Ədəbiyyat
03.02.2017 / 16:17

Tomris

Aydın Hüseynov
Tomris

Əvvəli burada:http://inform.az/index.php?newsid=24234


II

Gilgilçayın meşəli sahilində məskən salmış Ərən tayfasının başçısı Madayoğlu Sipərin bir naxır mal-heyvanı, bir köçə qoyunu, yüyürək atları var idi. Tayfaarası vuruşmalardan birində sağ ayağını itirən, bunun ardınca, qoyun köçəsi ildırımdan tamam yanan və heyvanlarının əksəriyyəti tələf olan Sipər başçılıqdan əl çəkmişdi. O, örüşünün bir hissəsində darı əkir, başqa bir hissəsində isə arpa becərirdi. İlin əksər vaxtlarını ət və balıqla qidalanmaqla keçirən ailə yayda əldə etdiyi məhsulu dən daşında üyüdüb qış üçün saxlayırdı.
İllər çox sürətlə keçirdi, dövran öz qaydası ilə dəyişirdi.
Günlərin birində Sipərin bir qız övladı dünyaya gəldi. Qızın adını Sipər özü qoydu: Dəmirqız. Və onda heç kəsin, hətta Sipərin də ağlına belə gəlməzdi ki, dünyaya təzəcə göz açmış körpə Dəmirqız illər keçəndən sonra az qala bütün Yer üzünün heyrət edəcəyi bir insan kimi şərqdən qərbə, şimaldan cənuba qədər Tomris adıyla hər kəsin dilinin əzbəri olacaq.
Tomris beş yaşına təzəcə qədəm qoymuşdu ki, anası Gülxan ağır xəstəlikdən öldü. Əvvəlcə qızcığaz özünü mənən tək hesab edirdi, lakin çox keçmədi ki, bütün darıxdırıcı hisslər onu tərk etdi, çünki Sipər eyni zamanda onun anasının vəzifələrini də yerinə yetirirdi. Tez pərvazlanıb qədd-qamətli bir qız olanda iri mavi gözləri, dik çiyinləri, bir qədər irəli qabarmış sinəsi Tomirisə xalis oğlan görkəmi verirdi. O, qoyun dərisindən arxalıq geyirdi, ayaqlarında qalın göndən tikilmiş çarıq da sürüyürdü, at da çapırdı, xəncər də oynadırdı. Massagetlərdə isə qayda idi: on üç yaşına çatan qız kişilər kimi döyüşməyi bacarmadıqca ərə gedə bilməzdi.
Sipər Tomrisə hərdən Məsgüt elinin, Ərən tayfasının keçmişi, günçıxandan günbatana kimi yayılıb məskunlaşmış cəsur əcdadlar barəsində maraqlı əhvalatlar söyləyirdi. O, tarixin ən qədim mərhələlərindən birində sirli şəkildə məhv olmuş bir ölkə haqqında həmişə danışırdı. Deyirdi ki, çox qədim zamanlarda Pontun (Qara dəniz) şimal sahillərindən başlayaraq Xəzər sahillərinə dirənən uca dağların arasındakı ərazidə yaşayan insanlar tez-tez təcavüzlərə məruz qalırdılar. Aramsız hücumlardan təşvişə düşən qəbilələrin başçıları bir gün mərkəzi saraya toplaşaraq qərara gəldilər ki, əsir düşüb qul bazarlarında satıla bilməzlər, sirləri düşmən əlinə keçməməlidir, allahlara son qurbanları verərək hamılıqla intihar etməlidirlər.
Həmin gün göyün üzünü qara buludlar bürümüşdü, Günəş görünmürdü.
Balacaboy ordu başçısı yüyürüb gələrək hökmdarın önündə şax dayandı, həyəcanını boğa bilməyib udquna-udquna dedi:
— Köçərilər artıq şimaldan sərhədlərimizi keçiblər, az sonra hamını qıracaqlar, dirəklərdən asacaqlar.
Hökmdar üzünü yavaş-yavaş sıxlaşan adamlardan çevirib səmaya nəzər yetirdi:
