Baş xəbər, Mədəniyyət
01.02.2017 / 10:00

Sərsəm fironların hikkəsi, yoxsa qara qulların mədəniyyəti?

Sərsəm fironların hikkəsi, yoxsa qara qulların mədəniyyəti?Bu mövzu ətrafında sözə başlamağın özü bəzən gülünc görünür, çünki bu məsələ barəsində çox yazılıb, çox danışılıb, kifayət qədər məlumat verilib. Amma bu yazıda sözümüzün canı var: bir həqiqətdən nədənsə daima yan keçilir: ehramlar mədəniyyətinin yaradıcısı kimdir axı? Yelbeyin fironlar, yoxsa qullar?!
Gəlin, irəli gedək.
Misir ehramları Yer üzünün birinci möcüzəsi olmaqla nəhənglərin qədimi, qədimlərin nəhəngidir. Onları eramızdan əvvəl XXVII əsrin birinci yarısında firon Coserin layihəsi əsasında ucaltmağa başlamışlar. Əsrlər boyu insanları valeh edən bu abidələrin təyinatı bəllidir: ehramlar haqqında Avropaya ilkin məlumat vermiş Herodotun zamanından məlumdur ki, bunlarda Misir fironlarının, onların ailə üzvlərinin, əyanlarının mumiyalaşdırılmış cəsədləri qoyulmuşdur. Ehramlar uzun bir tarixi mərhələrdə müqəddəs varlıqlar sayılıb, onlara sitayiş edilib, qurbanlar gətirilib, fironların qüdrət rəmzi kimi qiymətləndirilib.
Lakin fantaziya və mistikanı hələlik bir kənara qoyub görək «göydələnlər» fironların sərdabələri olmaqdan başqa daha nəyəsə xidmət ediblərmi?
Bir çoxları onları doğrudan da hökmdarların xəzinəsini saxlamaq üçün seyflər, arxivlər, qədim rəsədxanalar, sərhəd qalaları, qum axınına maneə, karvansara hesab ediblər. Bir amerikalı deyib ki, ehramların düzülüşü ulduzlu səmanın bir hissəsinə uyğyn gəlir, ona görə də burada kosmosla əlaqə amili önəmlidir. Bir rusiyalı iddia edir ki, yox, mübahisə edib baş sındırmağa dəyməz, ehramlar iri sal daşlarla üzlənmiş təbii torpaq təpələrdən başqa bir şey deyildir.
İnsanları başqa tapmacalar da düşündürür. Məsələn, qədim misirlilər kompasın nə olduğunu bilmədikləri halda, hansı vasitə ilə ehramların oxlarına vahid istiqamət verərək onları heyrətamiz dəqiqliklə cəhətlərə səmtləndirə bilmişlər? Nə üçün ən böyük ehramın hündürlüyünü milyarda vuranda hasil təxminən Yerlə Günəş arasındakı məsafəyə bərabər olur və bu ehramın özülünün bir tərəfini hündürlüyünün iki mislinə böləndə «pi» ədədinin təqribi qiyməti alınır? Niyə ən yüksək ehramın parametrləri üzrə bütün müharibələrin və təbii fəlakətlərin tarixini hesablamaq olur?
Ən başlıca müəmmalardan biri də budur ki, yığcamlığına, eyni zamanda kütləsinə görə misli-bərabəri olmayan nəhəng qurğuları hansı texnologiya ilə tikmişlər? Kimi deyir, ehramlar daşdan deyil, betondandır, başqa birisi iddia edir ki, daşları telekinez metodları əsasında hava yolu ilə bir yerdən başqa yerə aparıblar. Başqa bir qism adamlar isə inandırmağa çalışırlar ki, ümumiyyətlə, ehramlar insan əllərinin, insan zəkasının məhsulu deyil, digər planetlərdən gələnlərin «işi»dir.
