidlə yaşar,
Duyğular cücərər, duyğular daşar,
Zaman ömürləri bir-bir ələyir,
Ah! Məni bir soyuq məzar gözləyir!

Gedirəm, ölümə doğru gedirəm,
Qəlbimdə min sorğu, sual, gedirəm,
Özümə bu yolda qəsdlər edirəm,
Bir ölü vücudu torpaq neyləyir?
Ah! Məni bir soyuq məzar gözləyir!


Ana məni soyuq məzar gözləyir


DEYİLƏM

Fələk, nə çəkirsən dağı dağ üstə?
Quru müqəvvayam, ruhumdu xəstə!
Adam ol, bir yolluq canımı istə,
Onsuz da dünyada qalan deyiləm!

Sinəmdən asılı qalıbdı sözüm,
Nadan tənəsinə, de, necə dözüm?
Nədir? Haqq yolundan əlimi üzüm?
Axı mən Adiləm, yalan deyiləm!


Dərdim bir ümmandır, ay oba, ay el!
Başımın üstündə coşur qara yel,
Gözlərimin yaşı bir dərya, bir sel,
Ey Vətən, mən sənin balan deyiləm?!

Qartalam, fəzalar məskənim oldu,
Şimşəyim gurladı, çiçəyim soldu,
Namərdin gülləsi sinəmə doldu,
Ölsəm də, yarpaqtək solan deyiləm!


Sinəm tab gətirdi hər dərdə-sərə,
Tuş oldum gileyə azı min kərə,
Eşit, sən ey rəzil, bil ki, boş yerə,
Zərbəmi nahaqdan çalan deyiləm!

Yazıqsan, hər yerdə döymə döşünə,
Sarlar çıxa bilməz mərd döyüşünə,
Hay-küyün bənzəyir it hürüşünə,
Hələ ölməmişəm, talan deyiləm!


Sən ey qəlbi qara, ey vicdanı kor!
Ey iblis xislətli, nankorsan, nankor!
Murdar cəsədini götürərmi gor?
Mən səni heç saya salan deyiləm!

İnform.az

Baxış sayı: 588