— Bəd danışmayın, biz onlara təslim ola bilmərik, köçərilərin əlində həlak olmaqdansa hamılıqla ölmək məsləhətdir. Günəş bizdən üz çeviribsə, daha yaşamağa dəyməz, səltənətin bütün əhalisi intihar etməlidir. Bədbəxtlikdən çıxış yolu yalnız budur. Ulu Günəşə qurban gedək! Qoy o, bizim günahlarımızı bağışlasın!
Bir gün ərzində insanlar özlərinə qəsd etməklə məşğul oldular, çoxları elə sarpayda eyni anda zəhər şüşələrini başlarına çəkdilər və yerə sərildilər.
Az sonra anlaşılmaz boğaz səsləri ilə danışan yarımvəhşi köçərilər şimaldan qasırğa kimi gələrək əsas yaşayış məntəqələrini viran qoyur, gözətçiləri məhv edərək hamilə qadınların döllərini çıxararaq ən ləziz təam kimi yeyirdilər.
Birdən Yerin altından qopan dəhşətli uğultu hər yanı lərzəyə saldı. Səmada birdən-birə əmələ gələn göbələkvari qara buludlar getdikcə sıxlaşdı, qatı zülməti eyni zamanda və aramsız çaxan şimşəklərin işığı yarıb keçdi. Bir neçə saniyə ərzində qeyzə gəlmiş dəniz öz sahillərində nə vardısa hamısını uddu, cənubdan gələn fırtına ölkənin qalıqlarını da məhv etdi. Sonra yer aralandı, oraya dənizin suları doldu, qızmar buxar minlərlə insan cəsədini yuxarıya tulladı, xilas ola bilməyənlər sanki qaynar qazanda bişdilər. Çöllərə pənah aparıb birtəhər daldalanan insanlara da tezliklə acgöz ilanlar qənim kəsildilər.
Günəş isə görünmürdü ki, görünmürdü...
Fəlakətdən qarışqa kimi qırılan, bədbəxtliklərdən cana doymuş insanlar yığışıb Günəşə doğru köç etdilər. Dəstənin önündə qara at üstündə şax oturmuş Madiy irəliləyirdi. Səyriyən sifətində böyük bir narahatlıq görünsə də, o, bunu büruzə verməməyə çalışırdı, tez-tez səmaya nəzər yetirib oradan nə isə diləyirdi.
Dəstənin böyük bir qismi dərələri və dağları adlayaraq Xəzər sahillərinə çatıb burada məskən saldılar, qalanları irəli hərəkət edib dənizin başına dolandılar, qumluq səhralardan keçib iki çay arasında qərar tutdular.
Bu insanlar saqların və massagetlərin ulu babaları idilər...
Və Sipər hər dəfə əlavə edirdi ki, haqqında bəhs edilənlər nağıl deyil, həqiqətlərdir. Əcdadların kölgələri, Dədə İşpakayın, padşah Madiyin ruhları bu yerlərdə dolaşır. Sipər qızına həmişə təlqin edirdi ki, dədələr kişi nizamı ilə yaşayıblar, kişi siqlətini əmanət qoyub gediblər, uluların ruhları Məsgüt elinin sahibi olan, ulu Günəşi səcdəgah qəbul etmiş massagetlərdən də daim ər kimi ömür sürməyi tələb edirlər.
Tomris atasının hekayətlərini dinlədikcə uzun-uzadı düşüncələrə dalırdı, bu zaman onun sanki ruhu, damarlarındakı qanı təzələnirdi, deyilənlərdən vəcdə gəlib el qızı, ər igid xasiyyəti ilə böyüyürdü. Hər şey bir tərəfə, doğrudan da evdə kişi işlərinin çoxunu o görürdü. Hətta atı arabaya qoşub xeyli apalıdakı meşəyə çırpı gətirməyə də gedirdi.
Günlərin birində Tomris yenə də meşənin içərisindəki talaya çırpı dalınca getmişdi. Bulaq başına çatanda Məsgüt hökmdarı Cavadın cavanlarla ova çıxmış oğlu Poladı gördü. Qoyun-quzunun yatağı yanında at üstündə şux oturmuş Polad ox-yayını hazır saxlayıb səmanın dərinliklərinə tamaşa edirdi. Qaynar gözlü cavan şiş papağını peysərinə itələmişdi, vaxtından tez ağarmış qalın saçları gözlərinin üstünə tökülmüşdü.
