Mədəniyyət
02.02.2017 / 10:27

Bir ömrün notları

Bir ömrün notları
Solmaz Məmmədova/"Yeni Gün" qəzetinin əməkdaşı, jurnalist



(Qələm yoldaşımız Adil Ağazadəni anırıq)


Bu notlarla yarandı ürəkləri fəth edən, könülləri oxşayan şeirlər, publisistik yazılar, satira, yumorl, daha nələr, nələr...
Bəzən öz yazıları ilə müsahib olardı... Dərdini onlarla bölüşərdi. Gördüyü hər bir haqsızlıq, ədalətsilik göynədirdi onu və onda Molla Mırtımqulu ilə səyahətə çıxardı. Nikbinliyini heç vaxt itirməzdi. Jurnalistika aləmindən xəbərsizlərə səxavətlə paylanan "Qızıl qələm" mükafatıını, "Əməkdar jurnalist" və s. titulları ona verilməsə də, öz qələmini, Allahın ona verdiyi fitri istedadı hər şeydən üstün tutar, şükr edərdi.
Köşə yazıları onu qane etmirdi. İllərlə xəyalında yaşatdığı arzunu bir gün gerçək həqiqətə çevirdi. Xalqı ilə həmişə ünsiyyətdə olan, onun sevincini, kədərini özününküləşdirən bu qələm sahibi "Münasibət" qəzeti ilə geniş oxucu auditoriyasına daxil oldu. Zahirən çox ciddi görkəmi olsa da, qəlbən kövrək olan bu insanın ürək çırpıntıları, sonsuz məhəbbətlə qələmə aldığı yazıları qəzetin səhifələrini bəzədi. Təkcə bəzədimi? Yox, düşündürdü, onu əldən-ələ gəzdi! Həm də ətrafına "Münasibət"sevənləri topladı!
Baş məqaləsindən tutmuş reklam və elanlara qədər həm korrektoru, həm də redaktoru oldu jurnalist, şair Adil Ağazadə! Bir cümlənin, bir sətrin yaranmasına ürəyinin atəşini, gözünün nurunu əritdi Adil müəllim! Söz, onun üçün bir inci, sanki alınmaz qala idi.
Qondarma jurnalistlərdən fərqli olaraq o, hazırın naziri olmadı, diqtə ilə yazmadı. Maliyyə çətinliyi yaransa da, canından artıq sevdiyi qəzeti qorudu, yaşatdı, sözünü hər vaxt dedi, təqiblərə məruz qalsa da, təslim olmadı. Çünki Azəbaycan mətbuatının banisi H.B.Zərdabi məktəbindən dərs almışdı. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu idi. Müxtəlif məsul vəifələrdə çalışsa da, sevdiyi peşənin cazibəsi onu yenidən "Yeni Gün" qəzeti redaksiyasına gətirib çıxardı. "Yeni Gün" ün redaktor müavini, "Münasibət" qəzetinin isə redaktoru kimi fəaliyyət göstərdi.
Qayğıkeş ailə başçısı, vətənpərvər bir ata idi. "Vətəni sevməsən, onu qoruya bilməzsən!" - bu sözlərlə oğlu Anarı cəbhəyə yola saldı. Erməni işğalçıları ilə döyüşlərin birində qəhrəmancasına şəhid olan Anarın ölümü atanı sarsıtmadı. Əksinə, o, başını daha da dik tutdu, həyat yoldaşı Elmira xanıma təsəlli verdi, təki "Vətən sağ olsun", - dedi.
Uzun illər bir yerdə çalışdığım həmkarım Adil Ağazadə sözün əsl mənasında həssas, tələbkar, sözü hədəfə vuran, şəxsi ambisiyalardan uzaq, müstəil dövlətimizin qurulmasında, habelə qorunmasında fəal iştirak edən bir jurnalist idi. Kiçik xəbərdən tutmuş zarisovka, məqalə, oçerkə qədər yazılarını dönə-dönə oxuyar, sonra illərin şahidi olan yazı makinasını işə salardı. Barmaqlar notları xatırladan hərflərə toxunduqca, bərbəzəksiz olsa da, onun üçün ən rahat saydığı iş otağında sanki hər yazının özünə məxsus həzin, bəzən də qarışıq melodiyası ətrafa yayılardı.
Nə biləsən, bəlkə bu melodiyaların içində ölümü xatırladan bir elegiya da var idi... Amansız ölüm onun həyatına elə bu anların birində son qoydu.
Ölüm sevinməsin qoy! O, mənən yenə də bizimlədir, hər gün yeyin addımlarla redaksiyaya tələsir, çünki qəzetin növbəti nömrəsi çapa hazırlanmalıdır!
Qəbrin nurla dolsun, Adil müəllim! Rahat yat! Ömrünün notları hələ sona yetməyib! Bu notlar "Münasibət" qəzeti ilə yaşayacaq və səni yaşadacaq!

İnform.az

Baxış sayı: 221