Hələ dəqiq məlum deyil ki, ehramların ümumi sayı nə qədər olub. Bəzi mənbələrə görə 70-dən 80-ə kimi. Bunlardan yarısı fironların arvadlarına və əyanlarına məxsus olub.
Yalnız Qizədəki ehramlar daha çox salamat qalmış, qalanları ya qumla örtülüb, ya da dağılıb.
Misirdə ilk ehramı firon Coser (eradan əvvəl XXII əsr) bina etmişdir. Coserə qədər Misirdə binalar daşdan tikilməzdi, adi yaşayış evlərini ağacdan, qamış və gildən, sarayları çiy kərpicdən tikərdilər. Coserin yarımçıq qalmış əvvəlki məqbərəsi də çiy kərpicdən idi. Bu məqbərənin inşası başa çatmağa lap az qalmış fironun ağlına gəlir ki, daşdan yenisini tiksin.
Bizə ilk ehramı düşünən şəxsin də adı məlumdur: İmxotep. O, firon Coserin dostu, həm də həkim, münəccim, kahin, yazıçı və filosof olmuşdur. Firon özü bir qədər sərsəmə bənzəsə də İmxotep beləsindən deyildi. Hiyləgər, öz işini gözə soxmağı bacaran idi, böyük məbləğdə pula işləyirdi, Coserin ehram tikdirmək təklifini ağılsız iş saymayıb. İmxotep 6 pilləli, 70 metr hündürlükdə ehram ətrafında daşdan qəsrlər kompleksi də ucaltdıb.
Coserdən 400 il sonra ən böyük vəəzəmətli ehramı «allah», yaxud «böyük allah» titulu ilə məşhur olmuş firon Xufu (yunan mənbələrində Xeops) tikdirib, misilsiz sərvəti də onunla birlikdə o dünyaya göndərilib. Təqribən beləsini Xeopsun oğlu Xafra (Xefren) bina eləyib. Qizədəki üçüncü ehram firon Menkaura (Mikerin) mənsubdur.
Yüz il bundan əvvələ kimi dünyada ən uca tikili olmuş böyük ehram doğrudan da heyrət doğurur. Onun hündürlüyü 137,3 metrdir, əvvəllər isə 146,7 metr olmuşdur. Ehramın bünövrəsinin hər bir tərəfi 230,5 metr, sahəsi 5,4 hektardır. Müqayisə üçün demək olar ki, onun daxilinə müasir kosmik raketlərdən ötrü buraxılış qurğuları asanlıqla yerləşərdi. 7 milyon tona yaxın çəkisi olan tikiliyə 2 milyon 250 min daş blok işlənmişdir ki, bunların hər birinin həcmi təqribən 1 kubmetrdir. Bu qədər daşla əhalisi 100 min olan şəhər salmaq mümkün olardı.
Alimlər hesablayıblar ki, öncə obyektdə 9500-12800 nəfər işləyib. Ehramın hündürlüyü 100 metrə çatanda burada 2000-2600, sonda isə 35-40 nəfər çalışmışdır. 5-10 min peşəkar mütəxəssis daimi işdə olub, hər il üç ay müddətinə 100 min nəfər əmək mükələfiyyətini yerinə yetirib. Başqa sözlə, o zamankı Misirin bütün əhalisinin bir faizindən çoxu ehramlarda tər tökmüşdür. Herodota görə 10 il ərzində sal daşları çəkib aparmaq üçün yonularaq üzərinə fiqurlar qazılmış hamar daşlardan 900 metr uzunluqda, eni 18 metr, ən hündür yeri 15 metr olan yol döşənib.
Kim nə deyir, desin, necə deyir, desin, bizcə reallığa uyğun versiya budur ki, təcrübəli ustalar, daşyonanlar linglərin və külünglərin vasitəsilə Nil çayının o biri sahilindəki karxanalarda iri sal daşları qopararaq, oradaca yonub, sonra papirus kanatlarla suya endirərək gəmilərlə qarşı sahilə çıxararaq maili yamacla yuxarı sürüblər.