Tomris əvvəllər də bir neçə dəfə burada Poladla rastlaşmışdı. Lakin kəlmə də kəsməmişdilər. Bircə dəfə Polad meşədə azmamaq üçün ona yolu göstərmişdi. Tomiris onda da küsülü adamlar kimi bir söz demədən yandan ötüb keçmişdi. Amma, qız hər dəfə onu da aydın sezirdi ki, Polad həyəcanlıdır, nəyinsə intizarındadır, onun davranışında, gözlərində nə isə ayrı bir ifadə görünür və o, istədiyini söyləməkdə çətinlik çəkir, yaxud buna sadəcə olaraq cəsarəti çatmır.
Polad bu dəfə arabanı dartan atın cilovunu əlində möhkəm tutmuş Tomrisi xeyli süzdü, sonra yaxınlıqda böyür-böyürə verib uzanmış yoldaşlarını haraylayıb ayağa qaldırdı. Tomiris Polada fikir verməyərək cəld hərəkətlə çırpı yığmağa girişdi, tikanlı quru budaqları səliqə ilə qoşa təkərli arabaya döşədi. Araba banına qədər dolduqdan sonra kiçik yarğanın kənarı ilə binəyə sarı üz tutdu. Birdən at, arabanı çəkib yarğana saldı, cilov qızın əlindən çıxdı. Polad elə həmin an özünü yetirdi, onlar birlikdə köməkləşib arabanı yola çıxartdılar. Tomris öz kürəyində diqqətli baxışların gəzişdiyini dərhal duydu. Üzünü çevirib yola düzələndə Poladın qaynar gözləri onun gözlərinə sataşdı. Oğlanın baxışları adi deyildi və Tomris bunu hiss etsə də, yenə fikir vermədi, arabanı binəyə tərəf yönəltdi. Poladın nəzərləri onun arxasınca xeyli dikili qaldı.
Polad yoldaşlarından ayrılıb talanı bürümüş yaşıl çəmənin üstünə uzandı, gözlərini göylərin dərinliyinə dikdi. Otların ətrindən onu yuxu tez apardı. Özünü talanın yaxınlığında Ay işığından bərq vuraraq axan çayın kənarında gördü. Sarımtıl qumlu sahildə əllərini qaldırıb onu salamlayan bir gözəl dayanmışdı. «Tomrisdir!» — Polad pıçıldadı, sonra ucadan onu səslədi. Öz səsinə yuxudan ayılaraq bir müddət başa düşmədi ki, gördüyü çay ulduzlara bənzər gözləri olan qızla birlikdə haraya yoxa çıxdı. O, cəld yerindən sıçradı, bu məqamda haraya getmək və nə etmək lazım olduğunu kəsdirməyərək dayandı, sanki birdən-birə ən xoşbəxt adama çevrildi.
Xoşbəxtlik hamı üçündür, Yer üzündə yaşayan hər kəsin xoşbəxt olmaq haqqı vardır. İndi Polad fikrən də olsa, Tomris ilə xoşbəxt idi. Lakin insanın xoşbəxtliyi daha geniş məfhumdur, bu müdhiş və qarışıq zamanda əlini əlinin üstünə qoyub səadəti gözləmək, Tanrı bilir, nədir. Özü də elə bir zamanda ki, onu sənin əlindən hər an ala bilərlər. Deməli, xoşbəxtliyi hətta qan bahasına qazanmaq gərəkdir. Polad indi ətrafına boylanırdı, hər məqamda, hər yerdə bu hikməti görürdü. «Kim mərd və iradəli deyilsə, bircə çöpə də çata bilməz» — Məsgüt ağsaqqalları belə deyirdilər.
Ertəsi gün Poladın oxqabısı Sipərin komasının qarşısındakı çəpərdən asılmışdı. Massagetlərin qaydasına görə bu, o deməkdi ki, Polad Tomirisə evlənmək istəyir.

