Ədəbiyyat
02.02.2017 / 16:17

Tomris

Tomris
Aydın Hüseynov


Müəllifdən


Dəyərli oxucum, tarixin köçü bir qatar kimi gedir, hələ neçə milyon il bundan sonrayadək, bu köç karvanından hamı yorulub qalanadək gedəcək. Sonra nə baş verəcək, onu bizlər bilmərik, Yaradan bilər. Bu köçün getdiyi yolda isə bəşər övladının izləri qalır və o, öz taleyi ilə tarix yaratmışdır. Haraya insan ayağı dəymişsə, o, haradan karvan sürüb keçmişsə, orada öz mədəniyyətinin yadigarını qoymuşdur.
Herodot, Strabon, Pliniy, şərq salnaməçiləri və digər düha sahibləri bizim ərazilərin qədim yaşayış məskənləri olduğunu, burada miladaqədərki dövrdə massaget, kadusi, kaspi, gell, muğ və digər tayfaların yaşadıqlarını bildirmişlər. Qərb və şərq yazılı mənbələri, Z.Bünyadov, Ə.Sumbatzadə, M.Seyidov, S.Aşurbəyli, F.Məmmədova, Y.Yusifov kimi görkəmli Azərbaycan tarixçiləri dəfələrlə sübuta yetirmişlər ki, Azərbaycan ərazisində yaşamış insanlar bu yerlərin əsil sahibləridir, gəlmələr xalqımızın etnogenezində yalnız iştirak etmişlər.
İlkin tarixi-mənəvi dəyərlərimizdən biri Tomrisdir.
Tomris kimdir? Əgər, əsasən tarixin atası Herodota istinad edilirsə, aparılan araşdırmalara, mübahisələrə, fərziyyələrə rəğmən, bu sualın bir cavabı var: Tomiris Azərbaycanda, Çoladan (Dərbənddən) ta Kür çayına kimi tarixi Məsgüt ərazilərində massaget tayfalarına başçılıq etmiş, bu torpaqlarda yaşamış və mübarizə aparmışdır.
Bir sıra tədqiqatçılar massagetləri alanların, digərləri Qara dənizin şimalından başlamış Altaylara qədər geniş arealda məskunlaşmış skiflərin törəmələri, bəziləri də irandilli insanlar hesab edirlər. Gəlinən əsas nəticə budur ki, Tomrisin hökmdarəsi olduğu massaget tayfaları əsasən türk əsillidirlər, onlar heç də köçəri deyil, oturaq həyata keçən maldar-əkinçilər olmuşlar.
Tomris tarixşünaslıqda, ədəbiyyat və incəsənətdə geniş əks etdirilmişdir. Rəssamlar Rubens, Alleqrini, Luka Ferrari, Mattia Preti, Qustav Moro, heykəltəraş Severo Kalzetta da Ravenne, Azərbaycanın xalq rəssamı Altay Hacıyev, Qazaxıstanın bir sıra fırça ustaları Tomrisin surətini yaratmışlar. Bu cəsur qadın haqqında ən çox Azərbaycanda, Türkiyədə, Orta Asiyada bəhs olunmuşdur.
Bir sıra müəlliflər Tomrisi qəddar hökmdarə kimi qələmə verirlər. Lakin o müəlliflərdən soruşmaq lazım gəlir: Tomris öz tayfasının, rəhbərlik etdiyi insanların, yurdunun, torpağının şərəf və ləyaqətini daha nə ilə qoruya bilərdi, yad əllərdə özünü həlak etmiş oğlunun qisasını daha hansı yolla ala bilərdi? Kim bilmir ki, qəddarlığı məhz qəddarlıq doğurur və eramızdan əvvəlki dövrlərdə yaşamış insanların şüurunda «qana qan!» idealı hər şeydən güclü idi, tayfalar və qəbilələr öz amallarını diplomatik danışıqlardan artıq ox, nizə və qılıncla qoruyurdular.