***

Ərəblər Misiri zəbt edəndən sonra Bağdad xəlifəsi, dövrünün elmli adamı olan Əl-Məmun 831-ci ildə Xeopsun ehramına girmək qərarına gəldi. O, ehramda çoxlu sərvətin olduğunu atası Harun ər-Rəşiddən eşitmişdi. Xəlifə ehramın giriş yolunu tapa bilməyib divarı gözəyarı dəlməyi əmr etdi. Bir neçə həftəlik üzücü səylər heç bir nəticə vermədi. Divardeşən alətlərin-taranların palma ağacından düzəldilmiş tirləri davam gətirməyib sınırdı, dəmir linglər əyilirdi. Kimsə xəlifəyə təklif etdi ki, daşı yeyib-dağıdan qaynar sirkədən istifadə etsinlər. Sirkə əməliyyatından sonra üzlüklər ovulmağa başladı, əmələ gəlmiş yarıqlara yenidən taranlar sancıldı. Cəmi 200 blok sındırıldı, onlardan biri içəriyə düşdü. Dəfn kamerasına aparan Böyük Qalereyanın yolu açıldı.Bu yol aşağı kameraya gedən dəhlizə çıxırdı.Əl-Məmunun bu istiqaməti necə müəyyənləşdirməsi isə sirr olaraq qalır.
Xəlifə şəxsən özü tunelə daxil oldu. Onun arxasınca var-dövlət əsiri olan qarətçilər gəlirdilər. Onlar tezliklə dəfn kamerasına çatdılar, xəlifə tabutun qapağını qaldırmağa, bu mümkün olmadıqda onu sındırmağa göstəriş verdi. Nəhayət, mərmər qapağın künclərindən birini sındırmaq mümkün oldu. Əl-Məmun böyük həyəcanla tabuta yaxınlaşaraq çıraqla onun daxilini işıqlandırdı və yerindəcə donub qaldı: tabut bom-boş idi, deməli, xəlifəyə qədər buraya başqa macəraaxtaranlar gəlib gediblər.
Bəs qədim qarətçilər oraya necə daxil olublar?? Bu suala Amerika arxeoloqları Ralf Ellis və Mark Foster cavab verməyə çalışmış, qədim yunan coğrafiyaşünası Strabona əsaslanaraq göstərmişlər ki, xəlifənin tunelə yol açdığı tərəfdə daşla qapanmış üçbucaq şəkilli qapı olmuşdur. Bu qapı elə kip bağlanıb ki, xəlifənin adamları onu divardan seçə bilməyiblər.
Xeopsun ehramının sərvətləri barədə məlumatlara Əl-Məmunun dövrünə aid mənbələrdə rast gəlinməyib. Lakin XII əsr tarixçisi Əl-Qeysi xəlifənin «ekspedisiyasının» üzvlərindən birinin şəhadətinə əsaslanaraq yazıb ki, xəlifə heç də əliboş qayıtmayıb, ehramın içərisində insan bədəni şəklində daş tabut, onun daxilində isə kişi cəsədinin qalıqlarını aşkar edərək oradan qızıl əşyaları və daş-qaşları götürüb. Tarixçi təsdiq edirdi ki, 1117-ci ildə həmin tabutu şəxsən görüb, heykələ oxşayan tabut Qahirədəki xəlifə sarayının qarşısında dururmuş.
...Ehramlar fironların XVIII nəslinin çox qısa müddətdə hökmdarlıq etmiş nümayəndəsini - 9 yaşında taxta çıxıb, 12 yaşında evlənib, eramızdan əvvəl 1342-ci ildə ölmüş Tutanhamonu Xeopsdan heç də az məşhur etməyib. Nisbətən az nüfuzlu olmuş Tutanhamonun Qahirə muzeyində saxlanılan qızıl tabutunun çəkisi 200 kiloqramdır və zərgərlik tarixindəən iri qızıl əşya hesab olunur.
Tutanhamonun məqbərəsi ilk dəfə 25 noyabr 1922-ci ildə açılıb. Uzun illər Nil çayı sahillərində tədqiqatlar aparan arxeoloq Hovard Karter, varlı ingilis aristokratı Lord Karnarvon və onun qızı Evelina məqbərəyə daxil olaraq oradan qiymətli əşyaları götürüb aradan çıxarıblar. Nyu-Yorkdakı Metropoliten-muzeyin keçmiş direktoru Tomas Xovinq göstərmişdir ki, ABŞ-ın iri muzeylərində nümayiş etdlirilən eksponatlar arasında Tutanhamon xəzinəsindən 29 ədəd əşya olmuşdur ki, bunlar heç vaxt rəsmi Qahirə tərəfindən bu ölkəyə verilməmişdir. Onlar Nyu-York, Boston, Klivlend, Kanzas-Siti muzeylərinə Karter və Karnarvon tərəfindən satılmış və qarətçilər xeyli gəlir götürüblər.
Onu da deyirlər ki, nakam Tutanhamonun ləl-cəvahiratı qarətçi cənabların burnundan gəlib, Tutanhamon onları möhkəmcə «lənətləyib». Belə ki, Karnarvon çox keçmədən ölmüş, can verərkən elektrik xətlərində izahı bilinməyən qəza baş vermişdir. Sonra onun qardaşı, şəxsi həkimi, xidmətçisi, xəstəyə baş çəkməyə gəlmiş bir milyarder - cəmi 20 nəfərə yaxın adam fironun «qəzəbinə» tuş gəlib ölmüş, Karterin ruhu da tezliklə fironun ruhunun yanına gedib.