***

Bahar fəslinin əvvəlləri idi. Elə bir məqamdı ki, dağlardan yol alıb gələn çayların suyu böyürtkən və nar kollarına bürünmüş sahillərə sığışmırdı. Uzaqda, zirvələrdə ağacların pırpızlaşmış təpələri aydın seçilirdi. Qoyun sürüləri, inək-camış naxırları, at ilxıları ucu-bucağı görünməyən düzlərə səpələnmişdilər. Çay sahillərinə sığınmış komaların alçaq damlarından qalxan tüstü sütunları səmaya millənir, orada bir-birinə qovuşaraq əlçim-əlçim daraqlanır, sonra seyrələrək gözdən itirdi.
Bu vədə yurdda ilkyazın gəlişi qeyd olunurdu.
Gün günorta yerinə qalxanda adamlar darısqal dalanlarda qaynaşmağa başladılar. İpək donlarının ağuşunda tovuz quşlarına bənzəyən qızlar və qadınlar axın-axın yaxınlıqdakı meydana sarı süzürdülər.
Çox keçmədi ki, meydan al-əlvan bayraqlara büründü, sonra alqışlar, çəpik səsləri səmaya bülənd oldu. Yeddi rənglə özlərinə bəzək vurmuş, başdan ayağa kimi qızıl bəzək-düzəyə qərq olmuş qızlar yaşıl çəmən üstündə dövrə vurub əyləşərək nəğmə oxudular, sonra qarşı-qarşıya düzülüb halay getdilər.
Axşamüstü daxmaların həyətlərində tonqallar qalandı. Uşaqlar səmaya yanar lopalar tullayır, şən-şən çığırışırdılar. Çayın burularaq heyvan dilinə oxşar çıxıntı əmələ gətirdiyi yerdə, uzunsov təpənin tən ortasında nəhəng bir tonqal yanırdı. Adamlar dövrə vurub yerə döşənmiş gəbələrin üstündə əyləşmişdilər. Süfrələrin üstündə çubuq şişlərdə təzəcə qızardılmış iri ət parçaları, saxsı kuzələr, mis və tunc badələr düzülmüşdü. Qızlar qollarındakı və ayaqlarındakı qızıl və tunc bilərzikləri cingildədə-cingildədə, oğlanlar əllərindəki qəmələri oynada-oynada tonqalın ətrafına tökülüşdülər, əl-ələ tutub asta yerişlərlə rəqsə başladılar. Rəqs edənlərin arasında oturanlar eyni ritmlə çəpik çalaraq, getdikcə cəldləşən hərəkətlərlə bədənlərinin əzalarını oynadır, oxuyurdular.
Cavanlar arasında küştü başlandı. Tomrislə Polad üz-üzə dayandılar. Bir xeyli əlləşsələr də, heç biri o birinin dizini qatlaya bilmirdi. Onda Tomris belindən Günəş rəmzli toqqası olan qızıl kəməri açaraq Poladın ayaqları altına sərdi və hamının aydın eşitməsi üçün ucadan söylədi:
— Halalın oldum, Polad!
Bütün gecə şənlik, qəh-qəhə, çal-çağır içində keçdi. Hamı kef-damaqda idi, gülüş səsləri şaqqıldayaraq təpədən aşağıda qərar tutmuş binənin üzərinə yayılırdı. Təkcə gözətçilər ayıq idilər, yatmaq onlara yasaq olunmuşdu.
Günəş üfüqdən boylananda bayrama qatılmış insanlar çaya tökülüşüb yuyunmağa başladılar. Axşamkı hay-küydən və yuxusuz gecədən sonra gözlər hamıda eyni cür süzülürdü.