Həm də nəzərə alaq ki, dünyanın gedişatı paradokslardan ibarətdir, məhəbbətlə nifrət, yaxşı ilə yaman, xeyirlə şər əbədi mübarizədədir. Həyatın əsas fəlsəfəsi, inkişafın mütləq qanunu bundan ibarətdir. Misal üçün, əfsanəvi zöhhaklar, nəmrudlar, şəddadlar, real fironlar, canavar xislətli neronlar, nəinki rəiyyətinə, hətta öz bacılarına təcavüz etmiş Kambiz qismində hakimlər Allahdan belə qorxmamışlar. Tiranlar düşünə bilməmişlər ki, yeriməkdən ötrü yarananlar uça bilməzlər, ölmək isə Yaradanın mütləq Qanunudur, ona şəriklik, qudurğanlığın apogeyidir. Və Tomris böyük bir elin hökmdarəsi kimi, bunları bilməmiş deyildi. O, dünyaya meydan oxuyan təcavüzkarın kürəyini yerə vurdu, kim bilir, özündən sonra gələcək neçə-neçə nəsilləri zülm və haqsızlıqdan, özgə şahların əlində əsir olmaqdan qurtardı. Tarix göstərdi ki, Tomrisin kini yalnız zülmkar istilaçılara qarşıdır, insanlara, gəlimli-gedimli dünyaya, təbiətə sevgisi isə əbədiyaşardır.
Bu əsərdə təsvir olunan hadisələrin kökündə tarixi həqiqətlər dayanır. Bununla belə nəzərə almaq gərəkdir ki, Tomrisin yaşadığı dövr olduqca qarmaqarışıq bir zaman kəsiyindən ibarətdir, qaynaqların əksəriyyəti əfsanə və rəvayətlərə söykənir, onun şəxsiyyətinə müxtəlif yanaşmalar mövcuddur və mübahisələr yetərincədir. Buna görə də yazı müəllif uydurmalarından xali deyildir. Bu səbəbdən povesti tarixi əsər adlandırmaq istəməzdik.
Tomris haqqında mənbələrin əksəriyyətində şəxslərin və coğrafi məkanların adları qədim yunan mənbələrindən alınmışdır. Məsələn, türklər Tomrisi (Tamirkız - Dəmirqız) farslar Təhminə, onun oğlu Sparqapisi Söhrab kimi qəbul etmişlər. Bəzi qaynaqlarda Tomrisi Tomirida, Toma, Tamar kimi də qələmə almışlar. Bunlar, bir sıra hallarda təhrif, müəlliflərin fantaziyasının məhsulu kimi görünsə də, təbii hal sayılmalıdır, heç şübhəsiz, zaman, dil, məkan müxtəlifliyi ilə, başqa sözlə, transliterasiya hadisəsi ilə bağlıdır. Biz, qələmə aldığımız yazıda adları, bir sıra sözləri müasir Azərbaycan dilinin orfoepik qaydalarına uyğunlaşdırmağa çalışmışıq ki, bədii əsərlərdə bu, normal hal sayılır (Sıpır-Sipər, Bulat-Polad, Sparqapis-Sipərqaplan, Roksana-Rəqsanə və s.). Əsərdə azman, yiyə-ağa, xatun, apa (ana), akinak (xəncər) və bir sıra ifadələrə təsadüf etmək olur ki, bunlar da əski türklərin dillərində işlənmiş sözlərdir.
Mənbələrlə tanış olarkən məni bir məsələ daha çox düşündürmüşdür: Azərbaycanımızın özəl tarixini yetərincə bilirikmi? Çətin sualdır. Düzlərimizə səpələnmiş təpələrin altında uyuyan tomirisləri tanımadıqca, həmin suala cavab tapmaq müşkül olur.

