Sosial
30.09.2016 / 15:40

Baş prokuror 117 nəfərə vəzifə verdi

Baş prokuror 117 nəfərə vəzifə verdiSentyabrın 30-da Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
İnform.az-ın məlumatına görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 117 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünə təsadüf edir.
Bildirilib ki, 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə nəticəsində işə qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 63 faizini təşkil edir. Müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssislər vəzifədə irəli çəkilib, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıblar.
Baş prokurorun müavini, Müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içiblər.
Sonda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

İnform.az

Baxış sayı: 388