***

Ehramların yanında donub qalmış «baş keşikçi»- insan başlı, şir bədənli Böyük Sfinks isə öz pəncələri altında «əbədi həyat iksiri»ni mühafizə etməsinə baxmayaraq, deyəsən «xəstədir». Zaman və insanlar da ona qarşı çox amansız olublar.Misir hökmdarlarından birisi nə vaxtsa əmr edib ki, onun burnunu vurub sındırsınlar.XVIII əsrin əvvəllərində hansı yekəbaşsa topdan ona atəş açıb.Napoleon əsgərləri Sfinksin gözlərinə tüfənglərdən güllə yağdırıblar.İngilis lordları onun saqqalını qoparıb Britaniya muzeyinə aparıblar.1988-ci ilin bir yay gecəsində Sfinksin boynundan 350 kiloqram ağırlığında daş parçası qopub düşüb.
Heykəldə çatlar əmələ gəlib. Məhz bu zaman Misir hökuməti, alimlər haray qaldırdılar, YUNESKO-nun ekspertləri narahat oldular. Abidənin yanında müasir cihazlarla təchiz edilmiş laboratoriya quruldu. Misirin, Almaniyanın, Yaponiyanın, Fransanın mütəxəssisləri buraya yığıldılar. Belə bir nəticəyə gəlindi: XX əsr ərzində Sfinks 4000 ildəkindən daha çox zədələnmişdir. Bərpa üçün yüz milyonlarla dollarlıq vəsait lazım idi, bu pul isə tapılmadı.Misirlilər özləri işə girişdilər, böyük çatları doldurdular, bünövrəni möhkəmləndirdilər, bəzi fraqmentləri tapıb yerinə qoydular, ingilislərdən isə saqqalı tələb etdilər.Yaponlar təyin etdilər ki, heykəlin daşları ehramdakılardan da əvvəl işlənib. Sonra Tokio alimləri daha bir sensasiya yaydılar: Sfinksin sol pəncəsi altında, 2 metr aşağıda Xefrenin ehramına tərəf dar bir tunel gedir. Lakin burada işləri davam etdirmək mümkün olmadı.
Hidroloqların məlumatlarından aydın oldu ki, Nil çayı qədimdə çox enli olmuş, hətta Sfinksin yonulduğu qayanı dövrələyib axmışdır. Daha sonra onlar bildirdilər ki, bunlar çay axarının deyil, Ümumdünya Daşqınlarının izləridir. Əvvəlcə hadisənin tarixini 8000 il myəyyənləşdirdilər, ingilislər bu tarixi bir qədər də geriyə atdılar: 12000 il! Və göstərdilər ki, su eroziyasının izləri heykəlin oturduğu qayanın cilalanmış hissəsində də müşahidə olunur.Deməli, heykəl hələ Daşqınlardan əvvəl mövcud imiş. Beləcə, aləm qarışdı.
Son illərdə Misir arxeoloqu Zəhi Həvas Sfinksin pəncəsi altından ehramlara tərəf uzanan tunellə 29 metr aşağı düşmüş, orada dəfn kamerası aşkar edib. O, rəvayətlərdə deyilənlərlə gördüklərini tutuşduraraq belə qənaətə gəlib ki, burada qədim misirlilərin sitayiş etdikləri allah Osirisin cəsədi uyuyur, kameradakı su təmizləndikdən sonra məsələ aydınlaşacaq.
Bu yerdə, sadəcə olaraq maraq doğurduğuna görə diqqəti bəzi rəvayətlərə yönəldək.