I


Bizim eradan əvvəlki tarixin altıncı əsri.
Beşbarmaq dağının ətəyindəki qamışdan hörülüb sarı palçıqla suvanmış komalardan ibarət binəyə axşam düşürdü. Hündür dirəklərdə yanan lopaların işığı qənşərdəki gölməçənin səthində əks olunaraq möcüzəli bir aləm yaradırdı. Enişdən aşağıda, sıx ağaclığın arasındakı keçə alaçıqlar tərəfdən nəğmə səsi, qılınc-qalxan cingiltisi eşidilirdi. Xəzər dənizinin sahilləri boyunca Çoladan (Dərbənddən) Kür çayına qədər ərazilarda məskən salmış saq-massagetlərin ordugahı burada qərar tutmuşdu.
Günün bu qərib vədəsində Polad təpəsinin kənarında dayanıb ətrafın əsrarəngiz lövhələrini seyr edən massaget hökmdarəsi Tomris xatun yurd yerlərindən qopub səmada dalğalanan qədim iskit nəğməsini dinləyirdi. Fikrən çevrilib ömrün təkrarən yaşanası müşkül olan illərinə boylanırdı: «Heyhat, illər necə hiss olunmadan, özü də qovğalarda gəldi və getdi…»
Tomris xatunun baxışları səmanın dərinliyinə dikildi, gözlərində zərif bir ağrı duysa da, çalışdı oradakı ən son nöqtəni görsün, vaxtla vaxtın nisbətini ənginliklərdə tapsın. Lakin vaxtın özünü cilovlamaq mümkün olmadığı kimi, o nöqtəni də görə bilmədi. Düşündü: «Nəhəng bir ağacın gövdəsi gidi dünya! Koğuşunda insanın həyatı pardaqlanır, hər gün, hər saat, hər dəqiqə, hər saniyə, anbaan talaşa-talaşa doğranır, doğrandıqca yenə haçalanır. Lap zirvədəki son yarpaqlar əyilib ömrün ötən günlərinə, döyənəyə çevrilib qaralmış kötüklərə həsrətlə baxır.
Zaman nələr eləyir! Müqəddəs Günəş Tanrımızın bizə bəxş etdiyi vaxt elə hey bir nöqtə ətrafında hərlənir, ömrü ovxarlayır, adamın nəfəsini kəsir, öldürür, yaradır, yenə öldürür. Hamı zamanın gərdişinə məhkumdur, ona möhtacdır, anla anın arasındadır. Sənin həyatın zaman qarşısında hesabatındır, sən onun qarşısında cavabdehsən. Bu sonsuzluq içərisində sənə bircə xoşbəxt an gərəkdir, onu zamanın cəngindən qopara bilməyibsənsə, kimdən inciməlisən?”
Nəzərləri göyün qübbəsindəki Ağ Yola dikildi. Tomris xatun gördü ki, hər bir həqiqət Ağ Yoldadır. Orada Günəşə şərik yoxdur, insanın əvvəli və sonu, Kainatın yaranışından məhvinə qədər hər şey var. Əcdadların ruhları parlaq nur çevrələri kimi bir-birinə sarmaşaraq ulduzların başına dolanır, bir-birini qərib qoymurlar. Bu anlarda oralarda övliyaların, mələklərin məclisi düzənlənib, imtahan gedir. Budur, ağappaq saqqalı kəmərinə qədər uzanan, gözlərindən nur yağan Dədə İşpakay gəlir, bütün ruhlar onun qarşısında səcdəyə enirlər. Dədə İşpakay irəli yeriyib əllərinin gözəgörünməz qüvvəsi ilə onları Ağ Yolun, ağ dumanlığın intəhasızlığında Günəşə doğru meyilləndirir.
Deməli, insan Yerdə cismən, fəzada ruhən mövcuddur, o, ən yüksək göy qatlarında da parlaqlığını itirmir, Yer üzünə sevda nuru saçır, yolları işıqlandırır.
Birdən səmanın dərinliklərindən bir ulduz iynəyə bənzər işıq buraxaraq üfüqə doğru süzdü, oraya çatmamış sönərək görünməz oldu. Tomris xatun lap uşaq vaxtlarında atası Sipərdən eşitmişdi ki, hər adam öləndə göydən bir ulduz axır. Bəlkə göylərdən hər ulduz axanda bir insan ruhu da ölür? O, daha əbədi Kainata lazım deyil? Təəssüf! Onda yəqin o ruh da öldü…
Tomris xatun öz daxilinə dönə-dönə baş vurdu, orada xeyli nəyi isə aradı, elə bu məqamda ürəyindən keçənlər, ömrün nərdivanında ötən günlər bir andaca zəncirlənib gözləri önündə qatarlandı. Və bu axından qoca türkün, ulu bir nəslin, bütöv bir ömrün hekayəti yarandı... Bu hekayət Günəşdən axan bir ilğım kimi ana torpağşn başına dolanıb zamanı dalğa-dalğa arxada qoyub əcdadlardan ərmağan surətində günümüzə gəlib çıxdı...

Tomris


İnform.az

Baxış sayı: 812