Tomris üfüqdə çırtlayan Günəşə baş əydikdən sonra tez-tez ətrafına boylanaraq bol sulu çayın sahilinə doğru irəlilədi. O, suya girməkdən ötrü sarı qumsallıqda aşırma geyimini soyundu, o yan-bu yana çevrildi, sonra yanbızlarını örtən qırmızı donunu çıxarıb kənara qoydu, qumun üstünə uzandı.
Elə bu vaxt Polad göründü:
— Mənim günüm-gündüzüm, odum-ocağım, canımın ağası, gəldin? — deyə qız oğlanın əlindən tutub yanında oturtdu, bədənini onun mis rəngli qollarının arasına saldı, — Mənim taleyim, nə vaxt aparacaqsan məni?
— Bu nə deməkdir, qız? Qaydadır, gərək Günəş bayramına qədər gözləyək.
Tomiris dalğın nəzərlərini onun gözlərinə dikdi:
— Hə, uluların qaydalarını pozmaq günahdır. Ancaq onu da bilirsən ki, bir neçə gündən sonra Midiyada Kuruşun bayramında nə qədər insanın başı kəsiləcək. Bir dəstə qızı Pasarqada, qanla şirələnmiş şah sarayına aparacaqlar. O dəstənin içərisində bizim tayfanın da oğurlanmış qızları var. Yazıq onların halına! Kimin ağuşuna kim düşəcək, fərqi olmayacaq. Sonra saray əyanlarından uşaqlar doğulacaq. O uşaqlar təmiz əyan övladları sayılacaq, bədbəxt qızlar isə xoşbəxt ana. İstəsələr də, istəməsələr də, bunu etməlidirlər. Etməsələr, timsahların ağzına atılacaqlar. Firiştələr də bu işləri alqışlayacaq, xeyir diləyəcəklər. Kuruşun sarayına gözəl yeniyetmələr, əmlik quzular gərəkdir, orada qarımış qoyunları bəyənmirlər. Xəyalən özümü o qızların yerinə qoyuram, deyirəm, mən də bir zaman Kuruşun sarayına düşə bilərəm, onda necə olar? Eh-h, qəribə işlərdir. Ona görə də öz elimin oğlu hər kəsdən irəlidir. Saray əyanının qucağında gülə-gülə qızıla bürünməkdənsə, öz pəhlivanımın ağuşunda ağlayıb ölmək yaxşıdır. — Qız qaş-qabağını salladı, üşüyürmüş kimi titrədi, oğlanın əlini öz əlinin üstünə qoydu. — Maqlar deyirlər ki, bir gün Kuruşun başkəsənləri massagetlərin də üstünə yürüyəcəklər, heç kəsə aman verməyəcəklər, yollarının üstünə kim çıxsa, qırıb-çatacaqlar. Mən isə Məsgüt qızı kimi yaşamaq, yenə yaşamaq istəyirəm, sevmək və sevilmək istəyirəm. Mən ədalətli insan, sevgi dəlisi olmaq istəyirəm.
Polad birdən-birə dəyişdi, qollarının əzələləri şişməyə başladı, qızarmış yanaqları titrədi, qızı bərk-bərk qucaqladı. Onlar ayağa qalxdılar, yumşaq və yaş sahil qumunun üstündə iz salaraq iri daşlar arasında göllənən suya girdilər, su çiyinləri bərabərinə qalxıncayadək irəli yeridilər, sonra bir-birinə sarmaşdılar…
Günəş artıq hər yeri öz nuruna qərq etmişdi, yavaş-yavaş göyün ortasına sürünürdü. Onlar hələ də sarı qumlu sahildə idilər...

İnform.az

Baxış sayı: 460