Şərhlər
06.10.2016 / 11:47

"İ" üçbucağı

"İ" üçbucağı
Ayşən Quluzadə

Mənə görə həyat üç “İ” dən ibarətdir:istək, inam, iradə.Həyat mənə görə, boş – boş şeylərdən ibarət böyük bir məqsəddən başqa bir şey deyil. Boş deyirəm, çünki nəyi istəyib əldə etsək, sonra önəmsizləşir bizim üçün. Dəyərsizləşdirib gözümüzdən salırıq qazandığımızı da.

İnsanın hər zaman bir məqsədi olmalıdır. Məqsədsiz olmaq heçə bərabər olmaq deməkdir. Qarşısında məqsədi olan bir insan düşünək. O məqsədinə çatmaq üçün hər şeyə hazırdır. Nəyin bahasına olursa olsun, məqsədinin arxasınca gedəcək. Məqsədinə çatmasa bele heç nə itirmir. Ən azından cəhd edəcək, öz gücünü biləcək, bəlkə də özünə bələd olacaq. Bu, yaxşı bir şeydir əslində.

Bir də məqsədsiz bir insan düşünək. Onun həyatı cəhənnəm əzabıdır. O vecsizdir və heç nə, hec kim onun üçün önəmli deyil.
Həyatı hər kəsi, hər şeyi yola vermeklə keçir, saatları sayır , dəqiqələri güdür, guya hər dəqiqə nəsə dəyişəcəkmiş kimi. Amma nəticə budur ki, əslində heç nə dəyişmir, o passiv həyatını “canlı ölü ” kimi davam edir.

Məqsəd önəmlidir. Məqsədə çatmağın yolu mənə görə, qeyd etdiyim üç “İ ” dən keçir. Məqsəd istəkdən yaranır. Əvvəl həvəs kimi baxırsan, sonra istəyirsən. İstək, inam və iradə ilə birləşəndə isə məqsədə çevrilir.
İnam insana öz güvən verir, onu gücləndirir.İnam insanın içindəki səsdir. Ona “sən bacaracaqsan, bu işin arxasınca get”,”geri çəkilmə, qalib gələcəksən ” deyir sanki. Başladığın işdə onu bacaracağın barədə özünə güvənmirsənsə, özündən əmin deyilsənsə, ya o işi yarımçıq qoyacaqsan, ya da elə ilk başda çətinə düşən kimi geri çəkiləcəksən. İradə isə mənə görə ən vacibdir. Düşünürəm ki, iradəsi möhkəm olan insanlar sahib olmaq istədikləri hər şeyə sahibdirlər.

Əgər həyatında bu üç “İ ” vəhdət təşkil edirsə, həm çox şeyə sahibsən, həm də çox güclüsən. Demək ki, istədiyin hər şeyi əldə etməyə qadirsən. İstənilən məqsədin sənin üçün əlçatandır. Və bunu itirməməlisən, çünki bu, hər insana nəsib deyil.

Həyatın anlamı insanın məqsədidir əslində. Nə qədər məqsədin varsa, o qədər sən varsan.
Nə qədər onun arxasınca getsən, o qədər güclüsən. Və məqsədinə çatdınsa, deməli qalibsən, zirvəni fəth etmisən. Hər yaşadığının ilk sevinci gözəl və unudulmaz olur. Məqsədinə çatandan sonra da ilk dəfəki qədər həyəcanını saxlaya bilsən, daha da xoşbəxt olarsan. Amma əldə edib gözündən salandan sonra nə mənası var ki guya? Həm heyif olacaq çəkdiyin o qədər zəhmət, həm də əldə etdiyin ucuz görünəcək sənə. Amma dönüb baxsan ki, onu əldə edənə qədər nələrdən keçmisən, nələr itirmisən , görərsən ki, əslində çox şey qazanmısan. Və də ən önəmlisi, bunu bacarmısansa, daha yaxşısını da bacaracaqsan.
Yetər ki öncə özünü, daha sonra isə həmin məqsədini düzgün qiymətləndirə biləsən.

İnform.az

Baxış sayı: 277