Baş xəbər, Ədəbiyyat
26.09.2016 / 13:00

Özgə qapılarında ucuz ölüm

Özgə qapılarında ucuz ölüm
Aydın Hüseynov

Tula yaxınlığında, Voronka çayının sahilində 384 hektarlıq malikanədə hər şey 100 il olduğu kimi qalır. İnsanlar hələ Tolstoyun sağlığında buranı ziyarət etməyə başlamışdılar. 100 il ərzində Yasnaya Polyanaya 100-dən çox ölkədən ziyarətçilər gəlmişlər. Yolun kənarındakı birmərtəbəli binanın otaqlarından birində 255 il yaşı olan bir ingilis saatı var. Bu saat Tolstoyun doğum günü olan 28 avqust 1828-ci il tarixini yadda saxlayır, onun son gününü də sferblatına həkk etmişdir. Stol üstündə neft lampası, qlobus, adi qələm, saralmış kağızlar durur. Dəmir çarpayı, adi ağ mələfə, pərəstişkarların hədiyyələri düzülmüş stol, bəstəboy yazıçının balaca kreslosu da diqqəti cəlb edir. Divarda Çarlz Dikkensin portreti asılıb. Bütün bunlar Lev Nikolayeviçin narahat keçən həyat tərzindən xəbər verir.
1910-cu ilin payızında dünya şöhrətli yazıçı Lev Nikolayeviç Tolstoy vəfat etdi. Bütün dünyada, o cümlədən Azərbaycanda da onun xatirəsi hörmətlə yad edildi. Lakin qraf Tolstoy qraf kimi ölmədi, əldən-ayaqdan uzaq bir rus kəndində son mənzilə yollandı. Bəs, bütün Rusiyada ən iri malikanələrin sahiblərindən biri olan bu nəhəng şəxsiyyəti özgə qapılarında dünyadan köçməyə nə vadar etdi?
Yazılarından məlum olur ki, Tolstoyu həyatının son çağlarında qalmaqallar tərk etmirdi. Əvvəla, onun görüşlərindəki ziddiyyətlər yaradıcılığının lap erkən vaxtlarından mövcud idi və bunlardan cəmiyyətin müxtəlif qütbləri özlərinə sərfəli şəkildə istifadə edirdilər, onu bir növ "özününküləşdirirdilər". Lakin böyük yazıçı axır ki, qəti sözünü demişdi. O, 1907-ci il iyunun 10-da yazırdı ki, "... qeyri-bərabərlikdən, var-dövlətdən, dilənçilər mühitində həyatın izafi nemətlərindən getdikcə daha çox fiziki sarsıntı keçirirəm, bu qeyri-bərabərliyi yumşaltmaqda acizəm. Həyatımın faciəsi bundadır (tərcümələr bizimdir -müəllif)».
Çoxları, hətta hazırda planetin müxtəlif ölkələrində yaşayan 200-dən çox xələfi bilmir ki, Tolstoyun həyatındakı qalmaqallı təzadların başlıca səbəbkarlarından biri ailəsindəki münaqişələr idi. 1884-cü il aprelin 14-də o, öz gündəliklərində yazırdı: "Ailəmdə çox çətinlikdir... Mənim sözlərim heç kəsə təsir etmir... Artıq üç ildir ki, həyatdan məhrumam..." Həmin il hər şeydən təngə gəlmiş yazıçı Yasnaya Polyananı tərk etmək, sadə kənd həyatına qovuşmaq, orada xeyir qanunları ilə yaşamaq istəmişdi, o biri tərəfdən arzuladığı mənəvi azadlığı ailəsinin bədbəxtliyinə dəyişməyi günah saymışdı, var-dövlətinin, əmlakının böyük bir hissəsini ailəsinə, övladlarına (o, 13 uşaq atası idi) vəsiyyət etmişdi. Amma bu, heç kəsi qane etməmişdi, arvadı və uşaqları artıq özgələşirdilər, daha böyük tələblər qoyurdular.

Lev Nikolayeviçin həyat yoldaşı Sofya Andreyevna Bers saray həkiminin qızı idi, əvvəllər ərini sevsə də, kübar tərbiyəsi onu anlamaqda ciddi maneə olaraq qalırdı. Məkrli və hiyləgər idi, F. Dostoyevskinin "qadın hətta hər şeyi görən Allahı da aldada bilər" kəlamı sanki yalnız bu qadına aiddi. Lakin bu ailə ittifaqı lap başlanğıcdan iflasa uğramışdı. Hələ kəbin kəsilməmişdən əvvəl Tolstoy Sofyanı öz seksual uğurlarını təsvir etdiyi gündəliklərini oxumağa məcbur etmişdi. Bu gündəliklərdə nələr yox idi? Bakirəiyini yeniyetmə vaxtında bir mehmanxana xidmətçisi ilə itirmiş, sonra çarpayı önündə diz çökərək hönkür-hönkür ağlamış yazıçının məhəbbət macəraları gündəliklərdə geniş əks olunmuşdu. O, 29 noyabr 1851-ci ildə yazırdı: "Mən qadınlara heç vaxt vurulmamışam. Sevgiyə oxşayan bircə güclü hissiyatı 13, ya 14 yaşım olanda keçirtmişəm. Lakin mən bunun məhəbbət olduğuna inanmaq istəmirəm, ona görə ki, sevgilim gombul mehmanxana xidmətçisi idi... bir də ona görə ki, 13-dən 15 yaşa kimi olan dövr oğlan uşağı üçün nizamsız dövrdür".
Həyatı boyu Tolstoyun daxilində iki hiss qarşı-qırşıya mübarizə aparırdı: vicdan əzabı və seksual istək. 1849-cu ildə o, öz mülkündə Qlaşa adlı qaragöz bakirə xidmətçisini yoldan çıxarmışdı. Öncə əməlindən peşman olmuşdu, sonra demişdi: "Ba! Dünya elə belədir də: bununla hamı məşğul olur". Və bir qədər sonra daha bir xidmətçi ona təslim olmuşdu. Çox sonralar, 69 yaşı olanda Tolstoy bu qadın haqqında yazmışdı: "Dunyaşanın gözəlliyi və gəncliyi... onun güclü qadın bədəni. Bunlar harada qaldı?"
Sonra Lev Nikolayeviç öz qohumu Aleksandraya vuruldu, onu həqiqi məhəbbətlə sevsə də, bir şey alınmadı. Nəhayət, 34 yaşa çatanda Tolstoy üç il yaşadığı daha bir məşuqəsini ataraq 18 yaşlı Sofya ilə evlənməyi qərara aldı.

