Baş xəbər, Sosial
07.10.2016 / 23:53

Millət vəkili Ukraynada azərbaycanlılara qarşı olan diskriminasıya hallarından danışıb

Millət vəkili  Ukraynada azərbaycanlılara qarşı olan  diskriminasıya hallarından danışıbUkraynada rəsmi səfərdə olan Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev oktyabr ayının 6-da Kiyev şəhərində Ukrayna-Azərbaycan parlamentlarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri və üzvləri ilə görüşüb.

İnform.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən deputat Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycanın Ukraynadakı diasporunun bir qrup fəalı, Ukrayna tərəfindən isə qrupun rəhbəri Maksim Kuryaçı, üzvləri Aleksandr Jolobetski, Oleq Medunitsa, İvan Vinnik, Serqey Rudik, Nikolay Lavrik və İqor Qus iştirak edib.

Görüşdə geniş çıxış edən Rüfət Quliyev son vaxtlar Azərbaycan-Ukrayna əlaqələrinin hər sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, cari ilin iyul ayında Ukrayna Prezidenti Petro Poroşenkonun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri bu münasibətlərin geniş vüsət almasına yeni impuls verib, tarixən strateji müttəfiq olan iki dost ölkəni daha da yaxınlaşdırıb. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan həmişə Ukraynanın maraqlarını dəstəkləyib, Ukrayna da həmişə Azərbaycana dost ölkə olduğunu nümayiş etdirib.

Eyni zamanda Rüfət Quliyev ukraynalı həmkarlarının nəzərinə onu da çatdırıb ki, son vaxtlar Ukraynanın bəzi vilayət və şəhərlərində azərbaycanlılara qarşı diskriminasiya halları baş verməkdədir. O cümlədən azərbaycanlılar qətlə yetirilir, onlara qarşı soyğunçuluq halları baş verir, ermənipərəst qüvvələrin antiazərbaycan fəaliyyətləri genişlənir, bəzi ukraynalı üzdəniraq siyasətçilər Avropa ölkələrində Azərbaycana qarşı çıxışlar edirlər.

Ukrayna hüquq-mühafizə orqanları, xüsusilə daxili işlər orqanları azərbaycanlılara qarşı olan bu yaramaz hallara laqeyd münasibət bəsləyirlər. Konkret olaraq, Dnepr (keçmiş Dnepropertovsk) şəhərində yaşayıb işləyən azərbaycanlılar tez-tez zorakılıqlara, ayrıseçkiliyə məruz qalırlar. Onların tikdikləri yüksəkmərtəbəli binalar, obyektlər zorakılıqla əllərindən alınır, məhkəmələr isə qeyri-obyektiv qərarlar çıxarır və məhkəmənin ertəsi günü də notarius tərəfindən bu mülklər qeyri-qanuni sahiblərinin adına rəsmiləşdirilir. Dəfələrlə müxtəlif instansiyalara müraciətlər olunsa da, heç bir instansiya təsirli tədbir görmür.

Deputat qeyd edib ki, belə hallar iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirə bilər və onların qarşısı qətiyyətlə alınmalıdır. İşçi qrupun üzvləri də belə münasibətlərə göz yummamalıdırlar.

Görüşdə çıxış edən ukraynalı deputatlar bildiriblər ki, onlar azərbaycanlılara qarşı olan xoşagəlməz münasibətlərə qarşı fəal mübarizə aparacaqlar, günahkarların cəzalandırılması və bütün mümkün tədbirlərin görülməsi üçün parlament səviyyəsində əllərindən gələni edəcəklər. Həmçinin onlar belə növbəti görüşün Bakıda keçirilməsi istəyini də bildiriblər.

Sonra deputat Rüfət Quliyev səmimi qəbul və görüş üçün ukraynalı həmkarlarına təşəkkür edib və ümidvar olduğunu bildirib ki, bütün qeyd olunan neqativ hallar aradan qaldırılacaq və Azərbaycan-Ukrayna münasibətləri həm siyasi, həm də iqtisadi sahədə yeni çalarlar alacaq.

İnform.az

Baxış sayı: 227