Bir rəvayətdə deyilir ki, allah Osiris arvadı İzida ilə birlikdə Misirin o zamankı paytaxtı Abidosdakı baş məbəddə yaşayırmış. Qardaşı Set Osirisin zəkasına qısqanc münasibət bəsləyirmiş. Bir dəfə Osiris dünya səyahətində olan zaman Set saray çevrilişi edir.Osirisi tutaraq öldürürlər, tabuta qoyaraq Nil çayına atırlar.Lakin Osiris möcüzə nəticəsində dirilir və xilas olur. Set qardaşını yenidən ələ keçirərək 15 hissəyə parçalatdırır, hər tikəni bir tərəfə tullayır. İzida ərinin 14 əzasını tapıb bir yerə cəmləyə bilir.15-ci hissə olan cinsiyyət üzvü Nildə iki balıq tərəfindən yeyilir (o vaxtdan guya həmin cinsdən olan balıqlar haram sayılır). İzida Abidosa gəlir, müqəddəs məbəddə bədənin hissələrini öz yerinə qoyub cadu vasitəsilə Osirisi dirildir, onu qranit tabutda təhlükəsiz yer hesab olunan Qizəyə- ehramlar vadisinə gətirir, Sfinksin altındakı tunel vasitəsilə 7 metr dərinlikdə, Nilin səviyyəsindən metr yarım aşağıda düzəldilmiş kamerada yerləşdirir.
Başqa bir rəvayətə görə qədim Misir dövlətinin mənşəyi kosmosla bağlı imiş.Guya bir vaxtlar allahlar (bəzi məlumatlara görə Atlantidadan gələn missionerlər) Nil vadisinə odlu kürəyə oxşayan cihazda enmişlər. «Günəş gəmisi»nin rəhbəri, 9 allaha başçılıq edən Tot imiş. Onlar yerlilərləəlaqəyə girərək böyük bir şəhər salırlar, məbədlərin divarlarına təqvimlər çəkirlər, Nildə daşqınların səviyyəsini ölçmək üçün qurğu yaradırlar, əhaliyə tibb, astronomiya, riyaziyyat, əkinçilik və sairə elmlərin əsaslarını öyrədirlər.Ölkə misilsiz inkişaf yoluna düşür.Lakin əsrlər keçdikcə biliklər unudulur. Sən demə, gəlmələr bunu qabaqcadan duymuş, bir çox ixtiraların sirləri həkk olunmuş «Biliklər xəzinəsi»ni və «Əbədi həyat iksiri»ni Sfinksin bünövrəsi altında gizlətmişlər.
Digər rəvayətdə deyilir ki, allah Totun oğlu Hermesdə «Əbədi həyat iksiri» üçün xammal olan, hətta metalları qızıla çevirə bilən daş varmış. Bu söyləməyəəsaslanıb deyirlər ki, «Əbədi həyat iksiri»nin sirri olan nüsxə ehramların yanında Böyük Sfinksin altında indiyə kimi qalır və bu abidəni min illər boyu yaşadan da odur.
Çox qədim bir deyim də var: «Sfinks dilə gələndə Yerdəki həyat öz adi məhvərindən çıxacaq». Bəlkə də bu, elə həmin «Biliklər xəzinəsi»nə və «iksir»ə eyhamdır. Ancaq, yəqin ki bunlar daha heç kəsə, heç bir xalqa lazım və qismət olmayacaq. Çünki bəşəriyyət çox-çox irəliyə gedib. Bir həqiəqət var: Sfinksin içərisində soyuq daşlardan başqa heç nə yoxdur və bu qurğu insan qanına susamış müstəbidlərin tiran hüceyrələrindən və kapilyarlarından hasilə gəlmiş beyinlərinin məhsuludur. Turistlər pullarını yollara səpələyərək nə qədər gəlib-getsələr də, alimlər nə qədər baş sındırsalar da, arxeoloqlar nə qədər dəridən-qabıqdan çıxsalar da, ən nəhayət, Böyük Sfinks nə qədər ağzına su alıb sussa da, reallıq məhz bundan ibarətdir.

