Mədəniyyət
01.02.2017 / 14:51

Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək

Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcəkFevralın 3-də saat 15:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçiriləcək.

İnform.az teatrın mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, mərasim Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə görkəmli aktyor Hamlet Xanızadənin Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olunacaq.

Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, Hamlet Bəbir oğlu Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Hələ tələbə olarkən onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət ediblər. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçıların, dinləyicilərin, kino sevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilmişdi. O, 1982-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub.

Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb.

Görkəmli aktyorumuz Hamlet Xanızadə 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

İnform.az

Baxış sayı: 120