Təbiidir ki, gündəliklərini arvadına oxutdurmaqla yazıçı heç də pis məqsəd güdməmişdü, sadəcə istəmişdi ki, ömür yoldaşı olacaq bu qadın onun haqqında hər şeyi bilsin. Sofya isə ərini ayrı cür anlamışdı: bu adamı gələcəkdə məhəbbətin ancaq fiziki tərəfi maraqlandıracaq, əsil sevgi isə əlçatmaz olacaq. Bu səbəbdən də onların zifaf gecəsi qalmaqallı keçmişdi. Bundan iki həftə sonra Sofya yazmışdı: "Məhəbbətin fiziki təzahürü nə qədər iyrəncmiş..."
Böyük yazıçı ailə həyatının harmoniyasını "Hərb və sülh" romanında daha dolğun əks etdirmişdi. Amma o, öz ailəsində "tiran" idi: qadın öz həyatını ərinin xoşbəxtliyi üçün zəruri şəraitin yaradılmasına həsr etməlidir. "Kreyser sonatası" əsərində Tolstoy öz qəhrəmanının dili ilə göstərirdi ki, həqiqi xristian intim həyatın zövqündən uzaq olmalıdır. Lakin yeni bir uşağı olanda Sofya Andreyevna bundan şoka düşmüşdü və gündəliyində qeyd etmişdi: "Bax, bu da "Kreyser sonatası"na əsil postskriptum..." Bu hal Tolstoyun tərkdünyalıq tezisləri ilə daban-dabana ziddiyyət təşkil edirdi.

"Kreyser sonatası"nın nəşrindən yeddi il sonra Tolstoyun ailəsində yeni böhran yarandı, Sofya Andreyevna pianoçu və bəstəkar Sergey Taneyevə vuruldu. Arvadının hərəkəti yazıçıya əzab verirdi, onu hədsiz qəzəbləndirirdi və bivəfa ömür yoldaşını "konsertlərə gedən qoca qarğa", deyə danlamağa gücü çatırdı. Bir il sonra gecikmiş məhəbbət macərası çat verəndə artıq, alçaldılmış və təhqir edilmiş Tolstoyun Sofya Andreyevna ilə münaqişələri son həddə çatmışdı.
Nə vaxtsa Sofya Andreyevna çar I Aleksandrın qarşısında öyünürdü ki, onun gözəl ailəsi var və ona övladları barəsində həvəslə söhbət açırdı. Lakin övladlar heç də gözəl xislətli deyildilər, özü də ən öncə yazıçının özünün nəzərində hörmətsiz idilər. Üstəlik yazıçının öz əmlakını ailəsinə tam şəkildə vəsiyyət etməməsi nəticəsində onlar vərəsə paylarından imtina etmiş, çox keçmədən fikirlərini dəyişərək iddialarla çıxış etmişdilər. Yazıçının köməkçisi və naşiri V.Çertkovla ədəbi irsinin bütünlüklə xalqa verilməsi haqqında vəsiyyətnamə tərtib etməsi Sofyanı daha da hiddətləndirirdi. O, köhnə düşməni Çertkovdan tələb edirdi ki, yazıçının gündəliklərində onun barəsində deyilənlər ya oradan çıxarılsın, ya da dəyişdirilsin. Çertkov isə vəsiyyətə əsasən, redaktor və naşir kimi, əlyazmaları olduğu kimi mühafizə edib saxlamağa borclu idi.

Qocalıqda dünya ilə mübarizə aparmaq çətin olur, bundan kənara qaçmaq da bəşəriyyətin bioqrafiyasını yaşayan Tolstoy kimi insandan ötrü mümkün deyildi. O, Anna Kareninanın timsalında bəşəriyyətdən imdad yox, məhz başa düşülmək tələb edirdi. Onu isə doğma ailəsi belə anlamırdı. Beləcə, bir tərəfdən cəmiyyətdəki olaylar, o biri tərəfdən ailə münaqişələri ədəbiyyat nəhəngini bezdirdi. 1910-cu ilin 28 oktyabr gecəsi saqqallı qoca küləş damlı daxmanın qapısını döyərək arabaçını oyatdı, Yasnaya Polyanadakı malikanəsini tərk etdi, məkrli arvadının onu izləyib tapacağından ehtiyatlanaraq, Ostapovo stanitsasına pənah apardı və orada, özgə yurdda həyatla vidalaşdı.

Özgə qapılarında ucuz ölüm


Özgə qapılarında ucuz ölüm


Özgə qapılarında ucuz ölüm





İnfom.az

Baxış sayı: 697