***

Xeopsun və digər fironların işləri barədə bilgilər elə də çox deyil.Ancaq bütün mövcud bilgiləri bir yerə cəmləyib təhlil edərək belə bir qənaətə gəlmək mümkündür ki, Xeopsun da, Xefrenin də, Menkaurun da, onlarca başqa fironun da abidələri heç bir əbədi və müqəddəs xatirənin daşıyıcısı deyildilər.İnsanların rəhmsizcəsinə istismarı sayəsində yaranan bu əsərlər birinci növbədə qədim Misir mədəniyyətinin yadigarlarıdır. Fironların adları böyük bir əsrin səhifələrində məhz belə dəbdəbəli məqbərələr tikməklə qalıb. Ölümlər, qanlar, insanların kütləvi surətdə məhv olması maddi dünyanın naz-nemətlərindən doymayaraq «əbədi həyat», «cənnət» illüziyaları ilə yaşayan əbləh və sərsəm fironları inadından döndərə bilməmişdir. Fironlara lazım idi ki, onların iradəsi minlərlə insanı hətta lüzumsuz işlərə cəlb edə bilsin, anlaya bilmirdilər ki, ölüm ən güclü hökmdardan qüdrətlidir, ölümdən sonrakı həyat da onların ixtiyarında deyil.
Ehramların ucaldılması, iş yerlərinin açılmasına, yeni texnologiyaları tətbiq etməyə imkan versə də, ümumilikdə qədim Misir dövlətinin inkişafını ləngidərək iflasa uğratdı, lakin yelbeyin fironların adlarını dövrümüzə çatdırdı.
Bu barədə minlərlə məqalə yazılıb, yüzlərlə kitab nəşr olunub. Biz burada yeni heç nə demədik, yalnız bir fikrimizi bildirmək istədik ki, tikintisi eramızdan əvvəl XVII əsrdə dayandırılmış bədheybət cisimlərə hətta şəkillərdə baxanda anormal fironların qəddarlığına, eyni zamanda insanların təkrarolunmaz mədəniyyət yaratmaq qüdrətinə heyrət edirik, istər-istəməz müasir Misirə turizmin hesabına qalaq-qalaq pul gətirən ehramları elə həmin bədbəxt insanların qüdrətinə abidə, yaradan əllərin möcüzəsi hesab etmiş oluruq. Min illər əvvəl acından, daş daşımaqdan qan qusan qulların hesabına bugünkü Misir dünyaca məşhur mədəniyyət mərkəzinə çevrilib.

Sərsəm fironların hikkəsi, yoxsa qara qulların mədəniyyəti?


Sərsəm fironların hikkəsi, yoxsa qara qulların mədəniyyəti?


Sərsəm fironların hikkəsi, yoxsa qara qulların mədəniyyəti?


Aydın Hüseynov/İnform.az

Baxış sayı: 356